AzTehsil.com


Xəbərlər / Maraqlı
13 mart 2020
1 247


İnformasiya, yoxsa diqqət?



 

Məlumat bolluğu yaddaş probleminə səbəb olur
Araşdırmalar nəticəsində məlum olub ki, istənilən sahədə çalışan mütəxəssis uzağı 11 dəqiqədən sonra üzərində işlədiyi işdən yayınır. Daha doğrusu, onu yayındıran amillərin təsiri ilə işini yarımçıq qoyur. Bu azmış kimi, onun yenidən işinin başına keçməsi üçün ən azı yarım saat tələb olunur. Məşğuliyyətindən yayınan əməkdaşların 40%-i isə həmin gün, ümumiyyətlə, işlərini bərpa etmir. Günümüzün reallığıdır, ona görə də təsəvvür etmək çətin deyil: ofis işçisi 6-dan 20-dək giriş parolunu əzbər bilmək məcburiyyətindədir. Bu, yeni nəslin nümayəndələri üçün nisbətən asan başa gəlir, axı onlar rəqəmsal dövrün yetirmələridirlər. Bəs yaşlı nəsil nə etsin? Həllini gözləyən problem və qayğı, bir tərəfdən də çoxsaylı parollar...

 

Yüz dəfə oxumaqdansa, bir dəfə görmək yaxşıdır

 

Ötən əsrin 80-ci illərinin sonlarında NASA-nın diqqətini belə bir məsələ cəlb edir: olduqca məşğul və gərginlikdə olan astronavtlara məlumatı necə çatdıraq ki, onların diqqətini cəlb etsin? Əgər ötürülən informasiya cəlbedici olmasa, astronavtlar ona diqqət yetirməyəcəklər. Böyük olsa, ümumiyyətlə, baxmayacaqlar və nəticədə milyonlarla dollar fəzada itib-batacaq. Yəni, informasiyanın xarakteri və ötürülmə vaxtı çox önəmlidir. Tezliklə araşdırmaçılar gördülər ki, mətndən ibarət informasiyaya astronavtlar fikir vermirlər, görüntülü məlumat isə o dəqiqə diqqəti cəlb edir.

 

Əgər bu nəticəni göylərdən yerə endirmiş olsaq, görərik ki, müasir insan hədsiz informasiya axınında, belə demək mümkündürsə, "başını itirib”. İnternet bir tərəfdən, mobil rabitə digər. Sosial şəbəkələr aman vermir, televiziya və radio isə həmişəki kimi, öz işindədir. Bütün bunlar onu göstərir ki, dövrümüzün əsas problemi informasiya yox, diqqətdir.

 

Biz elə bir rəngarəng məlumat mühitində yaşayırıq ki, bütün digər problemlərimiz fonunda bu axının saf-çürük edilməsinə saatlarla vaxtımız gedir. Bütün bunlar isə diqqət və yaddaş möhkəmliyi tələb edir. Fikir vermisinizmi, qəzetlər və ya informasiya saytları xəbərlərində ağırlığı şəkillər və görüntülərə salırlar. Məlumat isə cəmi bir neçə cümlədən ibarətdir. Analitik mətn məhz analizlə məşğul olan şəxslərin professional maraq sferasına çevrilib. Elə bilirsiniz onların yuxarıda yazılanlardan xəbərləri yoxdur? Əlbəttə, var!

 

Təsəvvür edin, hətta həyatı və işi kompüterlə bağlı olan şəxslər belə, hər hansı məsələni unutmamaq üçün monitorun küncünə xüsusi yaddaş stikerləri yapışdırırlar. Onlar da bilirlər ki, vizual yaddaş daha möhkəmdir. Daha bir çıxış yolu bizim gündəlik həyatımızdan informasiya mənbələrini silməkdir. Nə TV, nə radio, nə də internet. Edə bilərikmi bunu? Yəqin razılaşarsınız ki, heç də hamı risk etməz. Ona görə də bu sahənin mütəxəssisləri yaxşı çıxış yolu tapıblar. İnformasiya texnologiyaları elə istehsal olunacaqlar ki, hansı sahənin məlumatı ilə daha çox maraqlandığınızı görüb, sizi yalnız o sferaya dair xəbərlərlə təmin edəcəklər. Belə bir praktika artıq mövcuddur. Məsələn, "Youtube”da 3-4 gün rok qrupların kliplərinə baxın. Tezliklə görəcəksiniz ki, o özü sizi "Pink Floyd”dan tutmuş "Cinderella”yadək bütün rok əfsanələrinin məhsulu ilə təmin edəcək. Sonra keçin bir neçə gün "soul” musiqiyə, görün "Youtube”da öz simasını necə dəyişib pop təminatçısına çevriləcək.

