Şagirdlər yay tətilini faydalı keçirmək üçün nə etməlidirlər?- Psixoloqdan VACİB TÖVSİYƏLƏR
Artıq 2021-2022-ci tədris ili yekunlaşıb.
Hazırda I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə “Yay məktəbi” təşkil edilir.
Bu zaman “Yay məktəbi”ndə iştirak etməyən şagirdlər tətili necə faydalı keçirə bilər?
AzEdu.az xəbər verir ki, bu mövzuda uşaq və yeniyetmələr üzrə psixoloq E. Seda Öz Uslu şagird və valideynlərin yay tətilini necə keçirməklə bağlı planlarına diqqət çəkib:
“Şagirdlərin uzun bir tədris ili və qış mövsümündən sonra yay tətilinə çıxma sevinci çox təbiidir. Uşaqlardan yay tətilini necə keçirtmək istədikləri soruşulduqda, əksər uşaqlar “Heç bir şey etməmək, yatmaq, televizor seyr etmək, kompüter oyunları oynamaq və dostları ilə vaxt keçirmək” cavabını verirlər. Əksər valideynlərdən yay tətili ilə bağlı ən böyük problemlərinin nə olduğu soruşulduqda, "Uşaqlarım çox yatır, hər zaman televizora baxır və kompüterdə oyun oynayır və heç nə etmirlər" deyə cavab verirlər. Bu problemi həll etmək üçün ilk növbədə tətili valideynlə uşağın bərabər həm əyləncəli, həm də faydalı zaman keçirə bilmələri üçün birlikdə planlaşdırmaları məsləhətdir”.
Psxoloq bildirir ki, istirahət və əyləncə ilə yanaşı dərslərə də diqqət ayrılmalıdır:
“Uşaqlar yay tətilinin əyləncəli və səmərəli keçməsi üçün valideynlərinin köməyinə ehtiyac duyurlar. Yay tətilini planlanan zaman istirahət, səyahət etməyə və əylənməyə zaman ayırarkən, eyni zamanda dərs ili müddətində şagirdin hansı dərslərdə zəif nəticə göstərməsi, həmin dərslərin daha yaxşı mənimsənilməsi üçün tədbir görülməsinə də diqqət edilməlidir. Yay tətilini uşaqların ailələri ilə birlikdə planlamaları çox vacibdir. Əks təqdirdə sadəcə valideynlərin planladığı və ediləcəklərə qərar verdiyi tətil bir məcburiyyətdən kənara çıxa bilməz və uşağın bunları sevərək, həvəslə etməsinə mane olur”.
Planlama aparılarkən aşağıdakılara diqqət edilməlidir:
İlk növbədə şagirdlərin tətilə ehtiyacı var. Dərslərdən kənar bir müddət təqdim edilməlidir.
Yay ayları uşaqların incəsənət, idman və sosial yönlərini inkişaf etdirmək üçün bir fürsətdir.
İl ərzində şagirdin çətinlik çəkdiyi və qiymət göstəricilərinin aşağı olduğu dərslərlə məşğul olmaları üçün həftənin 3 və 5-ci günləri 2-3 saatı ayırmaq daha idealdır.
Yay tətili zamanı şagirdləri yaşlarına uyğun kitab oxumağa təşviq etmək çox vacibdir.
Kompüter və televizor qarşısında vaxt keçirməri, telefonda oyun oynamağı məhdudlaşdırmaq lazımdır.
Şagirdlər üzgüçülük, basketbol və voleybol kimi idman fəaliyyətlərinə yönəldilə bilər.
Ailə səfərləri planlaşdırıla bilər.
Yeni sinifə keçən uşaqlar tətil zamanı mövzuları təkrarlayaraq köhnə biliklərini möhkəmləndirə və yeni tədris ilinə daha uğurlu başlaya bilərlər.
O qeyd edib ki, "Tətil" ifadəsi "heç bir şey etmədən oturmaq" mənasını verməməlidir:
“Tətilin dəyəri, insan gündəlik fəaliyyətlərindən fərqli bir şey etdikdə və ya hobbilləri ilə məşğul olduqda, bədəni və beynində istirahət etdikdə aydın olur. Bu mənada uşaqların bütün tətili boş oturaraq, yatarkən televizor və ya kompüter qarşısında keçirmələrini tövsiyə etmirik.Bir tətil müddəti planlaşdırıldıqda, xoş və məhsuldar olur. Plan sizi qarşıya qoyulmuş hədəfə yaxınlaşdıracaq”.