Təhsil Nazirliyi: Qış tətili dövründə tələbələrin köçürülməsi həyata keçirilməyəcək
2021-2022-ci tədris ili iki həftə gec (29.09.2021) başladığından tədris materiallarının mənimsənilməsi və imtahan sessiyasının təşkili, eləcə də bununla bağlı sənədləşmə işləri əlavə vaxt tələb edir. 2021-2022-ci tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrinin olmaması məqsədilə qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari tədris ilinin qış tətili dövründə tələbələrin bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə ənənəvi qaydada baxılacaq. Tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi və tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2021-2022-ci tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.
Eyni zamanda, köçürülmə və bərpa proseslərinin sadələşdirilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülməkdədir.
Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması məsələlərinə mövcud qanunvericiliyə əsasən qış və yay tətili müddətlərində baxılır.