AzTehsil.com


Xəbərlər
20 mart 2022
1 062


Bu gün Novruz bayramıdır




Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.


Bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi ikinci Novruz bayramıdır.

Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq ikinci dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı ötən il olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.


Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də saat 19:33:23-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.


Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.


Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.


Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.


Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.


Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.




Загрузка...