İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb
Təhsil İnstitutu tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb.
İnstitutdan bildirilib ki, pilot olaraq sınaqdan keçirildikdən sonra I və II siniflər üçün dərslik komplektləri cari tədris ilindən etibarən ölkə üzrə kütləvi istifadəyə verilib.
Komplektin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.
İş dəftərləri institut tərəfindən "Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib. Valideynlər və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi "Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses gündəlik monitorinq olunur.
Qeyd edək ki, "Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsinə təqdim olunan iş dəftərlərinin 32 faizi hələ də məntəqələrdə qalıb. Növbəti həftədən başlayaraq ehtiyac olan məntəqələr üzrə iş dəftərləri yenidən paylaşdırılacaq.