 

"Qarşıdakı 50 ilin tarixi” kitabının müəllifi Riçard Uotson hesab edir ki, yaxın illərdə insan canını kompüter ekranlarından qurtarmaq üçün inqilabi kəşflərə imza atacaq. Məsələn, məişətdə istifadə etdiyimiz istənilən cihaz bizim üçün həm də kompüter və ya informasiya mənbəyi olacaq. Paltar ütüləyərkən ütüdən kompüter monitoru və ya radio kimi də istifadə edəcəyik. "Yüzlərlə şirkətdə inkişaf tendensiyaları barədə mühazirələr oxumuşam. Birdən anladım ki, dediklərim əksəriyyətin bir qulağından girib, digərindən çıxır. Taktikamı dəyişdim. Keçdim vizual görüntülü informasiyaya. Nəticəsi gözlədiyim kimi oldu”, - deyə Uotson yazır.

 

Elm və texnikanı dəyişəcək trendlər

 

Müxtəlif elm və texnoloji sahələrin bir araya gəlməsi bəşəriyyət tarixində ağla sığmayacaq miqyaslı kəşflərə səbəb olur və olmaqda davam edəcək. Məsələn, tibb, nano və robot texnologiyasının birləşməsi səhiyyə sahəsində elə kəşflərə yol açacaq ki, insan həyatının ən müxtəlif sahələrinə təsir göstərəcək. Tibb inkişaf edəcək, xəstəliklərin çözümü tapılacaq, insan həyatı uzanacaq. Bu isə özünü bank əməliyyatları və sığortadan tutmuş əmək bazarı və sosial sferayadək hər yerdə göstərəcək. R.Uotson yaxın gələcəkdə elm və texnikanı dəyişəcək 5 əsas tendensiyanı qeyd edir:

 

- Nanotexnologiyalar. Bu sahə yeni minilliyin ən vaciblərindən biri olacaq. Sənayenin bütün sahələri - aerokosmikdən tutmuş tikinti, energetika və tibbədək nanotexnologiyaların təsirinə məruz qalacaq. Elə məhsul ortaya çıxarılacaq ki, onun barəsində biz hazırda heç nə bilmirik. Müsbət məqamlarla yanaşı, təhlükələri də unutmamalıyıq. Cəmiyyət hələlik nanotexnologiyalardan törəyə biləcək hər hansı təhlükə barədə düşünmür. Ancaq bu biganəlik ilk insidentə qədər davam edəcək...

 

- Biotexnologiyalar. 1996-cı ildə ilk qoyun klonlaşdırıldı - Dolli. O vaxtdan bəri az qala bütün heyvanları klonlaşdırıblar. Yəqin ki, ilk insan-klona da çox qalmayıb. Təsəvvür edin ki, alimlər bu yolla super-insan "yetişdirmək” istəsələr, nə olacaq?

 

- Hiss etməyi bacaran maşınlar. Uotson hesab edir ki, süni intellekt barədə çox danışılsa da, əsl intellekt hələlik yaradılmayıb. Məsələn, təsəvvür edə bilərsinizmi, internet özünün mövcudluğunu dərk etsin? Bilirsiniz nələr baş verər? Uotsona görə, yaxın zamanlarda emosiyalara reaksiya verən maşınların peyda olacağını gözləmək lazımdır. Məsələn, həyatımıza robot-terapevtlər, yaxud robot-teleradioqəbuledicilər daxil olacaqlar. Evə əhvali-ruhiyyəsiz qayıtdınız, o dəqiqə hiss edib sizə əyləncəli film və ya şux musiqi nömrəsi təklif edəcəklər.

