Xəbərlər
30 yanvar 2017
5 619


“Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - RƏSMİ AÇIQLAMA

“Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - RƏSMİ AÇIQLAMA
 
Aztehsil.com xəbər verir ki, moderator.az saytının əməkdaşı Bakı şəhər təhsil idarəsindən konkret olaraq ""Yoxlama” verilişi məktəbdə çəkiliş apaprmaq üçün sizdən icazə almışdımı?” və "Ümumiyyətlə KİV nümayəndələrinin məktəblərdə yoxlama aparılmasına icazə verilirmi?” suallarına cavab alıb. Təhsil İdarəsindən alınan cavabları olduğu kimi diqqətinizə çatdırırıq: 
 
"Ümumiyyətlə, ümumi təhsil müəssisələrində video və foto çəkiliş aparılması, reportaj hazırlanması ilə bağlı razılıqların verilməsi "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən, sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi və ya sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı əldə etmək hüququna malikdir. Həmin qanunun 24.1-ci maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir.
 
Həmçinin, onu da qeyd edək ki, "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
 
Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə çəkiliş aparmaq məqsədilə "Yoxlama” verilişinin rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə heç bir sorğu daxil olmamış, çəkiliş qrupunun məktəbə daxil olmasına və orada çəkiliş aparmasına müvafiq razılıq alınmamışdır.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətində Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan BŞTİ-nin fəaliyyəti və idarənin tabeliyindəki təhsil müəssisələrinin həyatında baş verən yeniliklər haqqında məlumatlar operativ şəkildə ictimaiyyətə çatdırılır.
 
Təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, "Təhsil haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa üstünlük verilir”.
 
Onu da qeyd edək ki, BŞTİ-nin verdiyi məlumata görə, 171 saylı tam orta məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilib.
Məqalə Göndər








Загрузка...