DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün "Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətini təqdim edirik
"Dəyərli oxucular!
Məlumdur ki, şagirdlər ümumtəhsil məktəblərində tədris proqramları – kurikulumlar və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklər əsasında təhsil alırlar.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu proqramların tətbiqi təhsilin məzmununda dəyişikliklərə və "yaddaş məktəbi”ndən "təfəkkür məktəbi”nə keçidə səbəb olmuşdur.
2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahanlarının yeni keçirilmə qaydalarını işləyib hazırlamışdır.
2017-ci ildə ilk dəfə olaraq, kurikulumların tələblərinə uyğun şəkildə IX siniflərin yekun qiymətləndirilmə (attestasiya) imtahanlarında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə təsvir edilən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izahetmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həlletmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılmışdır.
2017 – 2020-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanmışdır və bu nəticələr "Abituriyent” jurnalının 12-ci nömrəsində çap edilir və "Mənim məktəbim" (http://mekteb.edu.az) saytında yerləşdirilir.
Bundan əlavə, ölkənin hər bir rayonu üzrə bütün məktəblərin nəticələri ayrıca broşüralar şəklində nəşr edilərək hər il məktəblərə paylanır.
2020-ci ildə keçirilmiş buraxılış imtahanları bir daha təsdiq etmişdir ki, tətbiq olunan imtahan modeli kurikulumun tələblərinə və dərsliklərin məzmununa tam uyğundur.
9-cu sinif məzunları modellə artıq ümumi təhsil pilləsində təhsilalanların biliklərinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarından tanış idilər. İmtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanmışdır. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları "Abituriyent” jurnalının xüsusi buraxılışlarında və siniflər üzrə çap edilən "Yeni təh¬sil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” toplularında nəşr edilmişdir.
Jurnalın bu sayında sizə IX sinif üzrə 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunur. 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəkdir. Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır. Jurnalda həmçinin dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilmişdir (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Biz DİM-in "Abituriyent” jurnalı, rəsmi saytımız və sosial şəbəkədə səhifələrimiz vasitəsilə sizə çatdırdığı materiallarla yaxından tanış olmağınızı tövsiyə edirik. Sizi maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunmuş istənilən materialı şərh etməyə hazırıq”.
Hörmətlə,
DİM-in Direktorlar Şurasının Sədri
Məleykə Abbaszadə