Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə dekabrın 26-da keçiriləcək imtahana qeydiyyat elan edilib.
DİM tərəfindən 2021-ci il dekabrın 26-da peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcəkdir.
Namizədlər 16 dekabr saat 13:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə (https://exidmet.dim.gov.az/elimt/pms2test/QeydList) daxil olub qeydiyyatdan keçə bilərlər.
İmtahanın II mərhələsi – qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır.
Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:
2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.
PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.