Müəllimlərin işə qəbulunda yeni qaydalar: Nələr dəyişdi? - TƏHLİL
Xəbər verdiyimiz kimi Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib. Yeni qaydalar əsasən müsabiqənin test mərhələsinə aiddir.
Yeni qaydalara əsasən, işə qəbul müsabiqəsində test imtahanında sualların cavablandırılması üçün vaxt 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılıb. Bu dəyişikliyin əsas səbəbi kimi test müsabiqəsində ayrılan vaxtın sualların cavablandırılması üçün kifayət etməməsi göstərilir. Bununla da müəllimlərin işə qəbul imtahanının test müsabiqəsində iştirak edənlər sualların cavablandırılması üçün əlavə vaxt qazanırlar.
Test imtahanında sualların sayında heç bir dəyişiklik nəzərdə tutulmayıb. Yəni, imtahanda əvvəlki kimi 60 sual təqdim olunacaq, lakin sualların qiymətləndirilməsi fərqli olacaq. Sualların əvvəlki qaydalara nisbətən çətin olacağı da ehtimal az deyil. Çünki artıq ötən il MİQ imtahanında iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı rekord həddə çatmışdı. Bu isə test müsabiqəsində test tapşırıqlarının sadə formada olması ilə bağlı idi.
Belə ki, əvvəlki qaydaya görə, hər bir sualın cavablandırılması 1 balla hesablanırdı.
Dəyişikliyə əsasən hər ixtisas sualına 2 bal, metodikaya 1 bal veriləcək. Bununla da imtahanda iştirak edənlər maksimum 60 yox, 100 bal toplaya biləcəklər. Səhv cavablandırılmış 4 testin cavabına görə isə 1 düzgün cavab silinəcək. Qeyd edək ki, hazırkı qaydaya görə də 40 ixtisas, 20 metodika üzrə suallar olacaq.
Bununla da, bu dəyişikliklər fonunda müəllimlərin işə qəbul imtahanında ixtisas üzrə yoxlama suallarının 1 bal artırılması müəllimlərin peşə biliyinin adekvat şəkildə qiymətləndirilməsini təmin edəcəyini deyə bilərik.
Bununla yanaşı, müəllimlərin işə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsində də müəyyən dəyişiklik olacaq.
Bu dəyişikliyin müsbət tərəfi isə seçim zamanı ilk olaraq şəhid ailəsi üzvlərinə, daha sonra digər namizədlərə üstünlük veriləcəyidir.
Digər dəyişiklik müəllimlərin yerdəyişməsi (müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi) ilə bağlıdır.
Bu qayda ilə də Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi MİQ vasitəsilə həyata keçiriləcək. Burada əsas məqam kimi vurğulamaq lazımdır, yer dəyişmə zamanı namizədlərin seçim etdiyi ərazilər sırasında Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu çoxluq təşkil edirdi. Yeni qayda ilə bunun qarşısı alınacaq və yerdəyişmə ölkə üzrə ümumi təhsil müəssisələrində tələbə əsasən tənzimlənəcək.
Bu günə qədər isə mövcud qaydalara əsasən, bütün ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişdirməsi prosesi proqram təminatı tətbiq olunmaqla həyata keçirilirdi.
Qeyd etdiyimiz ərazilər üzrə istisna olmaqla, yerdəyişmə müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələrə əsasən aparılacaq.
Digər dəyişiklik isə budur ki, bu ildən ucqar kəndlərdə 3 ildən çox fasiləsiz işləyən müəllimlərlə bağlıdır.
Bu müəllimlərin nəticələrində ballar 1.5, 5 ildən çox işləyənlərin nəticələri isə 1,1 əmsalına vurularaq hesablanacaq. saglamolun.az