Nazirlər Kabinetinin martın 3-də verdiyi qərara əsasən, koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və yoluxma hallarının azaldılması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Tədris müəssisələrinin fəaliyyətinin dayandırılması təhsil sahəsində bir sıra çətinliklər yaradıb. Ali təhsil müəssisələrində dərslər onlayn olaraq davam etdirilib. Distant təhsilin hələ effektiv olub-olmadığı geniş müzakirə olunduğu bir zamanda sessiya imtahanlarının da onlayn keçiriləcəyi bildirilir.
Eyni zamanda, ötən illər ildə iki dəfə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanları bu il yay imtahanı olmaqla bir dəfə keçiriləcək. Bu da abituriyentlər arasında narahatlıq yaradıb.
Ali məktəblərə sənəd verən abituriyentləri, eləcə də ali təhsil müəssisələrində təhsil alan tələbələri maraqlandıran suallara təhsil eksperti Elçin Əfəndi ilə aydınlıq gətirib:
– Əvvəl iki imtahan olurdu – yaz və yay. İndi bir imtahan olacaq, bu abituriyentlərin nəticələrinə nə kimi təsir göstərəcək?
– Mövcud vəziyyətlə bağlı Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə aldığı qərara əsasən, qəbul imtahanları sırf bu il üçün bir dəfə keçiriləcək. Bu isə əlbəttə ki, abituriyentlərin imtahan nəticələrinə təsirsiz ötüşməyəcək. Səbəb ondan ibarətdir ki, ixtiyari abituriyent yaz qəbulunda iştirak edərkən nəticəsi zəif olduğu halda yay qəbul imtahanında bunu aradan qaldırmağa cəhd edirdi. Statistika baxımından da müqayisə aparılarkən yay imtahanında nəticələr daha yüksək olurdu. İndi isə abituriyentlərə ikinci şans verilmədiyi üçün bu istər-istəməz onların nəticələrində öz əksini tapacaq və təsirini göstərəcək.
– Qəbul imtahanlarının bir dəfə keçirilməsi uğurlu addımdırmı?
– Pandemiya vəziyyətində və ölkəmizdə elan olunmuş karantin rejiminə görə bu il üçün qəbul imtahanlarının bir dəfə olması, ən azı olması baxımından uğurlu addımdır. Təhsildə vərəsəlik prinsipinin pozulmaması üçün imtahanların vaxtında keçirilməsi vacib idi.
– Keçid ballarının aşağı düşmə ehtimalı varmı? Abituriyentlərə hər hansısa güzəştlər tətbiq oluna bilərmi?
– Ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə keçid balları müsabiqə başa çatandan sonra müəyyənləşir. Amma bu il üçün analiz apararkən ehtimal olunur ki, 550 baldan yuxarı ixtisaslar üzrə keçid ballarında enmələr müşahidə olunacaq. 150-450 bal aralığında bəzi ixtisaslar üzrə keçid ballarında artma ola bilər. 450-550 bal aralığında isə bir o qədər də dəyişiklik olmayacaq. Güzəştlərə gəlincə isə hər il olduğu kimi bu il də 150 balla müsabiqədə iştiraka icazə verilən ixtisasların olacağı nəzərdə tutulur. Bundan əlavə mart, aprel, may və iyun ayında keçirilməsi nəzərdə tutulan mövzulardan da imtahanlarda sual tapşırıqlarının olmaması edilmiş güzəştlər sırasındadır.
– Ali məktəblərdə sessiya imtahanları həm onlayn, həm də ənənəvi olacaq. Sizcə bununla bağlı vahid qayda tətbiq edilməlidirmi?
– Ali və orta ixtisas təhsili müəssisələrində sessiya imtahanlarının həyata keçirilməsi müəssisələrin öz sərəncamındadır. Onlayn imtahanları həyata keçirmək üçün texniki bazası olanlar prosesi onlayn formada icra edəcəklər. Müəyyən universitetlər var ki, onlar indiyədək test üsulu ilə imtahanları həyata keçirirdilərsə indi də həmin universitetlər onlayn imtahanları çox rahatlıqla test üsulu ilə keçirə bilərlər. Hansısa universitetin bu imkanları yoxdursa, sosial məsafə gözlənilməklə sessiya imtahanlarını ənənəvi qaydada həyata keçirəcəklər. Son kursda təhsil alan tələbələrlə bağlı isə birbaşa olaraq yekun qiymətləndirmə aparılacaq. Çünki onları imtahanlara cəlb etmək, işlərini çətinləşdirmək doğru olmazdı. Nazir Ceyhun Bayramov da qeyd etmişdi ki, artıq onlar 7 semestr imtahan verərək son kursa gəliblər. Bu semestr ərzində onların ümumi bilik səviyyələrini müəyyən etmək mümkündür.
– Ali məktəblərə dövlət sifarişi üçün ayrılan yerlər artacaq, yoxsa azalacaq? Sizin təklifiniz nədir?
– Hər il dövlət sifarişli yerlər ölkə başçısı İlham Əliyevin sərəncamı ilə artırılır. Bu il də müəyyən qədər dövlət sifarişi üzrə plan yerlərində artım gözlənilir. Ümumiyyətlə, düşünürəm ki, dövlət sifarişi üzrə plan yerlərinin çoxaldılması təhsil əlçatanlığını təmin edir.
– Təhsil haqqını ödəyə bilməyən tələbələr imtahanı dərslər başlamazdan əvvəl verə bilərlər. Amma bu zaman tələbənin təqaüddən məhrum olacağı bildirilir…
– Nəzərinizə çatdırım ki, təqaüdlərin dayandırlması ilə bağlı Təhsil Nazirliyinin mənfi rəyi yoxdur. Yəni, hər hansı tələbə öncədən imtahanlarda iştirak edə bilməməsini əsaslandırsa, o zaman həmin tələbənin təqaüdü kəsilmir və avqust-sentyabr aylarında keçiriləcək icmal dərslərdə iştirak edərək, imtahan verir. Belə olduğu halda təqaüdlər dayanmayacaq.
– Azərbaycanda distant təhsili necə qiymətləndirirsiniz? Onlayn dərslərə hazırıqmı? Çünki əksər ucqar yerdə qalan tələbələr dərslərə qoşula bilmədilər.
– Düşünürəm ki, "distant təhsil barədə ölkədə təfəkkür formalaşmamışdı” demək doğru olar. Amma bu gün üçün artıq bu təfəkkür formalaşıb. Böyük əksəriyyət distant təhsil nədir? Distant təhsillə bilik necə əldə olunur? Qiymətləndirmə necə həyata keçirilir? və s. kimi suallara cavab tapa bilib. Artıq distant təhsilin təməli qoyulub. Biz distant təhsil formasını ölkə ərazisində tanımağı qəbul etməliyik. Distant təhsil məhz fövqəladə vəziyyət rejimi, müharibə şəraiti və pandemiya vəziyyəti zamanı təhsildən geri qalmamaq üçün ideal formadır. Amma nəzərə almaq lazımdır ki, hazırda biz bunu bütün ölkə üzrə həyata keçirə bilmirik. Tələbələrin və şagirdlərin əksəriyyəti internetə qoşula bilmədikləri üçün virtual dərslərdə də iştirak edə bilmədilər. Bunun üçün regionların hər biri yüksəksürətli internetlə təchiz edilməlidir. Ailələrdə müasir texnoloji avadanlıqlar olmalıdır. Təhsil müəssisələrində hər bir şagird üçün ən azı bir planşet olmalıdır. Belə olduğu halda distant təhsilin səmərəliliyini görə bilərik.(Publika.az)