BDU-da rektor müşavirini bıçaqlayan şəxs HƏBS EDİLDİ
Bakı Dövlət Universitetində rektor müşavirini və komendantı bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən İsmixan Mirzəyev barəsində dörd ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
Xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
İ.Mirzəyev barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.