İyunun 15-də ümumtəhsil müəssisələrində tədris başa çatsa da, bu dəfə Azərbaycanda məktəblər həmin tarixdən bağlanmayacaq. Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan yay məktəblərinə start veriləcək.
Qırx dörd faiz yay məktəbinin təşkilinə "hə” deyib?
Qeyd edək ki, Təhsil Nazirliyi yay məktəblərinin təşkili ilə bağlı qərarı keçirilmiş sorğu əsasında verib. Təhsil naziri Emin Əmrullayev bildirib ki, sorğu nəticəsində 44% respondent yay məktəbinin təşkilinə müsbət rəy verib. Nazir deyib ki, bu I-IX siniflərdə təhsil alan təqribən 1,350,000 şagirddən 600,000 nəfərinin valideyninin övladlarının iyun ayının ikinci yarısında əlavə təhsil almasını dəstəkləməsi deməkdir: "Hətta sorğuda mümkün xətaları nəzərə alsaq, bu say 500,000-nə (yarım milyon) yaxındır. Təhsil Nazirliyi olaraq yüz minlərlə şagirdimizin öyrənməsini təmin etmək bizim əsas vəzifəmizdir. Hər hansı səbəbdən bu təşəbbüsə qoşulmaq istəməyən valideynlərin seçimini də anlayışla qarşılayırıq. Xatırlatmaq istərdim ki, yay məktəbləri könüllü və ödənişsiz əsasda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq təşkil ediləcək”.
Yay məktəbləri necə olacaq?
Nazirlikdən bildirdilər ki, şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə "itirilmiş öyrənmə”ni bərpa etmək üçün digər təşəbbüslər də olacaq.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, yay məktəbində dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər. O qeyd edib ki, iki həftəlik yay məktəbi bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: "Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəbdənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.
V.Yaqublu əlavə edib ki, yay məktəbinin təşkili bütün məktəblər üçün keçərlidir: "Bir dərs müddəti 45 dəqiqə olacaq. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək”.
Bəs görəsən, Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri şagirdlər üçün faydalı olacaqmı? Əslində yay məktəbləri necə təşkil edilməlidir? Sputnik Azərbaycan valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb.
"İki həftəyə uşaq nə öyrənəcək” deyənlərə cavab…
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik-ə açıqlamasında bildirib ki, nazirliyin yay məktəblərinin təşkili ilə bağlı qərarı alqışlanmalıdır. Ekspert deyir ki, xüsusilə pandemiya dövründə yay məktəblərinin keçirilməsi zəruridir: "Məsafədən təhsil zamanı bir çox boşluqlar yarandı. Dərslər gah distant, gah əyani, gah da hibrid keçirildi. Təhsil Nazirliyi bu boşluğu aradan qaldırmaq üçün tədbirlər həyata keçirir. Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də yay məktəblərinin təşkilidir. Bəzən sosial şəbəkələrdə yay məktəbləri keçirilməmiş onun faydasız olacağı barədə şərhlərə rast gəlirik. Amma bu doğru fikir deyil. Yay məktəblərinin şagirdlərə heç bir ziyanı yoxdur. Əksinə, yay məktəblərinin təşkilinin şagirdlərin biliyinin zənginləşdirilməsi baxımından faydası var. Üstəlik yay məktəbləri ödənişsiz və könüllüdür”.
N.İsrafilov bildirir ki, yay məktəblərinin müddətinin iki həftə olması, bu müddətdə şagirdlərin lazımi bilik əldə edə bilməyəcəyi barədə mülahizələr də əsassızdır. Ekspert deyir ki, iki həftə öyrənmək bilik əldə etmək üçün elə də az müddət deyil. Onun sözlərinə görə, yay məktəbləri iki həftə uşaqların vaxtının səmərəli keçməsinə imkan yaradacaq.
