Bakı məktəblərində koronavirusla bağlı vəziyyət necədir? - AÇIQLAMA
“Məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məsələ lokal şəkildə həll olunur”.
Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
M.Vəliyeva bildirib ki, harada ciddi problem varsa, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin yerdə ya məktəb, ya da sinif distant təhsilə keçir:
“14 gündən sonra, yəni, karantin rejimi bitdikdən sonra siniflər yenidən əyani tədrisə qaytarılır.
Bir faktı xüsusi qeyd edim ki, problem yavaş-yavaş daha yaxşı istiqamətə yönəlib”.
M.Vəliyeva bəzi məktəblərdə idman zallarının kiçik olduğundan dərslərin məktəbin həyətində keçirilməsi məsələsinə də münasibət bildirib:
“Mövcud problemlərin həlli proqramlaşdırılmış qaydada, təhlil olunmuş şəkildə həyata keçirilir.
Ardıcıl olaraq məktəblərin təmiri, infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar atılır”.