AzTehsil.com


Xəbərlər
01 may 2017
3 088


Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...



Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

 

"Müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər”...
 
(1 may akademik Mehdi Mehdizadənin anım günüdür)
 
Nobel mükafatı laureatı İosif Brodskinin belə bir sözü var: "Elə insanlar var ki, onların həyatı bir hekayəyə sığmır.” Təhsil fədaisi, fəzilətli insan, ziyalılıq etalonu, nəsillərə örnək ola biləcək bir şəxsiyyət - akademik Mehdi Mehdizadə məhz belə insanlardan idi.
 
Mehdi müəllim haqqında çox deyilib, çox yazılıb. Mən də yeri gəldikcə, məqam düşdükcə öz kiçik xatirə və təəssüratlarımı onu yaxından tanıyan dostllarım və oxucularımla bölüşmüşəm. Bununla belə mənə elə gəlir ki, nə qədər bizlər varıq, təhsilimizin tarixi, səlnaməsi vərəqlənəcək Mehdi müəllim haqqında xatirə və təəssüratlar da bitmək bilməyəcək. Belə xatirələrdən biri də mənim ilk karyera fəaliyyətimlə bağlı olan bir hadisədir.
 
70-ci illərin əvvəlləri idi. O zamanlar institut adlanan pedaqoji universiteti yenicə bitirib şimal rayonlarımızın mərkəzdən xeyli kənar kəndlərindən birinə ixtisasım üzrə təyinat almışdım. Elə həmin il müxtəlif ixtisaslıardan olan daha bir neçə gənc müəllim də kollektivə qoşuldu. Ilk illik hesabat-seçki yığıncağındaca məni məktəbin müəllim komsomol təşkilatının katibi seçdilər. Yəqin, digərlərinə nisbətdə fəallığımı və təşkilatçılığımı nəzərə almışdılar. Digər bir üstünlüyüm də var idi ki, hələ institut illərindən partiya sıralarına daxil olmuşdum. O vaxtlar az-az tələbəyə belə yüksək etimad göstərirdilər.
 
O illərin bir növ dəb halını almış ənnənələrindən biri də hamılıqla və yekdilliklə təsərrüfatlara köməklik göstərilməsi idi. Belə bir ənənə pedaqoji kollektivlərdən də yan keçə bilməzdi. Ayrı-ayrı məktəblərdə yeniyetmələrdən ibarət "şagird-istehsalat briqadaları” yaradılırdı. Eyni zamanda "Hektarçılıq hərəkatı” geniş vüsət almışdı. Digər təşəbbüskarlarla yanaşı bir çox müəllimlər də yaxın ərazilərdə bir və ya bir neçə hektar torpaq sahəsi götürərək dərsdən sonra ailə üzvləri ilə birlikdə təsərrüfatla məşğul olurdular.
 
Növbəti illərin biri məhsul bolluğu ilə yaddşıma həkk olunub. Məhsulu yığıb-yığışdarmaq mümkün deyildi. Raykomdan belə bir göstəriş gəldi ki, məktəblərdə tədris prosesini müvəqqəti dayandırıb, şagirdləri məhsul yığımına cəlb etmək lazımdır. Çünki hamımız şahidiydik ki, kolxozçular heç cür çatdıra bilmirdilər, aramsız yağışlar isə məhsulu zay edirdi. Bu çağırışa isə ilk cavab verən, öndə gedən və digərlərinə nümunə göstərən heç şübhəsiz ki, partiyaçılar və komsomolçular olmalı idi. Bir də ki, plan tapşırıqları və sosialist öhdəliklərinin yerinə yetirilməsinə kim biganə qala bilərdi?
 
Səhərisi günü ala toranlıqda xeyli şagird və müəllimlərlə birlikdə məktəbin ərazisinə yaxın sahəyə işə çıxdıq. Qızlar şitilliklərdəki pomidor məhsulunu yığır, oğlanlar isə yeşiklərə qablaşdıraraq konserv zavoduna göndərilmək üçün maşınlara yükləyirdilər. Ağır yeşiklərə gücü və maşına yükləməyə boyu çatmayan uşaqlara tez-tez kömək etməli olurdum. Yeşiklərdən üstümə axan əzilmiş pomidor suyundan açıq rəngli köynəyim sanki al qana boyanmışdı.
 
