Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi yekunlaşır
Avqustun 26-da 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi yekunlaşır.
Namizədlər bu gün saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.
Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.