AzTehsil.com


Xəbərlər
16 fevral 2017
5 431


Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz



Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

 

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.
 
Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər. Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib.
 
Təhsil eksperti Nadir İsrafilov da Sputnik Azərbaycan-a açıqlamasında bu addımı təhsilin əlçatan olması baxımından müsbət qiymətləndirib: "İstiqamət belə götürülüb ki, təhsil hamı üçün əlçatan olmalıdır. Abituriyentə 2 dəfə şans veriləcək. Bu, təhsilin əlçatan olması baxımından atılan növbəti bir addımdır".

Ekspertin fikrincə, digər tərəfdən, bu addım keyfiyyətə deyil, daha çox kəmiyyətə hesablanıb: "Bəzi ölkələrdə universitetə attestasiya qiymətləri ilə, bəzilərində isə imtahansız qəbul edirlər. Həmin ölkələrdə ali məktəblərin qapıları açıqdır, hər kəsə universitetə daxil olmağa şərait yaradılır. Amma universitetdən məzun olmaq çox çətindir".

N. İsrafilovun sözlərinə görə, biz də təhsili hamı üçün əlçatan ediriksə, ali məktəbdən məzun olmaq qaydaları sərtləşdirilməli, universitetdə müəyyən məhdudiyyətlər qoyulmalıdır: "Tələbə oxuya bilmirsə, ona diplom verilməməlidir. Məzunların işlə təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Ümumiyyətlə, bu işlərin sistemli şəkildə aparılması yaxşıdır".

sputnik.az



Загрузка...