Xəbərlər, Ziyalılar, Müəllim
23 may 2020

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

 

Aprel ayının 4-də  Azərbaycan pedaqogikasının canlı əfsanəsi, son mogikanı, Əməkdar ali məktəb işçisi, Azərbaycan Respublikası Prezidentinin  fərdi təqaüdçüsü, pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının əcnəbi üzvü  Hüseyn Mustafa oğlu Əhmədovun  94 il döyünən ürəyi dayandı. Ustadımız haqq dünyasına qovuşdu.

Gəlimli, gedimli, son ucu ölümlü dünyada  şərəfli  və mənalı bir ömür yaşayan, ibtidai məktəb müəllimliyindən akademikliyədək  yüksələn, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini   millətin  gələcəyi olan gəncliyin  təhsil-tərbiyəsinə həsr edən, orijinal  proqram və dərsliklər hazırlayan, Azərbaycanda və xarici ölkələrdə nəşr edilən fundamental əsərlər yazan, pedaqoji və elm-pedaqoji kadr hazırlığında peşəkarlığı və fədakarlığı ilə seçilən, geniş elmi erudisiyası, sadəliyi, xeyirxahlığı və insanpərvərliyi ilə Hüseyn müəllim onu tanıyan insanların  ürəyinə köçdü, xatirələrə çevrildi.

Göyçə gölü sahillərindən  başlanan ömür yolu 

Hüseyn Mustafa oğlu  Əhmədov  17 iyul 1926-cı ildə  Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olmuşdur. Kənd Dədə Qorqud  qəhrəmanlarının sahillərində at çapdığı, qılınc oynatdığı Göyçə gölünün  sahilində yerləşirdi. Göyçənin lacivərd ətəkli səmaları,  əsrarəngiz təbiəti, büllür bulaqları  Hüseyn  müəllimdən səxavətini əsirgəməmişdi. Kəndi üç tərəfdən əhatəyə alan uca dağların vüqarı, barlı-bəhrəli təbiətin səxavəti, insanların dəyanəti və saflığı Hüseyn müəllimin ruhuna hopmuşdu. Mayası halallıqla yoğrulan bir ailədə boy atan balaca Hüseyn bir müddət  ailəsi ilə birlikdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndində yaşayır (1936-1940), orada 7-ci sinfi, Kənkan kəndində  8-ci sinfi bitirir. Atası bəşəriyyətə fəlakət gətirən sovet-alman müharibəsinin ilk aylarında düşmən gülləsinə tuş gəldiyindən ailənin bütün çətinlikləri onun üzərinə düşür. Doğma kəndlərində  ibtidai sinif müəllimi işləyir.  Təhsilini davam etdirmək məqsədilə Gəncə şəhərinə  gəlir və buradakı K.Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olunur.  1947-ci ildə oranı "əla” qiymətlərlə bitirir.   H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda  tarix müəllimliyi ixtisası   üzrə təhsil alır (1947-1951). Təhsil uğurlarına görə  Lenin komsomolu təqaüdünə layiq görülür. 1951-1952-ci illərdə Kirovabad Pedaqoji İnstitutunda baş laborant və Gəncədəki Toxuculuq Texnikumunda tarix müəllimi işləyir.

Elmdən keçən  şöhrət yolu

Hüseyn müəllim V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) əyani aspiranturasında oxumuş, bir müddət  institutun  azad komsomol komitəsinin birinci  katibi olmuşdur.  Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutu)  kiçik elmi işçi vəzifəsində işləyən H.Əhmədov 1958-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1958-1959-cu illərdə V.İ.Lenin adına ADPİ-nin Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə dosent, 1977-2014-cü illərdə professor vəzifələrində çalışmışdır. 1974-1977-ci illərdə V.İ.Lenin adına ADPİ-də Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin dekanı, 1974-2014-cü illərdə ADPU-nun Elmi şurasının, riyaziyyat və tarix fakültələrinin Elmi Şuralarının üzvü olmuşdur. SSRİ Nazirlər Soveti yanında AAK tərəfindən 1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi adı verilmişdir. 1977-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPİ-nin Ümumi pedaqogika kafedrasına müdir vəzifəsinə seçilmiş, 2014-cü ilə kimi həmin vəzifədə çalışmışdır.

