AzTehsil.com


Xəbərlər / Ziyalılar / Müəllim
15 may 2020
1 573


Baxış müəllimin müharibə xatirələri



Baxış müəllimin müharibə xatirələri

 

Bir müəllimin müharibə xatirələri ortaya çıxdı. Özü də Böyük Vətən Müharibəsinin 75 illiyini qeyd etdiyimiz 9 may qələbə günündə. 1939-cu il noyabrın 26-da Biləcəri stansiyasından hərbi xidmətə yollanan həmin müəllim Vətənə bir də 1945-ci ilin noyabrın 26-da qayıdacaqdı. Amma sadəcə hərbi xidmətdən yox, İkinci Dünya müharibəsindən, özü də II dərəcəli müharibə əlili olaraq.

 Hərbi xidmətlə başlayıb müharibənin od-alovundan keçən və qalib olaraq geri qayıdan, ömrünün qalanını da müəllim kimi davam etdirən o şəxs Baxış müəllim idi. Tanınmış maarif xadimi, ömrünün 50 ilini pedaqoji fəaliyyətə həsr etmiş Baxış İsmayıl bəy oğlu Cahangirov.

 1913-cü ildə Şuşa mahalının Tuğ kəndində dünyaya gələn Baxış müəllim uzun illər Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs deyib. Təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb, Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olub.

 Müharibədən sonra da müəllimliyə davam edən Baxış müəllim tanınmış təhsil işçisi, Əməkdar müəllim Asif Cahangirovun atasıdır.

Asif müəllim danışır ki, atası vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, insana dəyər verib. Hər zaman doğru yolda olan, mənəvi dəyərlərlə zəngin, özünəməxsus xarakteri ilə seçilən şəxsiyyət olub. Ailədə də, məktəbdə də insan yetişdirməyin əhəmiyyətini bilən və buna əməl edən Baxış müəllim vəzifə sahibi olaraq da bu prinsipindən dönməyib. "Atam tez-tez deyərdi: "Mən həyatda insan axtarıram!” O, insanın saflığına çox önəm verirdi. Doğru bildiyi yoldan dönməzdi”.

 A.Cahangirov atasının tutduğu yolun ona həyatda örnək olduğunu xüsusilə qeyd edir: "Atam bizi sözlə tərbiyə etməyib. Biz onun əməlləri ilə böyümüşük. Bizə milli-mənəvi dəyərləri öyrədir, Füzulini, Nizamini sevdirirdi. Özü əski əlifbanı mükəmməl bilirdi. Bizə fars dilini öyrətməyə başlayanda çox balacaydıq.

Atam bizə özündən razı olmamağı, daim öz üzərimizdə işləməyi təlqin edib. İnsan fiziki və intellektual cəhətdən inkişaf etməlidir, deyirdi”.

Asif Cahangirov atası Baxış müəllimin xatirələrlə zəngin arxivini araşdırakən yuxarıda sözünü etdiyimiz yazısını tapıb və "Azərbaycan müəllimi” qəzetinə təqdim edib. Biz də onu oxucularımızla paylaşırıq:

1939-1945.  Baxış Cahangirovun arxivindən

I. 26 noyabr 1939-cu il

 Biləcəri stansiyası qeyri-adi görünür. Payızın ilıq mehi burada tamam fərqlidir. Buradakı insanların sayı da, milli tərkibi də artıb. Stansiyanın yan-yörəsində adamlar üç-bir, beş-bir dayanıb öz dilində danışır, dərdləşirlər. Əksəriyyəti kişilərdir. Lakin aralarında  tay-tuş qızlar, qadınlar da az deyil.

Əsgərlik yaşı bu il çatan, bu vaxta qədər müxtəlif səbəblərdən əsgərlik müddəti uzadılan gənclər bir-birinin ardınca rayon hərbi komissarlığından sovet ordusu sıralarına göndərilirlər. Yaş etibarilə bir-birindən 5-10 il fərqləndikləri kimi, təhsil dərəcələri, ixtisasları da fərqlənir. Bir qismi orta təhsilli olduğu halda, böyük bir qismi ali və ali orta ixtisas təhsilli müəllimlər, həkimlər, mühəndislər, aqronomlar, eləcə də ayrı-ayrı idarə və müəssisələrdə, fabrik və zavodlarda və s. işləyənlərdir. Kimini anası, kimini bacısı, həyat yoldaşı yola salır, öz doğmalarına xeyir-dua, ürək-dirək verirlər.

