Müəllimlik adına xələl gətirən direktorlar, diqqətli olun!: "Cinayət varsa, cəza da olmalıdır!”
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olan məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək küllü miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə qərarına əsasən M.Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd noutbuk və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.
İlkin sübutlara həmçinin M.Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İdeal rəhbər öz hərəkətləri, davranışı ilə kollektivə nümunə olmalıdır. Görünür, Mehriban xanım bunu bilmir. Hətta vicdandan, Allahdan da xəbəri yoxdur. Əks halda niyə müəllimlərin haqqına girsin, onların halal əməkhaqqlarını mənimsəsin? Heç kimi ittiham etmək fikrimiz yoxdur. Haqqı haqq, nahaqqı nahaqq deyirik. Ancaq direktorun bu əməli hansı haqqa sığır?
Məsələyə dair fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bu cür neqativ halların əsas səbəbi adekvat tədbirlərin görülməməsidir:
"Düzdür, korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Lakin bu, kifayət deyil. Əsas məqam ondan ibarətdir ki, qanun pozuntularına yol verənlər lazımi formada cəzalanmırlar. Qanunda boşluqların olduğunu demirəm. əksinə, bu cür hallar qanunla müdafiə olunur. Hətta müəllimlər üçün pedaqoji-etik kodekslər də təsdiqlənib. Sadəcə Qanunun işləmə mexanizmində çatışmazlıqlar var. Elə vəziyyət yaranıb ki, "ilişdiyini” hiss edən rəhbər ərizə yazıb, könüllü olaraq vəzifəsindən çıxmaqla canını qurtarır. Belə olmaz. Çünki direktorlar heç nədən qorxmur, əməllərinə davam edirlər. Daha sərt cəzalar tətbiq edilməlidir. Məşhur rus yazıçı Fyodor Dostoyevskinin romanında olduğu kimi, cinayət varsa, cəza da olmalıdır!”. Ekspertin sözlərinə görə, belə neqativ halları gizlətmək düzgün deyil: "Əksinə, ictimailəşdirməyə ehtiyac var. İctimai qınaq formalaşmalıdır. Bəlkə, belədə direktorlar öz çirkin əməllərindən uatanarlar, başa düşərlər ki, müəllimlik peşəsinə xəlil gətirirlər. Müqəddəs olana çirkab atmaq yolverilməzdir. Müəllimlik müqəddəsdir”. N. İsrafilov, həmçinin bildirdi ki, məsələnin kökləri daha dərindir:"Direktorların maaşı qaldırılsa da, onların müəllimləri istismar etməkdən əl çəkməyəcəklərinə əminəm. Pulla düzəlsə nə var ki? Bu, mənəviyyat, əxlaq məsələsidir. Elə insani keyfiyyətlər var ki, onları pulla almaq mümkün deyil. Yeri gəlmişkən, bizdə istefa mədəniyyətinin olmadığını da nəzərə çatdırım. Ona görə də bir çoxları ömürlərinin sonuna qədər eyni kabinetdə, eyni kresloda otururlar. İşləri də yalnız tabeliyində çalışanların haqqını yemək olur”.