Azərbaycanda rektor və məktəb direktoru işləyən qadınların sayı açıqlanıb
Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov deyib ki, ölkədə “2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır”.
“Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında çıxış edən BMT rəsmisi bildirib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır: “Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi – Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır”. 93 qadın hakim var- E.Səfərov əlavə edib.