AzTehsil.com


Xəbərlər
06 aprel 2017
3 494


DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək



DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da Azərbaycan dilindən (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahan keçirəcək.
 
DİM-dən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. 
 
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. Bu imtahanda "Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda "qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
 
İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 2991 nəfəri oğlan, 3160 nəfəri qızdır.  5814 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 337 nəfər isə əvvəlki illərin məzunudur. Bakı şəhərində 4088 , Naxçıvanda 24 , Gəncədə 578, Sumqayıtda 363, Şəkidə 278, Bərdədə 135, Göyçayda 131, Şirvanda 92, Lənkəranda 117, Xaçmazda isə 345 abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 457 nəzarətçi-müəllim ayrılıb. 
 
DİM-in məlumatında qeyd edilib ki, aprelin 9-da magistraturaya və rezidenturaya qəbul imtahanının I mərhələsi də keçiriləcək. Hər bir namizəd imtahanlara gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədləri arasında uyğunsuzluq olan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
 
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aprelin 8-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.



Загрузка...