1996-cı ildə yaradılmış və 20 illik yubileyini qeyd edən Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyi (AzETA) Avropa Azərbaycan Məktəbinin (EAS) akt zalında özünün XII Beynəlxalq konfransını keçirib.
Aztehsil.com xəbər verir ki, EAS-dan APA-ya verilən məlumata görə, müzakirələr "XXI əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləri” mövzusu ətrafında aparılıb.
Konfransda ölkənin əksər şəhər və rayonlarından 160 müəllim, məktəb direktoru, təhsil ekspertləri ilə yanaşı, altı xarici ölkələrin tanınmış təhsil mütəxəssisləri də iştirak edib. Konfransın təşkilinə Avropa Azərbaycan Məktəbi, ABŞ səfirliyi, Azərbaycan Müəllim İnkişafı Mərkəzi, British Council təşkilatı və Təhsil Nazirliyi təşkilati dəstək göstərib.
Açılış mərasimində ABŞ və Türkiyənin Azərbaycandakı səfirliklərinin, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndələri, British Council təşkilatının, Avropa Azərbaycan Məktəbinin, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin rəhbər işçiləri çıxış ediblər.
Əsas natiqlər olan Türkiyənin təhsil mütəxəssisi doktor Erdem Söylemez "XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda, Böyük Britaniyanın ingilis dili mütəxəssisi Les Kirkham isə "İngilis dilinin tədrisində fənlərarası inteqrasiya fonunda XXI əsr şagirdi” mövzusunda məruzə ediblər.
Bölmə iclaslarında Azərbaycanın müxtəlif regionlarından olan mütəxəssislərlə yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan və Türkiyədən olan 27 təhsil mütəxəssisi konfransın əsas mövzusu ətrafında təqdimatlar vermiş, konfrans iştirakçıları maraqlı müzakirələr və fikir mübadiləsi aparıblar.
AzETA 1996-cı ildə təsis edilmiş və rəsmi qeydiyyatdan keçib. Təşkilatın Baş ofisi Bakı Slavyan Universitetində yerləşir. Təşkilatın Bərdə, Gəncə, Göygöl, İsmayıllı, Lənkəran, Mingəçevir, Şəki, Şirvan və Xaçmazda filialları fəaliyyət göstərir. Təşkilat öz sıralarında 2000-dən çox ali və orta məktəb müəllimini birləşdirir. AzETA Böyük Britaniyanın IATEFL və ABŞ-ın TESOL təşkilatlarının üzvüdür.