Bu möhtəşəm gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlamış, daha sonra bütün dünyaya yayılmışdır.
Bu bayramı yazıçılar, şairlər, nəşriyyatçılar, kitabxanaçılar və əlbəttə ki, oxucular qeyd edir - o şəxslər ki, kitab məhz onlar üçün yaradılır. Hermann Hesse isə belə yazır: "Əslində hər bir əsl oxucu həmişə kitabsevərdir. Axı, əgər sən bir kitabı bütün qəlbinlə sevməyi bacarırsansa, ehtimal ki, ona mülki olaraq sahib olmaq istəyəcəksən, təkrar oxumaq və əmin olmaq istəyəcəksən ki, o həmişə səninlədir və heç yerə getməyəcək".
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.
Əgər siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə ona kitab hədiyyə edin.
Ən mükəmməl seçimlərdən biri isə, ana və ya atanın uşağa nağıl oxuması olacaqdır, hansı ki, nağılla birlikdə ata-anasının diqqəti uşaq üçün bir ömür boyu xatırlanacaq anlara çevriləcəkdir. Eyni zamanda, bu cür oxumaq uşağın kitablara hörmətli münasibətini və ehtimal ki, oxumaq sevgisini artıracaq və onda savadlılıq formalaşdıracaq. Və unutmayın ki, kitabsevərlər gününün əsas vəzifələrindən biri mütaliəni populyarlaşdırmaqdır.
Mütaliə etmək, məktəb və məktəb kitabları ilə bitməyən bir xəzinədir. Ancaq məktəbdə oxuyan cahil qalar deyirlər. Özünü inkişaf etdirməyən inkişafdan qalır. "Yaş yetmiş, iş bitmiş” uydurması insanı bitirməyə yönəlmiş bir ifadədir. Elə bir tanınmış şəxs göstərə bilərsinizmi ki, "bizdən keçdi” desin və kənara çəkilsin. Böyük alimlər həm özlərini yetişdirmək, həm də yaxın-uzaq çevrələrinə faydalı olmaq üçün ömür boyu seçilmiş kitabları oxumağa davam etmişlər.
Mütaliənin və düşüncənin verdiyi gücə sahib olmaq ağlın ehtiyacıdır. Biz ya o gücə sahib olmalıyıq, ya da bir insan, ailə, təhsil sistemi, toplum və ölkə olaraq uduzmağa məhkumuq, həm də yalnız bu günləri deyil, neçə-neçə gələcək zamanları da...
Oxumaq hər bir ölkənin gələcəyi baxımdan strateji əhəmiyyət daşıyır.
Güclü mütaliə alışqanlığının bir cəmiyyətə qazandıracağı faydaları alimlər iki sinifə bölürlər: Birincisi mütaliənin insanlara qazandıracağı məntiqi inkişaf, ikincisi isə oxuyan insanın içində olduğu cəmiyyət üçün faydalı ola biləcəyi iqtisadi inkişafdır. Mütaliə alışqanlığının insanın informasiya savadlılığını artırıb artırmaması mövzusunda tədqiqatçılar arasında fikir ayrılığı olsa da böyük əksəriyyət müsbət təsir göstərdiyini düşünür. Bununla yanaşı mütaliənin insanın zehni inkişafına əhəmiyyətli təsir etməsi haqqında fikir birliyi mövcuddur. Mütaliə vərdişi insanın oxunan hadisələri düşünərək, mətndə əks olunan insan və yerləri zehinlərinə yazaraq və hadisələr arasında bağ quraraq zehnini davamlı olaraq canlı tutmasına kömək edir. Digər sözlə desək mütaliə insanın düşünməsini və zehninin məşq etməsini təmin edən bir vasitədir.
Cəmiyyətdə fərdlərin mütaliə alışqanlığı əldə etməsinə təsir edən bir çox ünsürdən bəhs etmək olar. Bu ünsürlərə başlıca olaraq ailə, cəmiyyət, məktəb, mühit və məktəbəqədər dövrdəki təhsil aid edilə bilər. Xüsusilə diqqətli ailələr və müəllimlərin yönləndirməsi ilə uşaqlar erkən yaşda mütaliə alışqanlığı əldə etməli və bu alışqanlığın davamlı olmasına nail olunmalıdır. Bu alışqanlığın qazanılmasında ən vacib dövr əsasən bədən və ruhi dəyişikliklərin baş verdiyi uşaqlıq və gənclik dövrlərdir.
İnkişafı gələcəyə yönəlmiş uşaqların və gənclərin intellektual tələbatını inkişaf etdirmək və ödəmək, onların mütaliə marağını genişləndirmək imkanı daha çox kitabxanaçıların fəaliyyəti ilə bağlıdır. Məktəblilər hər üç yaş qrupuna daxil olan – yəni kiçik məktəbyaşlılar (I-IV siniflər), orta məktəbyaşlılar – yeniyetmələr (V-IX siniflər) və böyük məktəbyaşlılar – yetkinlik (X-XI siniflər) ən çətin oxucu qruplarıdır. Onların mütaliə maraqları hələ formalaşmadığı üçün kitabxanaya müəyyən sorğu ilə deyil, əsasən qeyri-müəyyən sorğu ilə gəlirlər. "Nəyi oxumaq, necə oxumaq və oxumaq istədiklərini necə əldə etmək” sualı qarşısında aciz qaldıqları üçün onlar savadlı, pedoqoji bacarığı olan məsləhətçiyə ehtiyac duyurlar. Onların qeyri-müəyyən sorğularını müəyyən sorğuya çevirmək, müəyyənləşən sorğunu tam və dolğun ödəmək, həm də yalnız ödəmək deyil, məktəbli oxucularda yeni-yeni sorğular yaratmaq kitabxanaçıların peşə borcudur. Kitabxanaçıların bu sahədə səmərəli fəaliyyəti sözün həqiqi mənasında millətin gələcək taleyi üçün olduqca xeyirxah əməldir.
