AzTehsil.com


Xəbərlər
29 aprel 2017
3 139


Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq



Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

 

Azərbaycanda ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınacaq.
 
Aztehsil.com xəbər verir ki, Nazirlər Kabinetindən trend-ə verilən məlumata görə, bununla bağlı "Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarında dəyişikliklər edilib.
 
Bu qərarla Azərbaycanda ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyətinin təşkili üçün maliyyələşdirmə yolları dəyişdirilib.
 
Yeni dəyişikliyə əsasən, ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.
 
İndiyədək isə elmi-tədqiqatların maliyyələşdirilməsi və elm-istehsalat fəaliyyəti ali təhsil müəssisəsinin tabe olduğu nazirlik (idarə) tərəfindən fundamental və axtarış elmi-tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait, təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən alınan vəsait, ali təhsil müəssisəsinin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait hesabına həyata keçirilirdi.
 
Bundan başqa, elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və "Elm haqqında” qanununa uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdirlər.
 
Əsasnamənin indiyədək mövcud olan varinatına görə isə ali təhsil müəssisələri, Azərbaycan Elmlər Akademiyasının elmi təşkilatları, başqa ali təhsil müəssisələri, sahə nazirliklərinin müəssisə, təşkilat və idarələri ilə müxtəlif təşkilati formalarda, o cümlədən sahələrarası komplekslər, müvəqqəti yaradıcı kollektivlər, tədris-elmi istehsal komplekslərində müqavilələr əsasında birgə tədqiqatlar aparırlar.
 
Yeni qərarla elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi "Elm haqqında” qanuna uyğun olaraq, dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçiriləcək.



Загрузка...