Pedaqogika nəzəriyyəsi üzrə namizədlik dissertasiyası müdafiə etsə də, 60-cı illərdən başlayaraq Azərbaycanda məktəb təhsilinin tarixini öyrənməyə başlayır. 1968-1970-ci illərdə elmi yaradıcılıq ezamiyyətinə gedən H.Əhmədov Moskva, Leninqrad, Tbilisi, Bakı, Həştərxan, İrəvan dövlət arxivlərində çalışır, üstünü toz basmış xeyli sənədləri aşkara çıxarır, külli miqdarda material toplayır, sistemə salır və "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda  doktorluq dissertasiyası  müdafiə edir. Həmin dissertasiyanın materialları əsasında nəşr etdirdiyi "XIX əsr Azərbaycan məktəbi” monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir.  Azərbaycan məktəb və pedaqoji fikir tarixi  sahəsində apardığı ardıcıl və sistemli  tədqiqatları onun çoxşaxəli elmi yaradıcılığının mərkəzində dayanır. O, Azərbaycan pedaqoji fikir klassiklərinin, maarifçilərinin, məktəbdarlarının, ilk növbədə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli, M.H.Ruşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev, R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin qaynaqlarını üzə çıxarmış, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandırmış, bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür. Bu tədqiqatlar əsasında o, "Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kurs yaratmış, onun proqramının və dərsliyinin nəşrinə nail olmuşdur.

O, Moskvada nəşr edilən 40 çap vərəqindən artıq olan "Azərbaycan pedaqoji fikir antologiyası” adlı iri həcmli monumental əsərin, SSRİ PEA tərəfindən çap olunan "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” adlı çox cildliyin I və IV  cildlərinin (Moskva, 1989, 1991), 2 cildlik "Rus Pedaqoji Ensiklopediyası”nın, həmçinin 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının IV-X cildlərinin əsas müəlliflərindən biridir. O, Moskva, Leninqrad, Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən elmi konfrans və sessiyalarda fəal iştirak etmiş, nüfuzlu, kəsərli, orijinal fikirləri ilə həmkarlarının rəğbətini qazanmışdır. Onun təhsil və pedaqoji fikir tarixi ilə bağlı əsərləri Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil edilmişdir.

Nüfuzlu təhsil tarixçilərindən biri

Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, həm də  keçmiş İttifaqda yaxşı tanınan nüfuzlu təhsil tarixçilərindən biri olub. Məhz bunun nəticəsidir ki, o, 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Xatırlatmaq yerinə düşər ki, varlığı ərzində həmin akademiyaya (1943-cü ildə yaradılıb) cəmi 4 nəfər azərbaycanlı üzv seçilmişdir. Mərhum akademik M.Mehdizadə onun həqiqi üzvü, A.Abbaszadə, S.İmanov və H.Əhmədov isə müxbir üzvləri olmuşlar.

Hüseyn Əhmədov 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, 1993-cü ildə Moskvadakı Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, 1995-ci ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 1998-ci ildə elmi-pedaqoji sahədəki yaradıcılıq uğurlarına, elmi-pedaqoji kadr hazırlığındakı xidmətlərinə görə Beynəlxalq Pedaqoji Akademiyanın Y.Komenski adına Böyük Qızıl Medalı ilə təltif olunmuş, 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmiş, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən "Türk Dünyasına Hizmet” qızıl medalı ilə təltif olunmuş, 2006-cı ildə "El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası”na həqiqi üzv qəbul olunmuşdur.  2006-cı ildə Amerikanın Beynəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar İnstitutu Hüseyn Əhmədova pedaqogika elmindəki yüksək xidmətlərinə görə xüsusi sertifikat təqdim etmiş, onu pedaqogika elminin bilicisi hesab etmişdir. 2007-ci ildə  Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin "K.Uşinski” medalı, həmçinin Rusiyanın "Dolq i çest” ordeni ilə təltif olunmuş, Rusiya Təhsil Akademiyasının qızıl medalına və fəxri fərmanına layiq görülmüşdür. 

Professor Hüseyn Əhmədov  "Azərbaycan SSR qabaqcıl maarif xadimi” (1973), "SSRİ maarif əlaçısı” (1977),   Ümumittifaq "Bilik” cəmiyyəti idarə heyətinin "Fəaliyyətinə görə” (1985) döş nişanları  ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar ali məktəb işçisi” (1981)  fəxri adına layiq görülmüşdür.

2007-ci ildən Azərbaycan Respublikası  Prezidentinin fərdi təqaüdçüsü  olan Hüseyn Əhmədov  müharibə və əmək veteranı idi.

Məhsuldar alim, yorulmaz tədqiqatçı

Professor Hüseyn Əhmədovu həmkarlarından fərqləndirən əsas cəhət onun geniş elmi erudisiyası,  məhsuldarlığı və zəhmətkeşliyi olub. Onun "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları” (1958), "Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi” (1962), "Pedaqogikaya giriş” (1973), "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi” (1978), "N.Nərimanovun pedaqoji fikirləri” (1979), "100 yaşlı Qarğabazar məktəbi” (1983), "XIX əsr Azərbaycan məktəbi” (1985, 2000), "N.Tusi” (1992, 2001), "N.Nərimanovun pedaqoji fikirləri” (2000), "İdarəetmənin pedaqogika və psixologiyası” (2001, 2004), "Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” (2012), "Azərbaycan pedaqoji fikir antologiyası” (1990), "Maarif fədailəri: Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev-150” (2013),  "Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2014) adlı  monoqrafiya, dərslik və dərs vəsaitləri, "Seçilmiş əsərləri”nin 29 cildi,  Azərbaycanın  və xarici ölkələrin nüfuzlu  mətbuat orqanlarında 600-dən artıq  elmi və publisistik məqaləsi nəşr olunub.

