Günlərdir, karantin rejimində yaşayırıq. Əlbəttə, bu kritik vəziyyət hər kəsə eyni səviyyədə təsir göstərmir.
Bəziləri evdə qalıb ailələri ilə vaxt keçirməkdən məmnun olsa da, digərləri isə rutin həyatları üçün darıxdıqlarından stress və qorxu halları ilə üzləşirlər. Psixologiyada yaranan problemlər uşaqlardan da yan keçmir.
Əksər ailələrdə valideyn uşaq münasibətləri yaxşılaşsa da, bəzilərində durum əksinə dəyişir. Səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar üçün karantin müddəti çətinləşir.
"Sherg.az" bu məsələ ilə bağlı tövsiyyələrini öyrənmək üçün psixoloq Narınc Rüstəmova ilə əlaqə saxlayıb, həmsöhbət olduq. Narınc xanım karantin rejiminin şərtləri yumşaldılmış olsa da psixoloji cəhətdən təsirlərinin davam etdiyini bildirdi:
"Xüsusilə də işləyən insanlar üçün çətindir. Karantin müddətində problemi qadınlardan çox kişilər yaşayır. Çünki evdar xanımların əksəriyyəti normal vaxtlarda da karantin rejimində kimi yaşayırdı. Ona görə çox çətin deyil. Amma uşaqların məktəbə, bağçaya getməməsi evdəki problemləri üzə çıxarır. Uşaqlar darıxırlar, çölə çıxıb, parka gedə bilmirlər. Bunlar da dörd divar arasında, daha çox qapalı mühitdə qalan uşaqlarda aqressivlik, davranış pozuntuları, dərsə qarşı diqqətsizlik yaradır. Bununla yanaşı, televizor, telefon, planşet və elektron cihazlara bağlılıq artmağa başlayır. Bu da valideynlərin uşaqla ünsiyyətə girməsini çətinləşdirir. Həqiqətən də psixoloqlara ehtiyac artmağa başlayır. Bununla bağlı valideynlər çox suallar yazırlar. Şükürlər olsun ki, onlayn dərslər var. Əksər uşaq bunu qəbul edir. Amma təbii ki, sinifdə oturmaq, kollektiv ruhu ilə dərs keçməyin effektini vermir. Uşaqlar elektron cihazların qarşısında yorulurlar. Belə bir situasiyada valideynlər nə etməlidirlər? Karantində də olsalar günlük rejimdən çıxmamalıdırlar. Stress faktorunu artıran amillərdən biri yuxusuzluqdur. İnsanların çoxunda yuxu pozğunluğu var, rejimləri dəyişib. Yuxu rejiminə əməl olunmur, uşaqlar enerjini doğru istifadə etmir. Həmişə saat 9-da yatıb, məktəbə gedib gələn uşaqlar bu gün 1-də, 2-də yatırlar. Çox gec saatlara qədər oyaq qalırlar. Bu həm də stress faktorunu gücləndirir. Çünki yuxusuzluq davamsızlıq yaradır. Özündən çıxma, aqressivlik çoxalır. Bunun üçün də günlük rejimdən çıxmamalıdırlar. Karantindən öncə böyüklər, xüsusilə də uşaqlar saat neçədə yatırdılarsa ona geri dönsünlər. Qidalanma rejimini ona uyğun etsinlər. Axır vaxtlar evdə çox qaldıqları üçün hər kəs şirniyyat bişirir. Hamı evdə çörək, börək kimi yeməklər hazırlayır bu da rejimin pozulmasına gətirib çıxarır. İstər günlük yeməyə, istər yatmağa istərsə də dərs oxumağa riayət etməlidirlər. Məsələn çalışsınlar hamı 8-də, 9-da yuxudan dursun. Saat 11-də, 12-də oyananda rejim pozulur. Belə olduğu halda həm karantin müddətini həm də sonrakı mərhələni çətin keçirəcəklər. Adaptasiya istər uşaqlar, istərsə də böyüklər üçün çətin olacaq.
