Növbəti “GRE: General Test” imtahanı keçiriləcək
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti "GRE: General Test” imtahanı aprelin 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
DİM-dən Aztehsil.com-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 08:00-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
İmtahan iştirakçısı sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və özü ilə gətirməlidir. İmtahan saat 9:00-da başlayır.
COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
"GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in internet səhifəsində tanış olmaq mümkündür.