Qatarlar bir-birini əvəz edir, stansiyaya gələnlərin sayı getdikcə azalır. Qatarın Biləcəridən şimala, Rusiyaya doğru yola düşməsinə az qalır. İndi gündüz saat 3-4 radələridir, axşam saat 7-də eşelon yola düşəcək. Siyahılar oxunur, çağırışçıları müşayiət edəcək nizami əsgərlər kimin hansı vaqona minəcəyini, yol qaydalarını deyir, intizam haqqında söhbətlər keçirirlər. Hər kəsə qohum-əqrəbası ilə xüdahafizləşməsini tapşırırlar.

Son fitindən sonra qatar asta-asta yola düşür. Kimi qatarın göyərtəsindən, kimisi qapı və pəncərələrdən əllərini yelləyə-yelləyə stansiyada qalan anaları, bacıları ilə son dəfə vidalaşmağa çalışır. Yerdəki izdiham arasındakı səs-küydən "qu” desən, qulaq tutulur. Əlini dodaqlarına sürtüb əzizinə sarı uzadan kim, adını çağıran kim, ağlayan, hönkürən kim...

II. Minsk

Minskdə, hələ stansiyadayıq. Buraya axşamçağı - toran qovuşanda çatmışıq. Gecə düşür. Bizi müşayiət edənlər köhnə dostlar kimi bizimlə görüşüb əl tutuşur, xüdahafizləşir, yeni müşayiətçiyə təqdim edirlər. Xeyir-dua verib, ayrılırlar.

Sıraya düzülüb şəhərə doğru addımlayırıq. Bərk sazaqdır. Quru qar xışıltıları altında irəliləyir, hərbi kazarmalara gəlirik. Gecəni hərbi hissənin böyük bir zalında keçirəcəyik. Çarpayımız, yorğan-döşəyimiz sabah - hamamlanıb, yeni əsgəri geyim alandan sonra veriləcək. Yorğunluqdanmı, yuxusuzluqdanmı, heç kəs şəraitindən şikayətlənmir.

Səhər "Qalx!” komandasını hamı yeni bir sevinclə qarşıladı. Səhər yeməyindən sonra bizi hamama göndərdilər. Kiçik komandirlərdən biri bəzilərinə ilk vəzifələri tapşırdı: paltarları, ayaqqabılar, alt paltarı, isti və nazik geyimlər, sabun və s. paylamalıydıq. Mən çəkmələri payladım. Fürsətdən istifadə edib özümə qıs-qıvraq, çox da iri olmayan, ayağıma kip girən yüngül bir uzunboğaz çəkmə seçdim. Sən demə, seçdiyim çəkmələr sonradan başıma bəla olacaqmış. Əsgərlikdə, xüsusilə qış fəslində iri çəkmələrin olmalıdır ki, iri patavalar dolayasan. Yoxsa qılınc kimi kəsən şaxta ayağını üşüdüb dondurur. Bir nazik patavadan əlavə sarıya bilmədiyimdən ayaqlarım bərk üşüyürdü. Hətta taktika məşğələlərindən birində hər iki ayağımın baş barmaqlarını soyuq apardı (zəhrimar yaman pis olurmuş!). Bir neçə gün hərbi xəstəxanada müalicə olundum, amma necə deyərlər, atam yandı.

III. Vinnitsa
3 ay Minsk şəhərində, 3 ay onun yaxınlığındakı Rodinçi stansiyasında hərbi təlim keçdikdən sonra may ayında (1940-cı il) Novorossiyskə, Batumiyə, oradan da Tbilisinin cənubundakı Vaziyani stansiyasına gəldik. Burada iki aylıq yay hərbi təlimi keçib iyul ayından Kutaisi şəhərinə köçdük.

