Xəbərlər / Müəllim
23 iyul 2020
6 373


Təhsil Nazirliyindən XİN-ə transferlər - Yeni nazir kadr dəyişikliklərinə başlayıb

Təhsil Nazirliyindən XİN-ə transferlər - Yeni nazir kadr dəyişikliklərinə başlayıb

 

Xarici İşlər naziri Ceyhun Bayramov rəhbərlik etdiyi qurumda kadr islahatları həyata keçirib.

Sabiq təhsil naziri Təhsil Nazirliyindən Xarici İşlər Nazirliyinə transferlər etməyə başlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Məmmədov XİN-in Ümumi katibliyinin rəisi təyin olunub.
 

 

Elnur Məmmədov 2018- ci ilin oktyabrından Təhsil Nazirinin müşaviri təyin olunub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində BDU-nun nəzdində fəaliyyət göstərən tələbə təhsil-resurs mərkəzinin direktoru olmuş, universitetin elmi jurnallarında beynəlxalq hüquq və münasibətlər üzrə məqalələri dərc edilib. 2004-cü ildə ABŞ Departamentinin Edmund Muskie tələbə təqaüd proqramının qalibi olaraq Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini (2005) fərqlənmə diplomu ilə bitirib. 2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib. 2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.
 

 

Nazirin digər əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov XİN-in İşlər İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Ş.İsgəndərov Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə əlavə təhsilə yiyələnib.

1999-2005-ci illərdə Təhsil Nazirliyində mühasib, aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyinin aparatında təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini, 2013-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb.

2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2018-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub. 2013-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.
 

 

Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova isə XİN-də maliyə şöbəsinin müdiri postuna təyinat alıb.

Nərgiz Səfərova 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. O, Qərb Universitetinin iqtisadiyyat fakültəsində bakalavriat və magistratura səviyyələri üzrə iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına yiyələnib. Uzun müddət özəl sahədə ixtisası üzrə müxtəlif yüksək vəzifələrdə çalışıb. BŞTİ-nin müdir müavini vəzifəsində maliyyə hesabatlılığı üzrə islahatların aparılması, bu sahədə şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və innovasiyaların tətbiqi məsələlərinə cavabdeh olub.
Bu il isə Ceyhun Bayramovun müvafiq əmrinə əsasən o, Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.


Qeyd edək ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin olunub.Teleqraf.com
Məqalə Göndər








Загрузка...