AzTehsil.com


Xəbərlər
28 fevral 2017
2 896


“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”



“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

 

UNEC-in koordinatoru olduğu "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” ("Development and improvement of the University Administration on International Affairs”) adlı TEMPUS layihəsinin final konfransı keçirilib. Konfransda tərəfdaş ölkələrin təhsil nazirliyi və universitetlərinin nümayəndələri iştirak edib.
 
TEMPUS proqramının əsas hədəfi ali təhsil sahəsində Avropa İttifaqının aparıcı ölkələrinin müsbət təcrübəsinin tərəfdaş ölkələrə gətirilməsi və həmin ölkələrin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir. UNEC TEMPUS proqramının koordinator qismində qalibi olaraq, Avropa Komissiyasının qrantını əldə edib.
 
Layihənin məqsədi tərəfdaş universitetlərdə Avropa təcrübəsinə və milli inkişaf ənənələrinə əsaslanan optimal, çevik beynəlxalq əlaqələr mexanizminin formalaşmasıdır. Həmçinin konkret missiyanın müəyyən edilməsi, çoxmilli tələbə və müəllim heyətini cəlb etməklə tərəfdaş universitetlərdə beynəlxalq təhsil mühitinin yaradılmasıdır. Eləcə də tərəfdaş universitetlərin qlobal əlaqələrə malik ali təhsil müəssisələrinə çevrilməsi, regional qlobal universitet şəbəkələrinə qoşulmaları üçün təşviq edilməsi və beynəlxalq reytinq siyahılarına daxil olmasıdır.
 
Konfransda layihənin fəaliyyət planına əsasən, üç il ərzində görülən işlərin yekun hesabatı dinlənilib. Tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti təhlil edilib.
 
UNEC rektoru, professor Ədalət Muradov Avropa Komissiyasının bu tipli layihələrdə iştirakının universitetlər üçün mühüm əhəmiyyət kəsb etməsindən danışıb. Layihənin həyata keçirilməsində Təhsil Nazirliyinin xüsusi rolunu vurğulayıb. Tərəfdaş universitetlər arasında digər istiqamətlərdə də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Beynəlxalq əlaqələrin müasir universitetlər üçün əhəmiyyətinin durmadan artıdığını vurğulayan rektor, UNEC-in son illərdə beynəlxalq əlaqələrində əldə etdiyi uğurları da diqqətə çatdırıb.
 

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

 

Milli Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsinin uğurla icra edilməsindən söz açıb. Layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə reallaşdırıldığını və tərəfdaş universitetlərin beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildirib.
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov nazirliyin belə layihələrə daim dəstək göstərdiyini qeyd edib. Ölkə universitetlərinin beynəlxalq arenaya çıxışı baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, gələcəkdə də bənzər layihələrdə iştirak etməyin vacibliyini vurğulayıb.
 
Sonra Ukrayna, Qırğızıstan, Tacikistanın təhsil nazirliklərinin nümayəndələri çıxış edərək, UNIVIA tipli layihələrdə iştirakın həm universitetlərin beynəlxalq əlaqələrinin inkşaf etdirilməsi, həm də milli təhsil sistemlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
 
UNIVIA layihəsinin Avropa tərəfdaşları adından çıxış edən Böyük Britaniyanın Uorvik Universitetinin əməkdaşı Ceyms Kennedi layihədə iştirakdan məmnunluq duyduqlarını bildirib. Layihə çərçivəsində tərəfdaş universitetlərlə sıx əməkdaşlıq yaradıldığını diqqətə çatdıran, C.Kennedi bu ali təhsil müəssisələrinin kadr potensialının 3 il ərzində artdığını müşahidə etdiyini qeyd edib.
 
UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov "UNIVIA Tempus layihəsi: Uğurlu beynəlxalq əməkdaşlıq modeli” mövzusunda təqdimatla çıxış edib. Layihə çərçivəsində görülən işlər, reallaşdırılan təlimlər, hazırlanan sənədlərdən danışıb. Layihənin icrasında göstərdikləri dəstəyə görə təhsil nazirliklərinə və tərəfdaş universitetlərə təşəkkürünü bildirən Ş.Bayramov, layihənin nəticələrinin tərəfdaş universitetlərlə yanaşı, digər ali təhsil müəssisələri üçün də faydalı olacağına ümid etdiyini diqqətə çatdırıb.
 
Açılış konfransının sonunda iştirakçıların layihəylə bağlı sualları cavablandırılıb. Konfrans öz işini bölmə iclaslarında iki gün ərzində davam etdirəcək.
 
Qeyd edək ki, layihənin tərəfdaş dövlət qurumları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ukraynanın Təhsil, Elm, Gənclik və İdman Nazirliyi, Qırğızıstanın Elm və Təhsil Nazirliyi, o cümlədən Tacikistan Respublikasının Təhsil Nazirliyidir.
 
Avropa tərəfdaşı olan ali təhsil müəssisələri Uorvik Universiteti, Malaga Universiteti, Santyago-Kompostela Universiteti, Boloniya Universitetidir. Azərbaycan tərəfdaşları Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir.
 
Layihənin regional tərəfdaşları Kiyev Milli İqtisadiyyat Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Qırğızıstan İqtisad Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Tacikistan Sahibkarlıq və Xidmətlər İnstitutu, Khujand Dövlət Universitetidir.
 
UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
 
moderator.az



Загрузка...