 

- Etika. Elmi ixtiralar və texnoloji yeniliklər hər zaman ictimai rəyin diqqətinə səbəb olub. Ancaq indidən belə bu nəzarət daha da güclü olacaq. Uotsona görə, yeni araşdırma və kəşflərə nəzarət hökumətlərin fəaliyyət sferasına daxil olacaq. Yəni elmi-texnoloji yeniliklərin həyata vəsiqə qazanmaları hökumətin iqtisadi, müdafiə və ideoloji maraqlarından irəli gələn milli və xarici siyasət probleminə çevriləcək.

 

- Robotlar. Yaxın zamanlarda orduda xidmət keçən robotları görəcəyik. Pentaqon son 30 ildə bu sahəyə 127 milyard dollar vəsait sərf edib. 2005-ci ildə ABŞ İraqa ilk robot-hərbçisini göndərib. Hələlik onları müəyyən məsafədən insan idarə edir. Ancaq vaxt gələcək döyüşçü-robotların "iş”ində insan müdaxiləsinə ehtiyac qalmayacaq. Kompüter texnologiyasının qiymətlərinin getdikcə aşağı düşməsi onunla nəticələnəcək ki, robotlar həyatımızın ən müxtəlif sahələrində bizi müşayiət edəcəklər. Uotson yazır: "Evdar robotlar döşəməni siləcəklər, dərmanlarımızı verəcəklər, sənaye robotları isə ziyanlı materiallarla işləyib bizi təhlükəli mexanizmlərdən qoruyacaqlar. Onlar dükanlardan bağlamalarınızı evə gətirməyə, yaxud xəstəxanalarda xəstələrə, evlərdə isə ahıllara köməklik göstərəcəklər. Ancaq onların nə vaxtsa insanla ünsiyyətə girə biləcəkləri, yaxud bizim üçün heyvanları əvəzləyəcəkləri indi əksəriyyətin mənfi cavablandırdığı sual olaraq qalır. Di gəl ki, zamanla çox şey dəyişə bilər...”.
(Əvvəli ötən sayımızda  https://www.muallim.edu.az/news.php?id=10106 )
 muallim.edu.az 
 



Загрузка...
Həmçinin oxuyun:
Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

"Təhsil artıq yaddaşa əsaslanmayacaq"-Gələcəkdə baş verəcək dəyişikliklərə hazır olmaq lazımdır...

"Təhsil artıq yaddaşa əsaslanmayacaq"-Gələcəkdə baş verəcək dəyişikliklərə hazır olmaq lazımdır...

III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq

III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq

Robotlar dad və qoxunu hiss edəcəklər

Robotlar dad və qoxunu hiss edəcəklər

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

Robot tibb imtahanı verib həkim lisenziyası aldı - ÇİNDƏN DAHA BİR İLK

İtib-batmaqda olan sənət növləri peşə məktəblərində tədris edilə bilər..

İtib-batmaqda olan sənət növləri peşə məktəblərində tədris edilə bilər..

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

2019-cu ilin təhsil trendləri

2019-cu ilin təhsil trendləri

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

YADDAŞ - 2

YADDAŞ - 2

Məktəblilərin psixoloji xüsusiyyətləri

Məktəblilərin psixoloji xüsusiyyətləri

TƏRBİYƏDƏ ATANIN ROLU

TƏRBİYƏDƏ ATANIN ROLU

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

Hansı tərz valideynlik daha yaxşı insan formalaşdırır?

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

"Bu gün nə məktəb, nə də dərslik hazırlayanlarımız buna hazır deyil"...Qurban bayramı şagirdlərə necə çatdırılmalıdır?

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

İxtisas seçərkən nələrə diqqət yetirməli?

İxtisas seçərkən nələrə diqqət yetirməli?

"Belə müəllimlər şagirdlərinə nə verə bilər?" - BDU-nun dosentindən AÇIQ MƏKTUB

"Belə müəllimlər şagirdlərinə nə verə bilər?" - BDU-nun dosentindən AÇIQ MƏKTUB