Samux Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə rayonumuzda fevral ayının 10-dan etibarən istedadlı şagirdlərin üzə çıxarılması və ictimaiyyətə tanıdılması məqsədi ilə "Rayonumuzun Gənc İstedadları” adlı layihəyə start verilib. Rubrika şəklində ictimayyətə təqdim olunacaq bu layihə, hər həftənin cümə günü Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin istedadının üzə çıxarılması üçün Fotoreportaj formatında hazırlanaraq həyata keçiriləcəkdir.
Rubrikamızın ilk qonağı İnstitut qəsəbə tam orta məktəbin VIII sinif şagirdi, dəfələrlə müxtlif nominasiyalar üzrə rayon və Respublika yarışlarının qalibi olmuş, dəfələrlə əl işlərindən ibarət sərgiləri nümayiş olunmuş Xumar Kazımlıdır. Rəssamlığa, müxtəlif fantaziya və düşüncələrini firçanın dili ilə əks etdirməyin öhdəsindən məharətlə gələn Xumar 2002-ci il mart ayının 7-də Gəncə şəhərində doğulub. 2008-cı ildə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin I sinifinə daxil olmuş Xumar, 2013-cü ildən Gəncə şəhər Uşaq Ressamlıq məktəbinin I sinifinə daxil olub və indiyədək təhsilini uğurla davam etdirir.
Gənc rəssamın həm əl işləri, həm də qazandığı uğurlar və düşüncələrini oyrənmək üçün onunla hazırladığımız fotoreportajı sizə təqdim edirik:
Rəsm çəkməyə, rəssamlığa sizdə maraq necə yaranıb ?
Uşaq yaşlarımdan şəkillər çəkməyə marağım böyük olub. Mənim bu sənətə həvəsimin çox olduğunu görənlər həm ailəm, həm də məktəbdə dərs deyən müəllimlərin böyük dəstəyi ilə rəssamlıq məktəbinə getməyə qərar vermişəm.
Bildiyimiz kimi hər işin, sənətin özünəməxsus çətinlikləri olur. Sizdə necə, çətinliklər olubmu və öhdəsindən necə gəlmisiniz?
Təbii ki, istənilən bir sənətlə məşğul olduqda çətinliklər olduğu kimi rəssamlıqda da özünəməxsus çətinlikləri olur. Mənim lap əvvəl bu sənətə başlayanda çətinliklərim daha çox olurdu, çünki əvvəl özüm üçün cizmaqara edirdimsə, rəssamlıq məktəbində sırf dərslərim olurdu və qarışaşdığım çətinliklərin ohdəsindən ailəmin dəstəyi və müəllimlərimin köməyi ilə gəlmişəm. Həmçinin, gördüyüm işlərə düzgün qiymət verilməsi isə mənə daha böyük həvəs verir.
Rəsm çəkərkən ən əsas hansı janrlara üstünlük verirsiniz?
Xüsusi olaraq Memarlıq üslubuna böyük marağım var. Bu arada Qrafik növü də ruhuma çox yaxındır. İşlədiyim rəsmlərdə də bunları görə bilərsiniz. Gələcəkdə isə memarlıq sahəsinə yönəlmək ən böyük arzularımdandır.
Hansı yarışlarda iştirak etmisiniz və təltifləriniz varmi?
Əlbətt ki var, dəfələrlə təhsil aldığım məktəb və rayon üzrə bir çox tədbirlərdə birinci yerə layiq görülmüşəm. Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin 2015-ci ildə təşkil etdiyi "Fövqəladə hallar uşaqların gözü ilə” beşinci respublika uşaq yaradıcılıq müsabiqəsində "Plakat” nominasiyası üzrə üçüncü yerə layiq görüldüyüm üçün həm Təhsil Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşam.
Bunlardan əlavə Samux rayon ümumi təhsil məktəbləri arasında "20 Yanvar” faciəsinin anım günü ilə bağlı tədbirlərdə dəfələrlə birinci yerə üçün, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbi və Türkiyə respublikası Gəncə şəhər Baş konsulluğu ilə birgə keçirdiyi "Azərbaycan-Türkiyə dostluğu” sərgisində fəal iştirak etdiyim üçün, Samux rayon Heydər Əliyev Mərkəzinin 18 may "Beynəlxalq muzeylər günü” münasibəti ilə təşkil edilmiş "Muzeylər və multikultural dəyərlər” adlı rayon tədbirində birinci yerə layiq görüldüyüm üçün və daha bir çox sərgi və yarışlarda qalıb olduğum üçün fəxri fərman və diplomlarla mükafatlandırılmışam.
Gələcəkdə bu sənətlə ciddi məşğul olmağı düşünürsünüz, yoxsa sadəcə hobbi kimi maraqlanmaqla kifayətlənəcəksiniz?
Fikrim ciddidir. Bu sənəti artıq gələcəkdə məşğul olacağım iş kimi görürəm. Bu da təbii ki, rəssamlığın mənə, ruhuma çox yaxın olmasından irəli gəlir. Gələcəkdə rəssamılıq sənətinə daha peşəkar yanaşaraq hazırda olan arzularımı heyata keçirtmək istəyirəm. İstəklərimin içində ən əsas doğulub, yaşadığım vətənim Azərbaycanı beynəlxalq yarış və festivallarda təmsil edərək ölkə adına da uğurlar qazanmaq istəyirəm.
Sonda isə hərzaman mənə dəstək olduqları üçün ailəmə, təhsil aldığım otra məktəbin idarə heyəti və müəllimlərinə, həmçinin Gəncə şəhər Uşaq Rəssamlıq məktəbindəki müəllimlərimə dərin təşəkkürlərimi bildirirəm. Ümid edirəm qeyd etdiyim şəxslərin köməkliyi və dəstəyi sayəsində bu sahədə uğurlarım davamlı olacaq.
aztehsil.com
Nurəddin Babayev(Samux Təhsil Şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)