Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclasında bu il keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) müzakirə edilib
Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) onlayn iclasını açan şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov cari ilin iyul-avqust aylarında keçirilməsi planlaşdırılan müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı müzakirələrin təşkil edilməsini, bununla bağlı maraqlı tərəfləri narahat edən sualların, müxtəlif fikir, rəy və təkliflərin daxil olduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. O, bildirdi ki, bu məqsədlə İctimai Şuranın sosial media hesabından MİQ mövzusuna aid müzakirələr zamanı imtahanlarda iştirak edəcək iddiaçılardan və ümumilikdə təhsil ictimaiyyətindən daxil olan fikirlərə də münasibət bildirmək lazımdır.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov və Nazirliyin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verərək bildirdilər ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir, müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişiklər edilmişdir. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması (namizədlərin vakant yerlərin seçimində daha məsuliyyətli olması baxımından), müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişiklərin əsas tərkib hissəsidir.
Qeyd olundu ki, ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müsabiqə iştirakçılarının sağlamlığının qorunması məqsədi ilə müsabiqənin zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslar arası dezinfeksiya işlərinin aparılması və s). daha geniş məkanda və ya yerlərdə keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Şuranın sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı Etibar Əliyev, əməkdar müəllim Asif Cahangirov, fəlsəfə doktoru Ülviyyə Mikayılova, professor Mayis Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək mövzu ilə bağlı münasibətlərini ifadə etdilər. Şura üzvləri bu il keçiriləcək MİQ imtahanları ilə bağlı İctimai Şuraya çoxsaylı sualların daxil olduğunu diqqətə çatdırdılar. Müzakirə zamanı Şura üzvlərinin bu il MİQ imtahanlarına (o cümlədən, müsahibə mərhələsinə) nəzarət etmələrinin təmin olunması, imtahanların bir neçə məkanda keçirilməsi imkanının araşdırılması, imtahanla bağlı tədris metodikası və təlim strategiyalarına aid vahid vəsaitin hazırlanmasına başlanması, yerlədə olan bütün vakansiyaların Nazirliyə təqdim edilməsinə nəzarətin gücləndirilməsi, orta ixtisas təhsilli müəllimlərinə tam orta təhsil səviyyəsində dərs demək hüququnun verilməsi və bir sıra digər məsələlərə dair təkliflər səsləndi, Nazirlik tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində tədbirlərin görülməsi tövsiyə olundu.