AzTehsil.com


Xəbərlər / Müəllim
27 dekabr 2021
1 508


Müşavir olimpiyada ilə bağlı gileyləndi




20-25 dekabr 2021-ci il tarixlərində riyaziyyat və informatika fənləri üzrə onlayn formatda Lütfi Zadə Beynəlxalq Olimpiadası keçirilib. Olimpiadaya 18 ölkədən 158 məktəbli qatılıb. Olimpiada iştirakçıları informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc medal, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş, 17 bürüc medal qazanıb. 


Azərbaycan məktəbliləri bu olimpiadada riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə isə 4 bürünc medal əldə edib. Bu ölkəmiz üçün böyük nəticədir. Təəsüf ki, bu Olimpiada və onun müsbət nəticələri haqda məlumat media və sosial şəbəkələrdə kifayət qədər işıqlandırılmadı. Axı bu təhsilimizin uğurudur, bizim şagirdlərimizin və müəllimlərimizin birgə əməyinin nəticəsidir. 


"Riyaziyyat bütün elmlərin qapısı və açarıdır" deyib Qalileo Qaliley. Həqiqətən də övladlarımızın riyazi təfəkkürünün inkişafı, bu məqsədlə beynəlxalq və milli səviyyədə tədbirlərin keçirilməsi bu fənnin daha da inkişafına xidmət edir. 18 ölkə arasında keçirilmiş yarışda əldə edilmiş 5 qızılın 3-nün məhz azərbaycanlı şagirdlər tərəfindən qazanılması böyük uğurdur. 


Uğurların davamlı olması üçün qaliblərimizi layiqli təbrik və təbliğ etməli, digər şagirdlərimizdə bununla riyaziyyat fənninə böyük maraq yarada bilməliyik. Hər hansı məktəbdə və məişət zəminində baş verən hadisələrin araşdırılması və təhlili vacib olduğu kimi, uğurların və nailiyyətlərin də dəyərləndirilməsi, nəticələrin öyrənilməsi və təbliği təhsilimizin inkişafı baxımından vacibdir.


Yekunda Olimpiadanın təşkili və keçirilməsində böyük əməyi olan həmkarları, başda Fuad Qarayev olmaqla bütün təşkilati heyəti, Olimpiadada iştirak edən bütün müəllim və şagirdlərimizi ürəkdən təbrik edirəm! Onlara bundan sonra da böyük uğurlar arzulayıram!

Elnur Nasibov











Загрузка...