AzTehsil.com


Xəbərlər / Ziyalılar
09 mart 2020
1 609


Tədqiqatçı alim, tanınmış lüğətçi



Tədqiqatçı alim, tanınmış lüğətçi

 

İnsanın xatirələri yaşadığı zamandan çox-çox uzaqlarda qalır. O, hansı hadisədən daha çox təsir görübsə, o hadisə daha tez-tez yada düşür. Yaşa dolduqca hiss edirsən ki, ən yaxın sirdaşın elə işıqlı xatirələrin özüdür.

Bəzən xəyallar, fikirlər adamın yaxasından tutur, hərəsi bir yana çəkir.

"Mən şəkillərə arabir göz yaddaşımı təzələmək üçün baxıram. Ötüb keçən vaxtın rəngləri, qarışıq boyaları durulur xəyalımda... Bu şəkillərdə kimlər yaşamır? Dostlarım, yaxın və doğmalarım, bir də əriyib gedən gəncliyim...

Eh... nə isə! Əgər keçmiş gələcəyə qapı açmağa qadir olmasaydı, həyat başdan-başa ağılsız bir aldatma olardı...”

Dərin fikirlər sorağında olarkən Nəriman müəllim tez-tez bu şeiri zümzümə edir özü üçün...

 Səni tək-tənha qoyduq,

Yağıların əlində,

Gör kimlər at oynadır,

İgidlərin elində,

İndi ah-nalə bitib,

Köçkünlərin dilində,

Səndən ayrı neyləyək,

Həsrətə dözmür ürək,

Cəbrayıl, ay Cəbrayıl!

Vətən niskili, Vətən həsrəti bir an belə Nəriman müəllimi rahat buraxmır.

Yaşadığı illərin rəngi, məna çalarları təkcə özünə agahdı. Yüz yazıla, min deyilə, xeyri yoxdur. Keşməkeşli ömür yolunu özündən yaxşı heç kəs xatırlamır.

 
Böyük alimlərdən söz açmaq üçün şəxsi tanışlıq bir o qədər vacib deyil. Onların həyatı və taleyi açıq kitabdır. İntəhası bu kitabı səhifə-səhifə, sətir-sətir, dərindən-dərinə oxumaq və təmkinlə təhlil etmək bacarığı gərəkdir. Filologiya elmləri doktoru Nəriman Seyidəliyev də bu qisim alimlərdəndir.

"Ömür yalnız yaşanmış illərin sayıyla ölçülmür - görülən işlərin cəmini, arzu və istəyin sədasını, harayını da yaşadır özündə. Üzü gələcəyə doğru gedən yolların hansı dayanacağında ayaq saxlayıb keçmişə baxsam ömrün vərəq-vərəq, sətir-sətir yazılmış xatirələrini görürəm. İlk dəfə dilçilik elminin sehrinə düşdüyüm, xalqımızın zəngin dil xəzinəsinin ovsununda heyrətimdən dilsiz dayandığım vaxtlar yadıma düşür... Və günlərin bir günü özüm də bilmədən başladım bu ovsunun, bu heyrətin səbəblərini arayıb-axtarmağa...”.

Hər bir insanın iki dünyası var - yaşadığı və yaşatdığı dünya... Yaşadığı dünyada öz dünyasını, öz dünyasında yaşadığı dünyanı yaşadır. Ona görə də o bir tərəfdən mühitin və zamanın, tarixin və mədəniyyətin, digər tərəfdən öz-özünün məhsuludur...

Hər şey zamana baxır, zaman heç nəyə... O bəzən coşub-çağlayan, bəzən də dilsiz sular kimi axıb gedir...

 Zamanın rəngi olmur, dadı olur... Eynən xatirələr kimi...

 İnsanınsa əvvəlcə özü olur - sonra adı... Adınsa adlıq nöqtəsi əməldən başlayır. Bəli, əməldən...

 Nəriman Seyidəliyev 1970-ci ildə ordudan tərxis olunduqdan sonra M.F.Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna qəbul olur. Ali məktəbi bitirdikdən sonra dövri mətbuatda müxtəlif publisistik yazılar və elmi məqalələrlə çıxış edir. Və eyni zamanda rayonun Quycaq kəndində müəllimlik edir. Elə dərs deyə-deyə AMEA-nın dissertantı olur. 1989-cu ildə "Azərbaycan dilində üslubi sinonimlər” mövzusunda namizədlik, 2009-cu ildə isə "Azərbaycan dastan və nağıl dilinin frazeologiyası” adlı doktorluq dissertasiyalarını müdafiə edir.

"İnsan həyatında elə mənalı günlər, elə mənalı anlar olur ki, onları zaman-zaman yada salanda qəlbin ilıq hiss və duyğularla riqqətlənir və sən dünyada ən ali, təmənnasız mənəvi dostluğun hər şeydən üstün olduğuna bir daha inanırsan... Əlbəttə, bu cür müşahidələrə hər adam qadir deyil. Bunun üçün firqətən geniş ürəyin, sadə və açıq təbiətin olmalıdır”.

