"Təhsilimizin ən çox dəyişikliklərə məruz qalan sahələrindən biri də müəllimlərin işə qəbulu və dərs yükü ilə bağlı qaydalardır ki, bu da bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır”.
"Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. Müəllimlərin dərs bölgüsü ildə iki dəfə – tədris ilinin sonunda – müəllimlər növbəti əmək məzuniyyətinə getmədən, ikinci və sonuncu dərs bölgüsü isə müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra, avqustun axırı – sentyabrın əvvəli yekunlaşır və yeni tədris ilinin birinci Pedaqoji Şurasında təsdiq olunur. Onu da xatırlatmaq yerinə düşər ki, dərs yükü ilə bağlı normativlər dəfələrlə dəyişib. Uzun illər bir stavka 18 saat müəyyən olunub. Bu illər ərzində müəllim 27 saata qədər, yəni 1, 5 stavka həcmində yüklənə, 240 saat həcmində əvəzçilik qaydası ilə saat hesabı dərs apara bilərdi. Hətta bir müddət, müəllimin maksimum dərs yükünə əksər ölkələrdə olduğunu kimi bizdə də məhdudiyyət qoyulmadı. Halbuki, dünya təcrübəsində məktəblərdə bu məsələyə müəssisənin ehtiyacları, müəllimlərin potensial imkanları baxımından yanaşılır. Bir müddət sonra təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) kimi müəyyənləşmişdi. Daha sonra Nazirlər Kabinetinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırıldı. Yeri gəlmişkən qeyd edək ki, dünyanın əksər ölkələrində ümumtəhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) müəyyənləşdirilir. Maksimum həddə isə məhdudiyyət qoyulmur. Bütün bunlar məsələnin hüquqi tərəfidir”.
"Məsələnin digər tərəfi isə müəllimin nəzərdə tutulan bu dərs yükünün öhdəsindən nə dərəcədə gəlməsi ilə bağlıdır. 2019-cu il sentyabrın 15-dən qüvvəyə minən dəyişikliyə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərdə 1 stavka dərs yükü 18 saata çatdırıldı. Mövcud qaydalara əsasən dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat, yəni həftəlik dərs yükü 2 stavkadan artıq olmamaq şərti ilə müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir”.
"Onu da qeyd edim ki, Təhsil nazirinin 7 oktyabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları”nda "Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır” bəndi özünə yer alıb.Bu o deməkdir ki, əgər həmin ixtisasdan dərs saatları kifayət həcmdədirsə, eyni ixtisaslı bütün müəlimlər arasında 18 dərs saatı olmaqla bölünür. Eyni ixtisaslı hər müəllim 18 dərs saatı ilə təmin olunduqdan sonra qalan dərslər dioqnostik qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər arasında bölünür”.