İşin qızğın çağında sahəyə "Niva” markalı bir maşın daxil oldu. Bir az yana çəkilib maşına yol verdik. Maşından düşən 4 nəfər aramlı addımlarla bizə yaxınlaşdı. Dərhal hər dördünü tanıdım. Qabaqda gələn Raykomun birinci katibi, nisbətən arxadakılar isə sovxozun direktoru, maarif şöbəsinin müdiri və sahə briqadiri idi. Birinci katib də sanıram ki, məni tanımamış deyildi. Rayon komsomol komitəsi plenumunun üzvi idim, tez-tez müxtəlif aktivlərdə və digər rəsmi tədbirlərdə rastlaşırdıq. Bir də ki, İttifaq üzrə Kostroma vilayəti məktəblilərinin parta arxasında istehsalata getməklə bağlı təşəbbüslərinə ilk qoşulanlardan olduğumuzdan şəkilim və müsahibələrim bir çox ümumittifaq və respublika mətbuatında dərc olunmuşdu.
 
Katibin mənə yaxınlaşaraq zəhmli tərzdə "bəs məktəbin direktoru haradadır” sualına tərəddüd etmədən "harda olsa, indi gələr”- deyə cavab verdim. Görünür, cavabım katibi qane etmədiyindən üzünü maarif şöbəsinin müdirinə tutaraq - "təsərrüfata rəhbərlik edə bilməyən adamdan məktəbə rəhbər çıxmaz, rəhbərliyi bu cavan oğlana həvalə edin”- deyərək, sağollaşmadan belə əsəbi halda gəldiyi maşına doğru addımladı. Növbəti bürolardan birində həmin direktorun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul olundu.
 
Birinci katibin bütün səylərinə və cəhdlərinə, Mehdi müəllimlə şəxsi telefon danışıqlarına baxmayaraq Nazirlik məni direktor vəzifəsinə təsdiq etmədi. Yeganə təsəllim isə ondan ibarət oldu ki, mənim adımı ehtiyat kadrlar siyahısına daxil etdilər. Çünki, mövcud təlimata əsasən bu vəzifəyə təsdiqlənməyim üçün cəmi üç ayım çatmırdı. Üç ay isə mənə daha üç ilə başa gəldi. Bu müddət ərzində aspiranturanı bitirib, daha yüksək vəzifələrə təyinat aldım, hətta bir neçə il Mehdi müəllimin rəhbərliyi altında işləmək də mənə nəsib oldu.
 
Bəlii, Mehdi müəllim sözün bütün mənalarında əsl müəllim idi. O həm öyrədirdi, həm də ondan öyrənirdilər. Mənim vəzifəyə ilk təyinatımı əngəlləsə də düzlüyün, doğruçuluğun, qanunçuluğun, prinsipiallığın, xalqına, təhsilimizə qəlbən bağlılığın nə olduğunu, ictimai mənafeyin şəxsi maraqlardan üstün tutulmasının nümunəsini ilk olaraq Mehdi müəllimdən əxz etdim. Mərhum professorumuz Əbdül Əlizadənin təbirincə desək, "Mehdi müəllim ömrünün son günlərinədək haqqa, ədalətə, sadiq qaldı. Haqqın, ədalətın carçısı oldu. Bu ali insani keyfiyyətlər onun canına, qanına hopmuşdu”.
 
Bu gün təhsildə demokratikləşmənın, humanistləşmənın, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənın, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə,onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzərı irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Mənəviyyata söykənən bu keyfiyyətlərsiz isə təhsil sahəsində aparılan istənılən islahatlar əhəmiyyətsiz qalacaq.
 
Nadir İsrafilov(moderator.az)



Загрузка...