Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev onlayn qaydada növbəti iclas keçirib. Görüşün məqsədi ali təhsil ocağında universitetin LMS (Learning Management System) Öyrənmənin idarəolunması sisteminə hazırlığın vəziyyəti, sərbəst iş mövzularının müəllimlər tərəfindən təqdim edilməsi, dövlət imtahanları və buraxılış işləri, online və offline qaydada keçirilən dərslərin müzakirəsi olub.
Bu barədə NDU-dan məlumat verilib. Bildirilib ki, rektor, ilk növbədə müxtəlif proqramlar vasitəsilə aparılan online dərsləri təqdirəlayiq hal kimi dəyərləndirib, sistemli keçirilən elektron dərslərin artıq ölkəmizin bir çox universitetlərində də tətbiqinin nümunəvi addıma çevrildiyini söyləyib.
İclasda dekanlar rəhbərlik etdikləri fakültələr üzrə müvafiq ixtisaslara uyğun keçirilən online dərslər haqda danışıblar. Bildirilib ki, elektron dərslərin keçirilməsi artıq müəyyən bir ardıcıllıq və sistem üzrə həyata keçirilir. Məlumat verilib ki, son iki ay ərzində müəllimlərin iştirakı ilə onlayn dərslərin sayı 3000-ə çatdırılıb.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov buraxılış işi və yekun dövlət attestasiyalarının keçirilmə qaydalarına dair çıxış edib. Bildirilib ki, universiteti bitirən 1262 nəfər məzunun 594-ü dövlət imtahanı, 668-i isə buraxılış işi müdafiə edəcək. Buraxılış işlərinin hazırlıq vəziyyətinə nəzər salan prorektor vurğulayıb ki, artıq dövlət imtahanları da kafedralarda və fakültə Elmi Şuralarında müzakirə edilib. Mövcud fakültələr üzrə buraxılış işi və dövlət imtahanlarının statistikası diqqətə çatdırılıb.
Məsafədən təhsilin online forması ilə bərabər, offlayn forması olan və KOİCA şirkəti tərəfindən NDU üçün "Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqda universitetin xarici tələbələr üzrə dekan müavini, distant təhsil şəbəkəsinin administratoru Hüseyn Qasımov məlumat verib.
Qeyd edilib ki, artıq hər bir tələbənin adı, fənnlər, tədris planları sistemə daxil olunub, elektron mühazirə otaqları yaradılıb. Bu platforma vasitəsi ilə tələbələrə mühazirələrin, video dərslərin, kurs işi və sərbəst iş mövzularının çatdırılması nəzərdə tutulur. Sistemdə, eyni zamanda tələbələrin öyrənməsinə nəzarət üçün onlara test və ya açıq tipli sualların verilməsinin həyata keçirilməsi də mümkündür.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Aqşin Məhərrəmov bildirib ki, artıq ali təhsil ocağının professor-müəllim heyətinin iştirakı ilə videodərslər yazılaraq sayt üzərindən tələbələrin elektron kabinetlərinə yerləşdirilib.
Sonda rektor qaşıya qoyulan vəzifələri müəyyənləşdirib. Vurğulanıb ki, virtual əlaqə zamanı dekan, kafedra müdirlərinin dərslərdə iştirakı təmin olunmalıdır. Bu, tələbə və müəllimin qarşılıqlı məsuliyyətinin artmasına və tədrisin keyfiyyətinə birbaşa təsir edən faktor kimi əhəmiyyətlidir. Diqqətə çatdırılıb ki, laborotoriyalarda təcrübələr keçirilməli, tələbələr bu imkanlardan da onlayn faydalanmalıdır