AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) son kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb, 454 tələbə buraxılış işini müvəffəqiyyətlə müdafiə edib. Universitetin ən qocaman fakültəsi sayılan memarlıq fakültəsində də IV kursda təhsil alan 203 tələbədən 190 nəfəri yekun dövlət attestasiyası buraxılış işlərini müdafiə edib.
Universitetdən verilən məlumata görə, müdafiə prosesində məzunlar tərəfindən maraqlı və yaddaqalan buraxılış işləri təqdim olunub. Son kurs tələbələrindən Hüsniyyə Kərimova və Süsən Məlikovanın "Şuşa şəhərinin memarlıq abidələrinin bərpa eskiz layihəsi” adlı buraxılış işi Dövlət Attestasiya Komissiyası üzvləri tərəfindən yüksək qiymətləndirilib. Tələbələr Şuşa şəhərində ən tanınmış 6 abidəni (Aşağı Gövhər Ağa məscidi, Mehmandarovların malikanə kompleksi, Şuşa qalası divarı, Natəvanın evi və s.) seçiblər, o abidələrə məxsus tarixi arxiv sənədlərini qaldıraraq həmin abidələri işğaldan əvvəlki vəziyyətinə qaytarmaq üçün öz təkliflərini veriblər.
Buraxılış işləri professor Səbinə Hacıyevanın rəhbərlik etdiyi Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında yerinə yetirilib.
Məlumat üçün bildirilib ki, AzMİU-nun memarlıq fakültəsində Attestasiya Komissiyasının sədri Bakı şəhərinin baş memarı Akif Abdullayev, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, üzvləri- memarlıq fakültəsinin dekanı, dosent Zahidə Məmmədova, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyev, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, dosent Yeganə Hacıyevadır.