Müxtəlif vaxtlarda - İrəvanda, Tiflisdə, Səmərqənddə, Daşkənddə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərib. Elmi rəhbərliyi ilə 60-a yaxın fəlsəfə və elmlər doktoru yetişib.

Milli dərsliklərə yeni nəfəs  və ya  ana dilli dərsliklərimiz milli sərvətimizdir

Ana dilli dərsliklərimizi milli sərvətimiz hesab edən akademik H.Əhmədovun ən vacib xidmətlərindən biri də   XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə və Bakıda ərəb əlifbası ilə  nəşr olunmuş dərsliklərimizi transliterasiya və faksimiliya yolu ilə yenidən nəşr etdirməsidir. N.Dementyevin "Təmsillər və hekayələr” (Tiflis, 1839), İ.Qriqoryevlə M.Ş.Vazehin "Kitabitürki” (Təbriz, 1855), A.O.Çernyayevskinin "Vətən dili” (I hissə, Tiflis, 1882), Rəşid bəy Əfəndiyevin "Uşaq bağçası” (Tiflis, 1912), "Bəsirət-ül-ətfal” (Bakı, 1901), A.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili” (II hissə, Tiflis, 1888), S.Vəlibəyovun "Qüdrəti-Xuda” (Tiflis, 1888), Üzeyir Hacıbəyovun "Hesab məsələləri”ni (Bakı, 1907) yenidən nəşr etdirməklə o, həmin  dərsliklərə yeni həyat, yeni nəfəs bəxş etmişdir.

Nərimanovşünas alim

Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətində Nəriman Nərimanovun pedaqoji irsinin tədqiqi və təbliği ayrıca bir mərhələ təşkil edir. 1957-ci ildən  ömrünün sonunadək ardıcıl olaraq bu mövzu üzrə tədqiqatını davam etdirən Hüseyn Əhmədov təhsil və pedaqoji fikir tarixinə N.Nərimanovun görkəmli tədqiqatçısı kimi daxil olmuşdur. Onun böyük maarifçi, siyasət və dövlət adamı Nəriman Nərimanovla bağlı Azərbaycan, rus, erməni və gürcü dillərində Bakıda, İrəvanda, Tbilisidə, Moskvada, Həştərxanda, Saratovda çap olunan məqalələri, "N.Nərimanovun pedaqoji fikirləri” adlı sanballı monoqrafiyası nərimanovşünaslığa dəyərli töhfədir.

Maraqlıdır ki, professor Hüseyn Əhmədovun  pedaqoji fikir tarixi ilə bağlı ilk məqaləsi  Nəriman Nərimanovun yaradıcılığına həsr olunub.  Ölümündən bir neçə gün sonra Moskvanın  nüfuzlu elmi nəşrlərdən olan "Munisipalnoye obrazovaniye: innovasii i eksperiment” (№2 (71) 2020) jurnalında dərc edilən sonuncu məqaləsi də Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuşdu.

Cənnəti sağlığında qazanan insan

Professor Hüseyn Əhmədov  Allahın ona lütv etdiyi ömrü şərəflə, ləyaqətlə və zəhmətlə yaşadı, adını millətin  təhsil tarixinə, mədəniyyət tarixinə yazmağı bacardı. Belə insanlar ölmür, sadəcə dünyalarını dəyişirlər. Ürəyinin odundan, gözlərinin nurundan, qələminin gücündən mənim kimi ömrünə pay düşən yetirmələrinin, səsini, sifətini, xeyirxah əməllərini xatırlayanların  xatirələrinə köçür,  fikirlərdə və  xəyallarda, nəvələrinin adında və soyadında, yazdıqları kitabların səhifələrində  yaşayırlar. Hüseyn müəllim ömrünün 94-cü baharında  əbədi dünyaya köç etdi.

Fərrux RÜSTƏMOV,
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 










Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda İnstitut direktoru vəfat edib

Azərbaycanda İnstitut direktoru vəfat edib

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 97 il ötür

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 97 il ötür

Professor Abuzər Xələfov vəfat edib

Professor Abuzər Xələfov vəfat edib

Akademik Zərifə Əliyevanın anım günüdür

Akademik Zərifə Əliyevanın anım günüdür

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Azərbaycan SSR-nin ilk Maarif Komissarı-Mirzə Məmmədov

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu