AzTehsil.com


Xəbərlər
14 aprel 2017
6 397


Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”



Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

 

"Bu ildən Bakı məktəblərinə I sinfə şagird qəbulu zamanı mikro-ərazi prinsipi əsas götürülür. Əminəm ki, bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”. Aztehsil.com-un apa-ya istinadən verdiyi məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
 
Onun sözlərinə görə, yaşadığı ərazidən asılı olmayaraq uşaqların hər biri tədrisə cəlb olunacaq. Məktəbə qəbul zamanı ilk növbədə Bakı şəhər sakinlərinin daimi qeydiyyatda olmalarının nəzərə alındığını deyən M.Vəliyeva qeyd edib ki, yerli sakinlərlə yanaşı ərazidə müvəqqəti yaşayan sakinlər də uşaqlarını məktəbə qəbul etdirməkdə heç bir çətinlik çəkmir: "Bakı məktəblərinin 83%-də ərazi ilə bağlı heç bir problem yoxdur. Bizim yalnız ərazi sıxlığı olan məktəblərimizdə mikroərazi prinsipi ilə bağlı problemlə qarşılaşırıq. İdarəyə hər gün çoxlu sayda ərizələr daxil olur və onlara vaxtında baxılaraq cavab verilir. Ola bilər ki, az qisim valideynlər nədənsə narazı qalsınlar. Ümumilikdə isə prosesdən narazı qalan yoxdur”.
 
M.Vəliyeva əlavə edib ki, bu gün şagird sıxlığı daha çox Binə qəsəbəsində, Binəqədi kəndi ərazisində və  Sulutəpə qəsəbəsindəki bəzi məktəblərdə müşahidə edilir. Onun sözlərinə görə, şagird sıxlığı olan ərazinin infrastrukturu təhlil edilir, sıxlıq olan məktəblərin ərazisində yeni bina, əlavə tədris korpuslarının tikilməsi və yaxud ərazidə yeni məktəbin tikintisi ilə bağlı mütəmadi olaraq idarə tərəfindən Təhsil Nazirliyinə müraciət olunur: "Bu məsələ Təhsil Nazirliyinin daimi diqqətində olan məsələdir”.
 
İdarə müdiri növbəti tədris ilindən etibarən məktəbə hazırlıq qruplarına qəbulda mikroərazi prinsipinin əsas amil kimi nəzərə alınacağını da açıqlayıb. Onun sözlərinə görə, iki növbəli məktəblərdə məktəbəhazırlıq qruplarını təşkil etmək mümkün olmayacaq: "Məktəbin həm maddi-texniki bazası, həm də kadr potensialı buna imkan verməlidir. Bu il 65 faiz uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunacağını nəzərə alaraq imkanlarımız daha da genişlənəcək və bunlardan daha səmərəli şəkildə istifadə etməyə çalışacağıq”.



Загрузка...