Yay məktəbləri yay düşərgələri ilə əvəzlənə bilər
Həmsöhbətimiz bildirir ki, yay məktəbləri təcrübəsi sovet dövründə də olub. Onun sözlərinə görə, sovet dövründə yay düşərgələri məktəblilərin tətil müddətində asudə vaxtının səmərəli keçirilməsi baxımından əhəmiyyət daşıyıb: "Sovet dövründə hər rayonun təhsil şöbəsinin öz düşərgəsi vardı. Rayonlarda olan bu düşərgələrdə şagirdlər yay tətili müddətində hər öyrənir, həmçinin də dincəlirdilər. Nəzərə almaq lazımdır ki, məktəbin funksiyası yalnız bilik öyrətmək deyil. Məktəblilərin şəxsiyyət kimi formalaşması, onların özlərinə dost tapması, asudə vaxtının təşkil edilməsi baxımından da məktəblərin üzərinə böyük məsuliyyət düşür. Yay məktəbləri, yay düşərgələri uşaqların küçələrdə nəzarətsiz dolaşmasının qarşısını alır. Onları pis vərdişlərdən yayındırır. Təhsil Nazirliyinin təşkil edəcəyi yay məktəbləri tam olaraq bu funksiyaları yerinə yetirməyə hədəflənməsə də, ümumilikdə pandemiyanın təhsilə təsirini azaltmaq baxımından faydalı olacaq.
Ekspert deyir ki, pandemiya dövründə təşkil olunmuş yay məktəbləri bundan sonra ənənə halını ala bilər. Yay məktəbləri gələcəkdə yay düşərgələrinin geniş miqyasda həyata keçirilməsinə stimul verə bilər.
Yay məktəbləri keçirilsin, amma formal yox!
Təhsil üzrə ekspert Kamran Əsədov da yay məktəblərinin pandemiya dövründə təşkilini vacib hesab edir. K.Əsədov deyir ki, pandemiya dövründə təhsildə fasilələr, təhsilin formasının tez-tez dəyişməsi şagirdlərə bir il ərzində lazımi bilikləri əldə etməyə imkan verməyib. Ekspert deyir ki, yay məktəblərinin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradacaq: "Müəyyən fənlər vardı ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. Yay məktəblərində həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər. Sorğuda 44 faizin yay məktəblərinin keçirilməsinə müsbət rəy verməsi də onu göstərir ki, valideynlər bu dərslərin keçirilməsini istəyir.
Ekspert bildirir ki, yay məktəblərinin keyfiyyətli olması müəllimlərdən asılı olacaq.
"Əgər onlar şagirdlərdə yay məktəbinə maraq oyada biləcəklərsə, məktəblilər həvəslə dərslərdə iştirak edəcəklər. Yox, əgər bunu edə bilməyəcəklərsə, yay məktəbləri formal xarakter daşıyacaq”, – deyə K.Əsədov bildirir.
K.Əsədov buna görə də yay məktəbləri ilə bağlı monitorinqlər aparılmalı olduğunu söyləyir. Onun sözlərinə görə, pandemiya dövründə keçirilməyən və zəif mənimsənilən dərslərin şagirdlərə öyrədilməsi baxımından yay məktəbləri bir fürsətdir.
Müəllimləri razı salmaq lazım gələcək?
Ekspert deyir ki, yay məktəblərinin keyfiyyətli təşkili üçün müddətsiz müqavilə ilə işləyən müəllimlərə əlavə maaş verilməsinə ehtiyac yoxdur: "Orta ümumtəhsil məktəblərində müəllimlər əmək müqaviləsinə əsasən, iyulun 1-dən məzuniyyətə çıxırlar və məzuniyyət müddəti 56 gündür. Ona görə də iyunun 30-na qədər istər müddətli, istərsə də müddətsiz müqavilə əsasında çalışan müəllimlər məktəbdə olmalıdırlar. Həmin məktəbdə yay məktəbinin olub-olmamasından asılı olmayaraq bu, qüvvədədir. Yəni 30 iyuna qədər heç bir müəllim məzuniyyətə çıxmır, dərs saatına görə əmək haqqı alır və əgər ona 16-30 iyunda yay məktəbi dərsi veriləcəksə, həmin müəllim bunu yerinə yetirməlidir”, – deyə ekspert bildirir.
