Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb
Yanvar ayının 15-də ölkənin bütün bölgələrində olduğu kimi Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin də iştirakı ilə Respublika fənn olimpiadasının rayon mərhələsi həyata keçirilib. Rayon mərhələsində iştirak edən şagirdlərdən 36 nəfəri rayon üzrə 60% və yuxarı nəticə topladıqları üçün Respublika fənn olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Olimpiadanın rayon mərhələsində iştirak etmiş şagirdlərdən coğrafiya fənni üzrə 12, riyaziyyat fənni üzrə 8, biologiya fənni üzrə 7, tarix fənni üzrə 6 və Azərbaycan dili fənni üzrə 3 nəfər uğurlu nəticə göstərərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Onu da qeyd edək ki, yarımfinal mərhələsinə vəsiqə qazanmış şagirdlərdən Samux şəhər 1 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Savalan Məmmədov Tarix fənnindən verdiyi imtahanda təqdim olunmuş 30 sualdan 29-na düzgün cavab verib və 96% nisbəti ilə rayon üzrə ən yüksək nəticə göstərib.
aztehsil.com
Nurəddin Babayev(Samux rayon təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)