AzTehsil.com


Xəbərlər / Psixoloq
14 sentyabr 2021
2 742


Xaraktrer NƏDİR?



Xaraktrer NƏDİR?

 

İnsanları bir-birindən fərqləndirən, davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Yunanca "xarakter” "möhür” mənasını bildirir.

Xarakter bir növ insanın özünəməxsus davranış formasını əks etdirir. Onun ən önəmli cəhəti ondan ibarətdir ki, xarakter insanın hər cür xüsusiyyətlərini deyil, önəmli və davamlı fərdi xüsusiyyətlərinin toplusunu əks etdirir. Digər tərəfdən, xarakteri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, o həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür edir.

Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim anadan tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya ürəyiyumşaq, səliqəli və ya pinti, təvazökar və ya xudbin doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyənin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
 
İnsan xarakteri onun dünyagörüş və əqidəsi ilə sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.

Konkret insan üçün tipik olan, fəaliyyət və ünsiyyət prosesində formalaşan və özünü göstərən, tipik şəraitdə üzə çıxan və insanın bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlərin toplusuna xarakter deyilir.

Psixoloqların apardıqları araşdırmalara görə, insanın münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir:

Birinci, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanlarının fərdi özünəməxsusluğu insanın münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir.

İkincisi, hər bir tipik şəraitdə insanın özünü göstərən davranış formasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.

Xarakterin quruluşu

Həyat faktlarından göründüyü kimi, insan xarakteri çoxcəhətli xüsusiyyətlərə malikdir. İnsan xarakterində müxtəlif özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu əlamətlər bir-birindən ayrı deyil, birləşərək xarakterin vahid strukturunu yaradır.

Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə qanunauyğun şəkildə bağlıdır. Əgər insan qorxaqdırsa bu düşünməyə belə əsas verir ki, həmin insan təşəbbüskarlıq, qətiyyətinik, müstəqillik, əliaçıqlıq keyfiyyətlərinə malik ola bilməz. Eyni zamanda xaraktercə qorxaq olan insanda mütləq sünilik, yaltaqlıq, acgözlük, xəsislik, satqınlığa meyillilik əlamətləri özünü göstərəcəkdir. Lakin bu zaman həmin əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.

Xarakter əlamətləri içərisində bəziləri əsas, apancı əlamət kimi özünü göstərir. Bunlarla yanaşı olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki, onlar bir halda əsas əlamtlərə tabe olur, onlarla şərtlənir, digər halda əsas əlamətlərlə uyğunlaşa bilmir.

Xarakter əlamətləri insanın müxtəlif münasibətləri ilə müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər eyni zamanda xarakterin önəmli əlamətlərini təsnif etmək üçün əsas rol oynayır. Bu baxımdan insanın münasibətlər sistemini və xarakter əlamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

İnsanın başqa insanlara: doğma və yaxın insanlara, yoldaşlanna, tanıdığı və az tanıdığı insanlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara sədaqətlilik, prinsipiallılıq və prinsipialsızlıq, ünsiyyətlilik və qapalılıq, doğuruçuluq və yalançılıq, mərifətlilik və kobudluq, qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
İnsanın özünün özünə münasibətini bildirən xarakter əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, təcavüzkarlıq, özü haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.
Əməyə münasibətdə özünü göstərən xarakter əlamətləri. Bunlara vicdanlılıq, əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət, ciddilik və s. aid etmək olar.
İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri. Bunalara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və qayğısız münasibət və s. aid etmək olar.



Загрузка...