Onun sözlərinə görə, məktəbdə müqaviləsiz və saathesabı işləyənlərin isə iş müddəti iyunun 15-də başa çatdığı üçün həmin müəllimlər yay məktəblərinə cəlb olunarlarsa, əlavə vəsait ödənilə bilər.
Pandemiya ödənişli yay məktəblərinin təşkilinə də problem yaradıb
Qeyd edək ki, Azərbaycanda yay məktəbləri bəzi tədris kurslarının nəzdində də təşkil olunur. Təhsil Nazirliyinin ödənişsiz təşkil etdiyi yay məktəblərinin özəl tədris mərkəzlərində qiyməti 200 manatdan 3600 manatadək dəyişir. Hədəf kurslarından Sputnik Azərbaycan-a bildirdilər ki, pandemiyadan əvvəl Londonda iki həftəlik yay məktəbinin qiyməti bir şagird üçün 3600 manat təşkil edib. Qubada təşkil olunan iki həftəlik yay düşərgəsinin qiyməti 650 manat, Bakıda isə bir aylıq yay məktəblərinin qiyməti 200 manatdır. Kursun direktor müavini Elvin Əliyev deyir ki, paytaxtdan kənarda, yaxud da ölkə xaricində keçirilən yay məktəblərində əsas üstünlük şagirdlərin dil biliklərinin təkmilləşdirilməsinə yönəldilirmiş. E.Əliyev bildirir ki, hazırda pandemiyaya görə belə kamplar təşkil etmək mümkün olmadığından, kursda təhsil alan şagirdlər bir il keçdiklərini təkrar edir, gündəlik 4 saat dərs keçirilir. Bununla belə E.Əliyev şagirdlər üçün yay məktəblərinin əyləncəli olması üçün robot, kodlaşdırma ilə bağlı həftədə 90 dəqiqə dərslər keçirildiyini, kiçik yaşlarda isə yay məktəblərinin maraqlı olması üçün ekskursiyalar təşkil edidiyini söyləyir.
E.Əliyev deyir ki, yay məktəblərinin proqramı dərs proqramından fərqli olmalıdır ki, şagirdlərdə yay məktəblərində iştirak etməyə maraq oyansın. "Pandemiyadan əvvəl yay məktəblərini daha maraqlı təşkil etmək mümkün idi. Yay məktəbləri məktəb mühitindən kənarda keçirildikdə daha maraqlı olur. Çox təəssüf ki, pandemiya buna imkan vermir. Amma yay məktəbləri məktəb mühitində keçirilsə belə, proqramları uşaqların bilik əldə etməsi ilə yanaşı, əylənərək öyrənməsi, inkişaf etməsinə imkan yaratmalıdır. Yay məktəblərində uşaqlar məktəb mühitindən uzaqlaşmalıdırlar”, – deyə həmsöhbətimiz söyləyir.
Yay istirahət etmək üçündür, oxumaq üçün yox?!
Valideynlər arasında isə yay məktəblərinin təşkilinə maraq göstərən də var, buna lüzum olmadığını düşünənlər də…
Valideyn Günel Salmanova deyir ki, yayda ailəliklə Naxçıvana getdiklərindən uşaqlarını yay məktəbinə göndərməyəcək. Valideyn bildirir ki, üç övladı məktəb dövründə repetitor hazırlığına getdiyindən tətil müddətində onlara istirahət verəcək: "Uşaqlar yayı istirahətdə keçirməlidirlər ki, gələn dərs ilinə enerji yığsınlar”.
Gülnar Səfərova adlı valideyn isə deyir ki, uşaqlar yayda gün boyu oynadıqlarından dərslə maraqlanmırlar. Yay məktəblərinin keçirilməsi uşaqların gününün ən azı dörd saatını dərsə ayırmağa məcbur etdiyindən keçirilən dərsləri təkrarlamağa imkan yaranacaq.
Valideynlər yay məktəblərinin könüllü və ödənişsiz olmasından da razıdırlar. Onların sözlərinə görə, bu, valideynlərə seçim etmək imkanı yaradır. Üstəlik valideyn heç bir xərcə düşmür…