Şəxsən mənim üçün çox əziz olan Nəriman müəllim bu gün dilimizin tədqiqi sahəsində çoxsahəli və səmərəli fəaliyyət göstərir. Onun dilçiliyimizin aktual problemlərinə həsr olunmuş tədqiqatları elmi-nəzəri səviyyəsinə görə diqqəti cəlb edir.

 1994-cü ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda işləyən Nəriman müəllimin "Dini terminlər lüğəti”, "Romantik həyat, romantik düşüncələr”, "Azərbaycan dilinin izahlı lüğəti”, "Alman atalar sözləri, onların azərbaycanca və rusca qarşılıqları”, "Azərbaycan dilinin sinonimlər lüğəti”, "Azərbaycan dilinin orfoqrafiya lüğəti”, "Frazeologiya lüğəti”, "İxtisarlar lüğəti”, "İzahlı onomastik terminlər lüğəti”, "Azərbaycan dilinin sinonimlər lüğəti”, "Stilistiçeskie sinonimı v sovremennom azerbaydjanskom yazıke” (monoqrafiya), "Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” (kollektiv), "Müasir Azərbaycan dilində üslubi sinonimlər”, "Azərbaycan dilinin orfoqrafiya lüğəti” 6-cı nəşr (kollektiv), "Yeni sözlər və yeni mənalar lüğəti” (kollektiv), "Azərbaycan dilində işlənən alman mənşəli beynəlxalq sözlərin izahlı lüğəti”, "Afad Qurbanov və ümumi dilçilik”, "İxtisarlar lüğəti” və başqa kitab və monoqrafiyaları...

Beləliklə, alimin 30-a yaxın kitabı, 250-dən artıq elmi məqaləsi dilçiliyimizə yeni nəfəs, yeni ab-hava gətirmişdir. Müəllifin 5 kitabı isə çapdadır. Mənəvi varlığımızın ayrılmaz tərkib hissəsi olan dilimizin təbliği, onun gözəllik və incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində Nəriman müəllim ciddi səy göstərir.

Doğma vətənimizin sinəsinə qızılgül kimi sancılan Cəbrayıldan kimlər keçməyib, kimlər adlamayıb?...  Axı, torpaq da insan kimidir,  - deyirlər...

 "Qızmar yay dövrünün sonu, qızılı payızın ilk ayının ilk günündə bar-bərəkət rəmzi sayılan bu eldə dünyaya göz açmışam. İndi 70 yaşımın ucalığından baxıb yenə də bu yurdu ruhumun əbədi beşiyi sanıram... Lap yeniyetmə yaşlarından səyahətə çıxmaq, vətən torpağını qarış-qarış gəzib, onun bütün gözəlliyini  göz yaddaşıma köçürmək arzusunda olmuşam. Bəlkə elə ona görə də mənim ömür yolum ucu-bucağı görünməyən, nəhayətsiz yollardan başlayır... Bir gün müəlliməm, bir gün alim. Bir gün isə dilçi-lüğətçi.

"Orta məktəbdə oxuyarkən bir neçə ictimai iş tapşırdılar mənə: divar qəzetinin buraxılışı, komsomol komitəsinin katibi, həmkarlar təşkilatının sədri və sair və ilaxır. Bircə yadımda qalan odur ki, əlavə  işlər dərslərimə mane olmurdu. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra ali məktəb həyatım başladı. Çox tanınmış, görkəmli alim və pedaqoqlardan dərs aldım. Bu təhsil ocağını bitirdikdən sonra çox yerlərdə çalışdım. Lakin 1994-cü ildən əsas iş yerim Dilçilik İnstitutu oldu”.

Bəli, hazırda Nəriman Seyidəliyev AMEA Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 2000-ci ildən AAK-ın qərarı ilə baş elmi işçi vəzifəsini daşıyır. 2012-ci ildən 2016-cı ilədək adıçəkilən institutun nəzdindəki Dissertasiya Şurasının elmi katibi olmuşdur. 2017-ci ildən AAK-ın Ekspert Şurasının üzvüdür.

Məndən soruşsalar Nəriman müəllimin bir insan kimi ən ümdə xüsusiyyəti nədir? Tərəddüdsüz deyərdim: mülayimliyi! Mülayimlik isə daxili mədəniyyətdən və təvazökarlıqdan doğur. Sokratdan soruşdular: Səncə, ən böyük adam kimdir? Dedi: - Özü haqqında kiçik fikirdə olan. Dedilər: - Bəs ən kiçik adam kimdir? Dedi: - Özü haqqında böyük fikirdə olan.

 Nəriman Seyidəliyev üzü ağ dünyanın adamıdı.