Bu dövr dünya üçün, xüsusilə vətənimiz üçün olduqca gərgin bir dövr idi. Doğrudur, hələ 1939-cu ilin avqust-sentyabr aylarından bizimlə hitlerçi faşist Almaniyası arasında bir-birinə hücum etməmək haqqında müqavilə bağlanmışdı, lakin ölkəmiz hər an böyük təhlükə qarşısında idi. İtaliya (Mussolini), Rumıniya (Antonesku), Finlandiya (Mannerheym), Avstriya, Bolqarıstan, Macarıstan faşist Almaniyasının müttəfiqi idi. Polşa, Çexoslovakiya, Fransa, Hollandiya, Belçika və s. qərbi Avropa ölkələri faşistlər tərəfindən zəbt edilmişdi. Şərqdən isə Yaponiya faşist yuvası Almaniya ilə əlbir olub əleyhimizə hərəkət edir, Çini zəbt etmək üçün 5 ildən artıq idi ki, müharibə aparırdı. 1939-cu ilin dekabr ayından etibarən Finlandiya Petrozavodsk sərhədindən Leninqradı atəşə tutaraq, bizimlə əsl müharibəyə başlamışdı. Almaniyanın Finlandiyaya  hərbi yardımı sübut edirdi ki, özümüzü Almaniya tərəfdən təhlükəsiz hesab edə bilmərik. Lakin sülh siyasətimizə sadiq qalaraq, dinc yanaşı yaşamaq əzmində idik. Yaxşı yadımdadır, hətta 1941-ci ilin mayında belə hərbi xidmət müddəti bitənlər bir-birinin ardınca ordudan tərxis olunur, evlərinə buraxılırdılar. Bizim də vaxtımız yaxınlaşırdı. 3-4 aydan sonra evimizə qayıtmaq, öz ixtisasımız üzrə dinc quruculuq əməyi ilə məşğul olmaq ümidi ilə yaşayırdıq.

IV. Gündəlik hərbi həyat

1940-cı il mayın 3-dən 28-nə kimi Kiyev şəhərindəki hərbi artilleriya məktəbinə imtahan verməyə göndərilmişdim. Düzünü deyim ki, hərbi xidmət mənə o qədər də ağır gəlmirdi. Bir neçə dəfə məni ştaba çağırıb hərbi təhsilimi davam etdirməyi, Leninqrad Hərbi-siyasi, Moskva Hərbi Artilleriya, yaxud Aşqabad Hərbi Hüquq akademiyalarından birinə getməyimi təklif etmişdilər. Razılıq vermişdim, çünki artıq hərbi həyata alışmışdım. Gecə həyəcanları, qaravullar, yemək və s. heç nə mənə çətin deyildi. Ordu sıralarına daxil olandan 15 gün sonra xidmət etdiyim batareyaya siyasi rəhbər müavini təyin edilmiş, komsomol təşkilatının katibi seçilmişdim. Komandan heyəti hərbi xidmətimdən, intizamlı olmağımdan çox razı idi. Bir neçə dəfə  təşəkkür də almışdım. İmtahandan keçməyimə baxmayaraq, yaşımın uyğun gəlməməsi ücbatından (o zaman mən 28 yaşında idim, nizamnaməyə görə isə oraya ancaq 21 yaşa qədər gəncləri qəbul edirdilər) yenidən hərbi hissəyə qayıtmalı olmuşdum.

1941-ci ilin aprelində  bizim hissə Ukraynanın qərbindəki Vinnitsa şəhərinə göndərildi.

Mayın 15-dən yay hərbi düşərgəsinə getmişdik. Düşərgəmiz Qərbi Ukraynanın olduqca səfalı, göy çəmənlikləri, gölləri, sıx, ürəkaçan meşələri olan yerlərindən birində idi.

İki gün sonra gecə saat 2-də həyəcan verildi, sıraya düzüldük və hərəkətedici hərbi düşərgəyə yola düşdük. İyunun 19-21-də Kamenets-Podolsk vilayətinin meşələrindən, kənd və şəhərlərindən keçib Mogilyov-Podolsk şəhərinin yaxınlığında bir meşəlikdə dayandıq.  Siyasi rəhbərimiz Smirnov xəstələndiyinə görə müvəqqəti olaraq siyasi rəhbər vəzifəsi mənə tapşırıldı.

V. 22 iyun

İyunun 22-də sıx bir meşədə qurduğumuz düşərgədə yatmışdıq. Səhər saat 6 radələrində qəflətən "Qalx!” həyəcanı verildi. Talada toplaşdıq. Polkun komandiri mayor Dolst və hərbi komissar talanın ortasındakı yük maşınının kuzasında durmuşdular. Çöhrələrindən ağır kədər, qəm-qüssə sezilirdi. Mitinq başlandı. Mayor həmin gecə alman təyyarələrinin qəflətən Leninqrad, Moskva, Kiyev, Odessa və s. şəhərlərini bombaladığını, Leninqraddan tutmuş Qara dəniz sahili boyunca sərhədi yararaq vətənimizə hücum etdiyini söylədi. Bu gündən ölkəmizin tam müharibə vəziyyətində olduğunu dedi.

 VI. Düşmənlə üz-üzə

İyulun 5-də Desna çayı sahilində Mogilyov-Podolsk şəhərinin yaxınlığında səngər qurub, düşmənin hücumunu zəiflətməli idik. Çayın o biri sahili Bessarabiya torpağı idi. Döyüş  bizdən irəlidə getsə də, top atəşi səsləri eşidilir, hətta bizi tez-tez saysız-hesabsız düşmən təyyarələri atəşə tuturdu.

İyulun 15-17-də almanlar artıq yaxınlaşmışdı. Biz döyüşmək əzmində idik. Bir addım geri dönməyəcəyimizə, torpaqlarımızdan bir çərək belə düşmənə verməyəcəyimizə and içmişdik. Düşmən üstümüzə quduzcasına basqın edirdi. Birinci dəfə idi ki, düşmənlə üz-üzə gəlməli idik. Vətən eşqi, xalq məhəbbəti, torpaqlarımızın keşiyində dayanmaq əzmi bizə qol-qanad verir, düşmən hücumunun qarşısını almaq, onu irəliləməyə qoymamaq üçün əlimizdən gələni etməyə hazır idik. Ümumi  qələbəmiz naminə müxtəlif milli tərkibdən olan əsgər və komandan heyəti arasında həqiqi qardaşlıq məhəbbətinin özünü göstərməsi bizi daha da ruhlandırırdı. Xalqlar dostluğunun gücü müharibə zamanı, vətənin başının üstünü qara buludlar aldığı bir vaxtda daha qabarıq şəkildə, daha aydın büruzə verirdi. Rus, ukraynalı, belorus, azərbaycanlı, gürcü, özbək, türkmən, qazax və başqa millətlərdən olan əsgərlərin göstərdikləri igidlik, qəhrəmanlıq heç vaxt yadımdan çıxmaz. Kovalenkonun, Fedorenkonun, Kuldaşovun,  Kutataladzenin, gəncəli balası Həsən Əliyevin fədakarlığı əsl sovet vətənpərvərliyi nümunələri idi...

VII. Stalinqrad

İyulun 17-də ilk dəfə ağır yaralandım, sol qolum dirsəkdən qırıldı. Əvvəlcə Xarkovda, sonra Sverdlovsk və Perm şəhərlərinin hərbi hospitallarında müalicə olundum.

1942-ci ilin sentyabrın 2-dən yenidən döyüş meydanına dönmək, cəbhədə düşmənlə üz-üzə dayanmaq mənə nəsib oldu. İndi Stalinqrad cəbhəsində idim. Sovet İttifaqı marşalı Rokossovskinin komandanlıq etdiyi Don cəbhəsində. 42-ci rabitə hissəsində komsomol komitəsinin katibi kimi siyasi bir sahə də mənə etibar olunmuşdu. Stalinqradı nəyin bahasına olursa-olsun müdafiə etməli, düşmənin buradakı qüvvəsini mühasirəyə alıb məhv etməli, vətənimiz üçün böyük strateji əhəmiyyəti olan həmin sahəni tam təmizləməli idik. Bu böyük məqsədə nail olmaq üçün güclü hərbi texnika, hərbi hazırlıqla yanaşı, qarşımıza gecə-gündüz siyasi-kütləvi işləri gücləndirmək, döyüşçüləri ilhama gətirmək, nikbin əhvali-ruhiyyə yaratmaq vəzifəsi qoyulmuşdu.

Cəbhə komandanlığı ilə ali baş komandanlıq arasında möhkəm rabitəni təmin etməli idik. Vəzifə ağır, həm də şərəfli idi. Etibar olunan bu işin hər bir şəraitdə təmin olunması döyüşlərdə qələbə qazanmaq üçün qarşımıza qoyulmuş ən mühüm tələblərdən biri idi. Düşmən də bunu yaxşı bilir, döyüşün qan damarlarını ürəkdən qırmaq üçün əlindən gələni əsirgəmirdi. İtkilərimiz az deyildi...

 VIII. Düşmən mühasirədə

Noyabrın 19-u və yanvarın 31-i günlərini xüsusi hisslərlə xatırlayıram. Noyabrın 19-da  almanların böyük bir qüvvəsini mühasirəyə almış, təslim olması üçün ultimatum vermişdik. Düşmən qərargahına gedən nümayəndə heyətinin sağ-salamat, həm də xeyir xəbərlə qayıtmasını səbirsizliklə gözləyirdik. Onların gecikməsi narahatlığımıza səbəb oldu. Sonradan bildik ki, almanlar təslim olmaq tələbini rədd etmişlər. Düşmənin VI ordusunun komandanı fon Paulus Hitlerin yanından yeni rütbə ilə - feldmarşal rütbəsi ilə qayıtmış, 330 minlik ordusunu mühasirədən xilas edəcəyinə və tam qələbə çalıb Stalinqradı tutacağına, Volqa boyu arxadan Moskvaya hücum edəcəyinə, Bakını belə zəbt edəcəyinə söz vermişdi...

IX. Əsir feldmarşal

Yanvarın 31-i isə çox sevincli idim. Qarlı-boranlı bir gün idi. Biz Zavarıkino kəndinin kənarındaydıq. Qızğın döyüş gedirdi. Səhər tezdən qulağıma dəydi ki, feldmarşal Paulus və 16 hitlerçi general qəhrəman döyüşçülərimiz tərəfindən Stalinqrad vağzalının  zirzəmisindəki qərargahında əsir götürülüblər. Bu şad xəbəri döyüşçülərimizə ümumi sözlərlə deyil, rəsmi məlumatla çatdırmaq istəyirdim. Cəbhə mətbuatı mətbəəsinin yerini bilirdim. Tez qaçdım ora. Yolda mənə tanış olan mayora rast gəldim. O, Rokossovskinin yavəri idi. Mənə xoş xəbər verdi və "Əgər onları görmək istəyirsənsə, gedək!”- dedi. Biz ikimərtəbəli binanın eyvanından keçəndə rəsmi qarovulda dayananlar qabağımı kəsdilər. Mayorun göstərişi ilə içəri girdik. Kimləri görsəm yaxşıdır? "İldırım sürəti ilə” buraya qədər böyük ehtiras və ümidlərlə şığıyan "cütbaşlı qartalların” qəfəsə salınmış yarasalarını.

 ...Burada çox qaldım. Feldmarşal Paulus ayaq üstə arxasını pəncərəyə söykəyərək qəlyan çəkir, qalanları - sarıbəniz 35-40 yaşlarında faşist generalları döşəmə üzərindəki küləşin üstündə uzanıb danışırlar. Onlar tam tərksilah olunmuş, kitellərinin boğazını açmış, kəmərləri çıxarılmışdı. Danışıqlarında nə isə bir istehza hiss olunur. Ürəklərindəki kədər və qüssəni, yanaqlarındakı məyusluğu dodaqlarındakı yalançı təbəssümlə ört-basdır etməyə və özlərini məğrur göstərməyə  çalışırlar. Onlar, başda feldmarşal olmaqla bizimkilərin suallarına xüsusi bir əda və vurğularla cavab verirdilər.

X. Kursk çıxıntısı. Ukrayna döyüşləri.

Biz Stalinqrad cəbhəsində böyük qələbə çaldıq və qərbə - düşmənin yuvasına doğru irəlilədik. 1943-cü ilin yay aylarında Kursk çıxıntısında idik. Burada düşmənin daha quduz planları ilə üz-üzə gəldik. Almanlar Oryol-Xarkov-Kursk karxanası düzəltmək, bizi mühasirəyə almaq, Stalinqrad cəbhəsinin yaralarından intiqam almaq niyyətində idi. Hətta bu niyyətlə iyulun 6-da bütün qüvvəsini səfərbərliyə alaraq üstümüzə güclü hücuma keçdi və  biz 10-12 kilometr geri çəkilməli olduq. Lakin iyulun 13-dən başlayaraq hücumlarımızın ardı-arası kəsilmədi.

Noyabrın 3-də Dnepri yarıb keçdik, 6-da isə Kiyevi düşməndən təmizləyib irəlilədik...

