“Gənc mina təlimçiləri” adlı yay düşərgəsi
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Avropa İttifaqının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” proqramı çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 01-05 iyul tarixləri arasında təşkil olunan “Gənc mina təlimçiləri” adlı yay düşərgəsinə start verilib.
Düşərgənin əsas məqsədi yeni azad edilmiş ərazilərdə uşaq və gənclər arasında mina təhlükəsini minimuma endirmək, minalara qarşı maarifləndirmə fəaliyyətlərində interaktiv yanaşmadan istifadə edərək prosesi daha da effektiv etmək, iştirakçılara öz yaradıcı istedad və bacarıqlarını kəşf etmək imkanı vermək və yay mövsümündə asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaratmaqdan ibarətdir.
Qeyd edək ki, PSTM proqramı çərçivəsində ötən ilin noyabr ayından etibarən RUGİM-in peşəkar mütəxəssisləri tərəfindən Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdədə fəaliyyət göstərən 90-a yaxın ümumtəhsil müəssisələrinin 12-17 yaş qrupundan olan 2000-ə yaxın məktəblilər üçün onlayn platformalar üzərindən mina təhlükəsizliyi bacarıqları üzrə təlimlər, həftəlik vebinarlar və maarifləndirmə dərsləri keçirilib. Düşərgədə iştirak edən 70 fəal lider təlimlərin yekununda aparılan onlayn qiymətləndirmədə yüksək nəticə göstərənlər arasından seçilib.
Yay düşərgəsinin açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəliyinin PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, ANAMA-nın Maarifləndirmə işləri şöbəsinin baş mütəxəssisi Ceyhun Quliyev, Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə salamlama nitqi ilə çıxış ediblər. Qonaqlar öz çıxışlarında uşaq və gənclərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə ilə əlaqədar müxtəlif layihələrdə fəal iştirakından məmnun qaldıqlarını və belə layihələrin onların bu sahə üzrə bilik və bacarıqlarını artırmaqda faydalı olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıblar. Rəsmi açılışdan sonra ANAMA-nın ekspertləri tərəfindən mina təhlükəsizliyi qaydaları mövzusunda təlim keçirilib.
Beş günlük yay düşərgəsi ərzində ANAMA və RUGİM-in ekspertləri və təlimçiləri tərəfindən mina təhlükəzliyi qaydaları, liderlik bacarıqları, ilk tibbi yardım, səmti müəyyənetmə mövzularında çıxışları, həmçinin interaktiv və maarifləndirici proqramlar keçirilməsi, eyni zamanda proqram çərçivəsində iştirakçıların “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzi, “Suraxanı” gəmi-muzeyi, Tusi-Bohm Palanetariuma səfərləri nəzərdə tutulur.