Böyük Britaniyanın "The Times Higher Education" nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings -2020) tərtib edib. Impact Rankings Birləşmiş MillətlərTəşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir. Tədqiqat universitetlərin üç geniş sahədə - tədqiqat, informasiya-təbliğat və idarəetmə üzrə hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalardan istifadə edir.
THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən 766 universitet daxildir. Siyahıya ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir. Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney Universiteti və La Trobe Universiteti. Yaponiya reytinqdə ən çox - 63, Rusiya 47, Türkiyə isə 37 ali məktəblə təmsil olunur.
Dünya reytinqinə Azərbaycanın 2 ali təhsil müəssisəsi daxildir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.
Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqdə universitetlərin BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə dəyərləndirilir.