İlham Əhmədov : Məktəblinin dostu onun sinif rəhbəridir.
Bir həmkar soruşdu ki, "Məktəblinin dostu" layihəsi barədə fikriniz nədir?
Dedim: Məktəblinin dostu onun sinif rəhbəridir, onun müəllimidir, məktəb psixoloqudur. Baza təhsili, heç bir pedaqoji və həyat təcrübəsi olmayan, uşaq psixologiyasını bilməyən uşaqların məktəbdə nə işi var? Onların özünə indi dost lazımdır ki, düz yol göstərsin. Desin ki, ay bala get özünə fərli sənət tap, iş tap, illərini məktəb koridorunda gizlən-paç oynamaqla, müəllimlər haqqında faktlar toplamaqla hədər yerə keçirmə. Bu işin onlara nə perspektivi ola bilər? Müəllimi nüfuzdan salmağa yönəlmiş antipedaqoji ideyadır.
Guya müəllimlər təlim tərbiyə işini məktəbdə qura bilmədilər, bu uşaqlar gəldi təhsili "ayağa qaldırdı". Görün bizim təhsil siyasəti nəyin üzərində qurulur: işaqlara təlim tərbiyə verən müəllimə dəstək verməkdənsə, müıllimin əl ayağına dolaşan yeni ştatlar yaradılır, məktəbdə müəllimə inamsızlıq yaradılır.
Tam mənasız bir təşəbbüsdür, hiss edilir ki, təhsili elə bu uşaqlar səviyyəsində bilən menecerlərin növbəti əhəmiyyətsiz innovasiyasıdır. Bundansa o pulları məktəbdə psixoloji xidmətin inkişafına yönəldərdilər, təhsildə real innovasiyalara yönəldərdilər. MD kimi "layihə"lərin nə təhsilə, nə də onun keyfiyyətinə, nə də məktəbliyə heç bir xeyri yoxdur.
Bu gün təhsilin ən böyük problemi səhv kadr siyasətidir. Hətta pedaqoji təhsili və pedaqoji stajı olmayanların məktəb direktoru təyin edilməsi barədə qərarların qəbul ediləcəyi gözlənilir. Yəni bundan sonra məktəbləri müəllimlər yox, menecerlər idarə edəcəklər. Menecerlər Təhsili idarə edib çox ağ günə çıxartdı, indi də məktəbləri ağ günə çıxardacaqlar?
Bəlkə də TN-nin baş planında gələcəkdə bu məktəblinin dostlarını məktəb direktorları təyin etmək nəzərdə tutulur ?
Niyə son 30 ildə Zahid Şöyübov kimi məktəb direktoru yaranmadı? Onun kimi direktora nə sosial işçi, nə nə MD lazım deyildi. Çünkü o hər bir məktəblinin, valideynin dostu idi. Allah Zahid müəllimə və bütün onun kimi şərəfli müəllimlərə, onlara dəyər verən M. Mehdizadə kimi nazirə rəhmət eləsin.