İllər öncə yaddaşıma oturuşan müdrik bir deyimlə yazıma qanad verməyim heç də təsadüfi deyildir. Kimə məxsusluğunu dəqiq xatırlamasam da, mütləq bir həqiqəti özündə ehtiva etdiyinə zərrə qədər şübhə yeri saxlamır: "Müharibəni sülh, iradə və ruh yüksəkliyi hesabına udmaq olar”. O ruh, o iradə ki, sonunda sülh gətirərək Zəfər sevincini, xoşbəxtliyini bizə yaşatdı. Müzəffər Ali Baş Komandanın biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi mesajı tarixi ədalətin təntənəsinin dünyaya diqtəsi idi.
XXI əsr insanının dünyanın gözəgörünməz düşməni ilə qarşı-qarşıya dayandığı arzuolunmaz bir dönəmdə COVID-19 mübarizəsindən bizlər də kənarda dayanmadıq.
Az qala üç on ili haqlayan yurd nisgilimiz, torpaq həsrətimiz daha təhlükəli düşmən - erməni işğalçıları ilə mübarizəmizi daha önə çıxartdı.
Müqəddəs amal uğrunda Azərbaycan xalqının səfərbər və həmrəyliyi qarşısında işğalçı Ermənistanın ara verməyən təxribatları cavabsız qalmadı. Tarixi ədalətin zəfər çalmasını haqq edərək Vətən müharibəsinə qalxan məğrur xalqımız 44 günlük savaşın sonunda böyük qələbənin işığına yığışdı. Rəşadətli Ordumuzun "dəmir yumruq” zərbəsi ilə diz çökən düşmən məğlubiyyət acısını dadaraq tarixin qaranlıq küncünə sürükləndi. Ali Baş Komandanın əmri ilə Müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı Zəfər marşına çevrilərək tarixin qızıl səhifəsini bəzədi. Əzəli torpaqlarımız yağılardan təmizlənərək ərazi bütövlüyümüz tam bərpa olundu. Əzmini, iradəsini döyüş meydanına daşıyan xalqın hər bir vətəndaşı müsəlləh Əsgər olaraq Vətənin qürur günündə pay sahibinə çevrildi.
Tarixi Zəfər çalmaqla Qalib xalq kimi dünya hərb tarixində parlaq səhifə açan Azərbaycan zəngin dövlətçilik və hərb tarixini özünün ilham mənbəyinə çevrilməklə qəhrəmanlıq dastanını yazdı.
Qürur və fəxarət hisslərini yaşadığımız qələbə müjdəsi Vətən müharibəsinin son akkordlarına çevrildi. Özünü qalib kimi dünyaya təqdim etməyi haqq edən Azərbaycan Zəfərini bayram paradı ilə qarşıladı.
Tarixin çətin və mürəkkəb dönəmlərində bir çox paradların keçirildiyi məkan kimi yaddaşımıza şahidlik edən Azadlıq meydanı bu dəfə tam fərqli görkəm almışdı... Qalib dövlətin Ali Baş Komandanı Zəfər paradının sevincini və qürurunu Müzəffər xalqı ilə bölüşürdü: "Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bu gündən sonra ancaq və ancaq irəli gedəcəyik”.
Şanlı qələbəmiz ili kimi tarixdə qalacaq 2020-ci ilə yekun vuran cənab Prezident İlham Əliyev yeni hədəflər müəyyənləşdirdi. Gələcəkdə bizi böyük işlərin gözlədiyini vurğulamaqla ölkəmiz üçün yenı dövr-quruculuq, inkişaf dövrü başladığını bəyan etdi: "Bu dövr şərəfli dövr olacaqdır. Qarabağ bölgəsində cənnət yaradacağıq”.
Şanlı Zəfər! Şərəfli missiya...
Müzəffər xalq qalibiyyət tarixinin şərəfli dövrü astanasında...
Sinifi döyüş səngərinə dəyişən Vətənpərvər Azərbaycan müəllimi...
Rəşadətli Ordunun Qalib Əsgəri...
Qəhrəman, Şəhid müəllim!
Quruculuq dövrünün qürurlu insanı!
Qarabağ torpağında QARABAĞLI uşaqlara Şanlı Zəfər tarixini öyrədəcək MÜƏLLİM!
Vətən sevgisi ilə dil açan gələcəyin qurucuları Ali Baş Komandanın Qələbənin simvoluna çevrilən şüarını bir ağızdan deyəcəklər:
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Sarvan İBRAHİMOV