Amerika Birləşmiş Ştatlarında uşaqların və gənclərin mütaliəsinə rəhbərlik işi ilə əlaqədar ailə, məktəb və kitabxanaların əlbir fəaliyyəti üzrə model fəaliyyət göstərir ki, həmin model bir sıra Avropa ölkələrində və Yaponiyada da tətbiq edilməyə başlamışdır. Bu modelə əsasən Amerikada uşaqlar dörd yaşından valideynlərinin şəxsiyyət vəsiqəsi ilə kitabxanalara oxucu kimi qəbul edilir. Onlara oxucu vəsiqəsi verilir. Həmin vəsiqələr ölkədə "uşaqlar üçün mühüm hədiyyə” kimi qiymətləndirilir. Dörd yaşlı uşaqlar altı yaşına qədər gələcəyin məktəblisi kimi hazırlanır. Valideynlərin və yeri gəldikcə müvafiq sahə üzrə müəllimlərin də iştirakı ilə kitabxanaçılar uşaqlara oxumaq, yazmaq və kitablarla davranmaq vərdişləri aşılayırlar. Altı yaşında hər bir uşağın məktəbə şagird kimi qəbul edilməsi üçün oxucusu olduğu kitabxanadan rəsmi sənəd qəbul edilir. Əlbəttə, bu sahədə qarşıya qoyulan vəzifələrin lazımınca yerinə yetirilməsi işində kitabxanaların imkanları böyükdür. Belə ki, kitabxanalarda uşaqların mütaliə xüsusiyyətlərini yaxşı bilən, onların mütaliəsini pedoqoji baxımdan istiqamətləndirən və mütaliə maraqlarını inkişaf etdirməyi bacaran mütəxəssis kitabxanaçılar çalışır, eyni zamanda kitabxanalarda məktəblinin hər üç yaş qrupu üzrə mütaliə sorğularını ödəməyə imkan verən müvafiq kitab fondu və məlumat aparatı mövcuddur.
İnkişafı gələcəyə yönəlmiş uşaqların və gənclərin intellektual tələbatını inkişaf etdirmək və ödəmək, onların mütaliə marağını genişləndirmək imkanı daha çox kitabxanaçıların fəaliyyəti ilə bağlıdır. Digər ölkələrdə olduğu kimi Respublikamızda da uşaq və gənc oxucularla işləməyi bacaran mütəxəssis kitabxanaçı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır.
Ölkənin sayılıb seçilən, nüfuzlü kitabxanaları sırasında yer alan AMEA Mərkəzi Elmi Kitabxanasında da bu gün öz işinin peşəkarı olan, oxucuya kitabları sevdirməyi bacaran kitabxanaçı kadrlar çalışır.
Bütövlükdə cəmiyyətin gələcəyi ilə əlaqədar kitabxanaların mahiyyətini dərindən açmaq üçün Amerika yazıçısı Nil Qeymanın sözləri maraqlıdır. "Kitabxanalar – bu azadlıqdır, oxumaq azadlığı, ünsiyyət azadlığı. Bu təhsildir (biz 81 məktəbi və unuversiteti qurtarsaq da heç vaxt bitməyən), bu səmərəli asudə vaxt üçün sığınacaqdır və informasiyaya çıxışdır... Kitablar - ölülərlə ünsiyyət vasitəsidir. Bu artıq bizim aramızda olmayanlardan öyrənmək vasitəsidir. İnsanlıq özünü yaradıb, inkişaf etdirib, inkişaf etdirdiyi, ancaq həmişə yaddaşında saxlaya bilmədiyi bilikləri növlərə ayırıb. Elə nağıllar var ki, onların yaşı bir çox ölkələrin yaşından çoxdur. O nağıllar ki, ilk danışıldıqları mədəniyyət və divarlardan çox yaşayıblar.
Əgər siz kitabxanaları qiymətləndirmirsinizsə, deməli siz informasiyanı, mədəniyyəti və müdrikliyi qiymətləndirmirsiniz. Siz keçmişin səsini batırır, gələcəyə isə zərər verirsiniz. Biz öz uşaqlarımıza ucadan oxumalıyıq. Uşaqlara onları sevindirəcək kitabları oxumalıyıq. Onlara artıq bizim oxumaqdan yorulduğumuz tarixi danışmalıyıq. Müxtəlif səslərlə oxumalıyıq, onları maraqlandırmalı və ancaq özləri mütaliəni öyrəndikdən sonra oxumağı dayandırmalıyıq”.
Səyyarə Məmmədova
AMEA Mərkəzi Elmi Kitabxana İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri