Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2021/2022-ci tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 4 il
Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 162 AZN məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
II. SƏNƏDLƏRİN QƏBULU:
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün orta məktəbdən verilmiş arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);
– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4.5x6 sm ölçüdə;
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Məktəbə "Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nəcisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.
III. ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildirilir.
Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.
Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə Azərbaycan dilində keçirilir.
Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında qəbul edilirlər.
Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479 78-40).
Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.
Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin internet saytında yerləşdiriləcək.