1944-cü ilin mart ayıdır. İndi biz Qərbi Ukraynadayıq, Lvov vilayətində Ternopoldan 12 kilometr aralı Zbaraj şəhərində. Yüngül yaralanmışam. Biz Şepetovkada ikən general-polkovnik Vatutin hissəmizə gəlmişdi, bizimlə mehribancasına görüşdü. Onu yola saldıqdan az sonra  eşitdik ki, düşmən gülləsindən ağır yaralanıb...

Ukraynada döyüşür, irəlilədikcə ölkənin tarixi yerlərindən keçir, bəzi qeydlər götürürdük. Nejin şəhərində N.V. Qoqolun evində oldum... 

XI. Sandomir

Həmin ilin iyul ayının 12-də biz Visla çayını keçdik. Bir neçə gün Çexoslovakiyanın dağətəyi yerlərində vuruşduqdan sonra Polşa ərazisinə keçdik. Ordu hissəmiz tez bir vaxtda 120 kilometr sahil boyu eninə və 50 kilometr içəriyə doğru irəliləmişdi. Düşmən bizim bu irəliləməyimizdən çox hiddətlənmişdi. Nəyin bahasına olursa-olsun, tələfat vermək, Visla və San çaylarının birləşdiyi yerdə dupduru suyu al-qana qərq etməyi qarşısına məqsəd qoymuşdu. Şiddətli vuruşmalar getdi. Biz avqustun 18-də Polşanın ən böyük şəhərlərindən olan və böyük strateji əhəmiyyətə malik Sandomiri tutduq, mövqeyimizi möhkəmləndirdik, irəlilədik.

Avqustun 28-də səhər saat 5-6 radələrində Krakovun təxminən 50-60 kilometrliyində gərgin döyüş zamanı ağır yaralandım. Lvov, Həştərxan və Kislovodsk hospitallarında bir ilə yaxın müalicə olundum...

1945-ci ilin noyabrında ordudan tərxis olundum.

 Yenə də Biləcəri

Biləcəri stansiyasına yaxınlaşdıqca, onu keçib Bakıya doğru irəlilədikcə bütün 6 illik həyatımda baş verən hadisələr bir kino kimi gözlərim önündən ötürdü. Dönüb yanımdakı sərnişinlərin birindən soruşdum:

- Bu gün ayın neçəsidir?

 O, müəmmalı sualıma zarafatyana cavab verdi:

- Bu gün noyabr ayının düz 26-dır, əzizim, - dedi...
 muallim.edu.az
 



Загрузка...
Həmçinin oxuyun:
Böyük qələbədə payı olan azərbaycanlı

Böyük qələbədə payı olan azərbaycanlı

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

“Təəssüf ki, hələ də bir çoxları bu tarixi günü yanlış mövqedən qiymətləndirir…”

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev

54 nəfəri düşmən mühasirəsindən çıxaran, “Azərbaycan Bayrağı” ordenli- Hikmət Ağayev

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Pearl Harbor əməliyyatı və ABŞ-ın müharibəyə qoşulması

Pearl Harbor əməliyyatı və ABŞ-ın müharibəyə qoşulması

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Səməd bəy Mehmandarovun doğum günüdür

Səməd bəy Mehmandarovun doğum günüdür

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

"Orta məktəblərdə hərbi fənnin tədrisi gücləndirilməlidir"-Şahlar Əsgərov

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Azərbaycan Silahlı Qüvvələri günü

Azərbaycan Silahlı Qüvvələri günü

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

Düşmən təxribatının qarşısını alan əsgərin dəhşətli vəziyyəti- Barmaqsız qalıb, bədəni cırıq-cırıqdır... VİDEO

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

Bakıda intihar edən gənc 7 dil bilirmiş - Dostu danışdı

Bakıda intihar edən gənc 7 dil bilirmiş - Dostu danışdı

Hərbi hazırlıq müəllimindən Mikayıl Cabbarova məktub

Hərbi hazırlıq müəllimindən Mikayıl Cabbarova məktub

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinə yekun vurulub

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul balları artırıldı

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Azərbaycanlı müəllim xərçəngə tutuldu -Hamını kövrəldən əhvalat

Hərbi rəhbərlərə qarşı haqsızlıq

Hərbi rəhbərlərə qarşı haqsızlıq

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”