“ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” Respublika rəsm müsabiqəsinin təltifetmə mərasimi keçirilib
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı ilə həyata keçirilən “ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” Respublika rəsm müsabiqəsinin 4 aprel 2022-ci il tarixində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində təltifetmə mərasimi baş tutub.
Müsabiqənin final mərhələsi 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününün qeyd edilməsinə həsr olunub. BMT Baş Assambleyasının qətnaməsi ilə 2005-ci ildən etibarən hər il qeyd olunan 4 aprel tarixində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü diqqəti ilk növbədə mülki əhalinin təhlükəsizliyinə, həmçinin minalanmış ərazilərdə iqtisadi, sosial təsirlərin aradan qaldırılmasına yönəldir.
Tədbirin rəsmi hissəsində UNICEF–in Azərbaycanda təhsil üzrə mütəxəssisi Leyla Həsənova, ANAMA-nın Maarifləndirmə işləri şöbəsinin baş mütəxəssisi Ceyhun Quliyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Silahların çirklənməsi proqramı üzrə koordinator Bishnu Mahat, Beynəlxalq Qızıl Xaç Komitəsinin Silahların yaratdığı təhlükə məsələləri ilə bağlı şöbənin əməkdaşı Rövşən Hümbətov, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edib.
“ANAMA-nın istehkamçı robotu qəhrəmanını yarat” Respublika rəsm müsabiqəsinin təltifetmə mərasimində RUGİM-in “Qavaldaş” nağara ritm qrupu “Qarabağ” kompozisiyası ilə çıxış edib.
Rəsmi qonaqların və müsabiqə qaliblərinin iştirakı ilə keçirilən tədbirdə 6-11 yaş qrupu üzrə məktəblilər arasından qəbul olunan 250-dən çox rəsm işinin arasından I yerə Kövsər Qurban (Bakı şəhəri), II yerə Abbasova Nuray (Bakı şəhəri), III yerə Əhmədzadə Nərmin (Bakı şəhəri) layiq görülüblər və fərqlənən digər 20 iştirakçıya hədiyyə və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, I yerə layiq görülən iştirakçının peşəkar dizayner tərəfindən “ANAMA-nın istehkamçı robotunun pilot nümunəsinin oyuncaq prototipi və maskotunun hazırlanması nəzərdə tutulur.