Ramiz Mehdiyev işə silahlı adamlarla gəlir – Misir Mərdanov
“AMEA-da bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb”.
APA TV xəbər verir ki, bunu AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov deyib.
“Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb. AMEA-nın necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib. Heç bir zərurət olmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə Nazirliyinin funksiyasını öz üzərinə götürərək AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirib”, – deyə Misir Mərdanov deyib.
Misir Mərdanov AMEA-nın mərkəzi aparatına elmlə heç bir əlaqəsi olmayan və cəmiyyətdə “Ramiz Mehdiyevin kadrları” hesab edilən çoxsaylı şəxslərin işə qəbul edildiyini də diqqətə çatdırıb:
“Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur”.
İnstitut direktorunun sözlərinə görə, AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla manat dövlət vəsaiti hesabına Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulub. Hətta üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılıb.
Misir Mərdanov sonda mövcud problemlərin həllində Ramiz Mehdiyevin bu vəzifədən getməsini yeganə çıxış yolu kimi gördüyünü də qeyd edib.