Elə bil, bir ovuc qumdur, qum saatına sığışıb ömrümüz... Bu saatın dar boğazından narın qum dənələritək hiss olunmadan anlar, dəqiqələr, saatlar axıb-keçir ömrümüzdən-günümüzdən... Və bu amansız zaman axarının qarşısını almaqda acizdi insan... Bəs, onda  dünyanın əşrəfi sayılan insanın qüdrəti nədədir? - əlbəttə, yazıb-yaratdığı əsərlərində, araya-ərsəyə gətirdiyi elmi yeniliklərində.

Mən Nəriman müəllimin məruzələrində, çıxışlarında, ümumən nitqində aydın təzahür edən iki cəhəti xüsusi vurğulamaq istəyirəm. Birincisi, bu nitqin dilimizin zənginliyi baxımından çox dolğun və eyni zamanda çox səlist, dürüst, dəqiq olmasıdır. İkincisi də bu səlisliyin, dürüstlüyün içində bəzən gizlənən, bəzən açıq görünən yumor hissidir.

Hər  səhər zümrüdü yuxudan durub, ətrafında çöl-çəmən, gözəllik, ucalıq görən insanlar! Salam-əleyküm!.. Ruhum torpağından maya tutan Cəbrayıl yurdu! Heç yadınıza gəlirmi, ürəyimi bu yerlərdə qoyub getdiyim gün? İlahi sevgimə, Tanrı istəyimə əzəl beşik, əzəl yurd! Qeybanə bir səsin sifarişilə hər an bu yerlərə gələndə hayana baxıramsa ağsaqqal atamı, ağbirçək anamı görürəm. Elə bilirəm onlar mənim arzularımın dağ çayındakı sellərinə qovuşub səssiz-səmirsiz axıb gedir...

 Diri dağda bənövşə,

Saralıbmı, solubmu,

Topcağda bağça-bağım,

Görən talan olubmu?

Şişqayanın həsrətdən,

Gözü yaşla dolubmu?

Sönübdümü od-ocaq.

Susubdumu Daş bulaq?

Cəbrayıl, ay Cəbrayıl.

"Deyirlər, elmin vətəni olmur, amma alimin mütləq vətəni olmalıdır. Başqa xalqların dilini öyrənməyə müəyyən zaman məsafəsi kifayət edər, amma öz dilini öyrənməyə, vallah bir insan ömrü bəs etmir. Ömrünün bahar tək körpəlik dövrünü, yay kimi gənclik çağlarını, payız kimi saçlara gümüşü dən düşən vaxtlarını, boranlı-şaxtalı qış günlərinə bənzər uzun gecələrini saysız-hesabsız kitablar arasında keçirmişəm”.

Ömür yolunu ümid yolçuluğuna bənzədirlər. Nəriman müəllim bu yolu qəlbinin işığı, gözünün nuru ilə işıqlandırmışdır. Bu işıq, bu nur onun mehriban çöhrəsindən həm doğmalarının, həm də onu əhatə edənlərin üzərinə düşüb.

Qarşıda hələ onu neçə-neçə yaradıcılıq uğurları, müqəddəs dilimizin saflığı və inkişafı yollarında çətin və şərəfli günlər gözləyir.

İnsanın yaraşığı müdriklik, müdrikliyin yaraşığı təmkinlik, təmkinliyin yaraşığı cəsarət, cəsarətin yaraşığı yumşaqlıqdır.

 Ömrünün yetmişinci pilləsinə qalxanadək böyük tarixi hadisələrin şahidi olan, zəngin həyat təcrübəsinə yiyələnən bu görkəmli ziyalıya bizim hər birimizin ehtiyacımız var...

Fizuli MUSTAFAYEV,

filologiya üzrə fəlsəfə doktoru
  muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda nəşr olunacaq

Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda nəşr olunacaq

Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

Azərbaycan dilində köhnəlmiş sözlərin lüğəti hazırlanır

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verdi

AMEA "əməkhaqqı" sözünün yeni lüğətdən çıxarılmamasına qərar verdi

“Türkmənşəli sözlər lüğəti” çap olunub

“Türkmənşəli sözlər lüğəti” çap olunub

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Yeni orfoepiya lüğəti niyə ləngiyir? -AÇIQLAMA

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

Azərbaycan dilçiliyində frazeologiya nəzəriyyəsi ilk dəfə sistemli təhlil olunub

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb

""Orfoqrafiya lüğəti"nə də alternativ olar?..." - Əlövsət Ağalarov

""Orfoqrafiya lüğəti"nə də alternativ olar?..." - Əlövsət Ağalarov

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Azərbaycan dilinin informasiya bazası yaradılıb

Azərbaycan dilinin informasiya bazası yaradılıb

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Dilimizə 2650 yeni söz daxil olub...Ən çox da bu fənlər üzrə

Dilimizə 2650 yeni söz daxil olub...Ən çox da bu fənlər üzrə

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Azərbaycan dilinin qrammatikası yenilənir - Ən az dəyişiklik Fonetikada olacaq

Azərbaycan dilinin qrammatikası yenilənir - Ən az dəyişiklik Fonetikada olacaq

"Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”

"Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb