A.S.Makarenko adına Gimnaziyanın şagirdləri MEK-ə ekskursiya ediblər-FOTO
A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyasının şagirdləri, həmin məktəbin “Kiçik akademiya” rəhbəri Bahar Ələkbərovanın iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.
MEK-in Biblioqrafiya şöbəsinin əməkdaşı Afət Məmmədova gimnaziyanın şagirdlərinə kitabxana haqqında məlumat verib. İlk öncə ekskursiyaya oxucuların qeydiyyatından və kataloqda kitab sifarişindən başlanılıb.
MEK-in sərgi salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, həmçinin, dahi liderin siyasi kursunu inamla inkişaf etdirən Prezident İlham Əliyevin həyat salnaməsindən və bu dövrlərdə qazanılan nailiyyətlərdən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edən dəyərli nəşrlərlə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti”, “Bura Vətəndir”, “Nizami Gəncəvi – 880”, “Mirzə İbrahimov-110” və digər mövzularda nümayiş edilən kitablarla, həmçinin MEK tərəfindən ərsəyə gələn biblioqrafik göstəricilərlə yaxından tanış olub, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereyaya baxıblar.
“Akademiklər zalı” və “Diplomatik fond”la tanışlıq zamanı, burada mütəmadi olaraq sərgilənən və dünyanın müxtəlif ölkələrinin nümayəndəlikləri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər şagirdlərdə xüsusi maraq yaradıb.
Şagirdlər Azərbaycan kitabxana sistemində bir ilk olan Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimiz haqqında məlumatların, sənədlərin, kitabların, fotoşəkillərin mühafizə edildiyi “Qarabağ müharibəsi qəhrəmanları” fondunda olublar. Fondda ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoları, 50-yə yaxın müharibə iştirakçılarının fotolarından ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, şəhid, qazi və müharibə iştirakçılarının həyat və döyüş yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.
Gimnaziyanın şagirdi Zeynəb Ələkbərli Qarabağ mövzusunda özünün müəllifi olduğu rəsm əsərini fonda hədiyyə edib.
Sonda Mərkəzi Elmi Kitabxana adından ekskursiya iştirakçılarına elmi mövzularda kitablar hədiyyə olunub.