Psixoloq uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsinin vacibliyindən də söz açdı:
"Bunun üçün çox pul xərcləməyə, oyuncaq almağa ehtiyac yoxdur. Yəni adi oyunlar, yarışlar təşkil edə bilərlər. Xüsusilə də bacı qardaş olan uşaqlara valideynlər daha çox vaxt sərf etməlidir. Elə etmək lazımdır ki, uşaq darıxmasın. Darıxan uşaq dalaşacaq, bir problem yaradacaq. Ona görə maraqlı oyunlar, sual-cavablı yarışlar hazırlayıb, şokoladla mükafatlandırsınlar. Sonra adi oyunlar oynasınlar. Məsələn, noxudla lobyanı qarışdırıb vaxt qoya bilərlər ki, hər ikisini ayrı qablara yığ. Burda çox pul xərcləmək yox, biraz fantaziyanı işlətmək lazımdır. Şükürlər olsun ki, psixoloqlar, pedaqoqlar sosial şəbəkələrdə maraqlı oyunlar paylaşırlar, onları tətbiq etsinlər. Uşaqlar üçün doğru zaman qursunlar. Əgər uşaq telefonda çox vaxt keçirirsə ona aludə olacaq. Hətta karantin müddətində böyüklərdə də bağımlılıq artıb. Hər kəs sosial şəbəkələrdədir, telefondan çox istifadə edir. Bu da sinir sisteminin pozulmasına, aqressivlik yaranmasına gətirib çıxardır.
N.Rüstəmova böyüklərin də bəzi məqamlara diqqət etməli olduqlarını söylədi:
"Aralarında məsafəni saxlasınlar, bir-birləri üçün darıxmırlar. Evin içində də olsalar, yaxın təmasdan uzaq dursunlar, bir-birlərinin şəxsi zonasına hörmət etsinlər. Yəni biri kitab oxuyursa, digəri ev işi ilə məşğul olsun. Əks halda aqressivliyin artmasına gətirib çıxarır. Hərə bir otaqda nə iləsə məşğul olsun. Bu şəkildə münasibətləri tənzimləsinlər. Əsasən qadınlar həyat yoldaşları çox vaxt keçirmək istəyir. Bu da aqressivliyə, davaların artmasına gətirib çıxarır. Bunun üçün də əlavə məşğuliyyət saatları ayırsınlar. Məsələn biz evdə lato, oyun kartları ilə oynayırıq. Uşaqlarla birlikdə maraqlı yarışlar təşkil edirik, oyun xəmirləri ilə oynayırıq. Valideyn zamanı doğru bölməlidir . Bir də dərslərə çox önəm versinlər. Günlük rutin həyatlarından çıxmasınlar. Bu insanların aqressivliyini, bir-birləri ilə yola getməmələrini aradan qaldıracaq”.
Mütəxəssis qeyd edib ki, bir-birlərində hüzur tapan cütlüklər üçün karantin müddəti gözəl keçdi:
"O insanlar üçün çətin oldu ki, karantindən öncə problemlərin üzərinə getməyib, sonra həll edərəm deyirdilər. Bu gün problemləri ilə üz-üzə qalıblar. Ona görə konfliktləri çox olur. Məsələn uşaqlarında davranış problemi olub. Fikirləşib ki, sonra da maraqlanaram və ya məktəbdə müəllim düzəldər. İndi məktəb də yoxdur. Evdədilər uşağın problemlərini daha çox görməyə başlayır. O demək deyil ki, yeni yaranıb. Öncə də var idi amma bu günlərdə daha da pisləşib. Və ya ər arvad öz aralarında problemləri karantin müddətində şiddətlənib. Amma olmayan bir şey karantin zamanında üzə çıxmaz. Yəni öncələr də uşağın dərsə diqqətsizliyi var idi amma bu dövrdə daha da artıb. Fürsət düşüb, məktəbə getmək tələb olunmur, parta arxasında oturmur. Bu şəkildə problemləri var. Ona görə hər şeyi vaxtında düzəltmək lazımdır. Bu bizə dərs oldu ki, heç vaxt problemlərimizi arxaya atmaq, bu günün işini sabaha buraxmaq lazım deyil. Sabah bilmirik nə olacaq. Heç kimin pandemiyanın olacağından xəbəri yox idi. Ona görə də ər-arvad və ya uşaqlarla bağlı problemlər zamanında düzəlməlidir, şiddətlənib dözülməz hala gətirməsin. Bu, insanın özünü faydasız hiss etməsi hallarına gətirib çıxara bilər”.