Dəyişikliklər namizədlər üçün yeni imkanlar yaradacaq
Məlumat verildiyi kimi, müəllimlərin işə qəbulu qaydalarında xeyli yeniliklər edilib. Müsabiqənin test imtahanı mərhələsində edilən ilk dəyişiklik bu ilin əvvəlində açıqlanmışdı. Bu həftə isə müsabiqə qaydalarına edilən digər dəyişikliklər barədə məlumat verilib. Dəyişikliklər müsabiqənin həm test imtahanı, həm də vakansiya seçimi mərhələlərini əhatə edib.
"Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov yenilikləri şərh edib.
Beləliklə, bu il elan edilən ilk böyük dəyişiklik müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbulu müsabiqəsinin məhz test imtahanı mərhələsində qeydə alınıb. Bildiyiniz kimi, indiyədək test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim edilirdi. Bu ildən qüvvədə olan dəyişiklikdən sonra təqdim edilən suallardan məntiqə aid olanları çıxarılacaq və namizədlər ixtisas, təlim strategiyaları və metodika ilə bağlı 60 sualı cavablandıracaq. Beləliklə, növbəti tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində imtahan verəcək namizədlərə ixtisasa aid 40, təlim strategiyaları və metodikaya aid 20 test tapşırığı veriləcək
Sözügedən dəyişikliyi müəllimlərin sertifikasiyası ilə əlaqələndirən E.Bağırov bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması onların bilik və bacarığını, eyni zamanda peşə yararlılığını ölçən qiymətləndirmə mexanizmidir: "Sertifikatlaşdırma prosesində müəllimlərə məntiqə aid sualların qoyulması nəzərdə tutulmayıb. Müsabiqə proqramında yalnız müəllimin ixtisasına və peşəsinə uyğun suallar təqdim edilir. Sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı "Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə əsasən mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsində ilk dəfə işə qəbul edilən müəllimlər işə başladığı ilk beş il ərzində serifikatlaşdırmadan keçməyəcəklər. Yəni, müəllimlərin işə qəbulu imtahanlarından keçənlər sertifikatlaşdırma prosesindən də keçmiş sayılırlar. Bu da proseslərin məzmununu eyniləşdirmək zərurəti yaradıb”.
Test imtahanı mərhələsində aparılan daha bir dəyişiklik əlilliyi olan şəxslərin müsabiqədə iştirakının təşkilini təkmilləşdirmək məqsədi güdür. Belə ki, I dərəcə gözdən əlilliyi olan namizədlərə builki imtahanlarda fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq. Eşqi Bağırov xüsusi qeyd edib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq.
Test nəticələri 2 il qüvvədə qalmayacaq
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində tətbiq edilən başqa dəyişiklik isə onun nəticələrinin qüvvədə olma müddəti ilə bağlıdır. Belə ki, indiyədək test imtahanının nəticəsi 2 il qüvvədə qalırdı.
Dəyişiklikdən sonra isə müəllimlərin işə qəbulu müsabiqəsinin ötənilki test mərhələsinin nəticələri, sadəcə 2019-2020-ci tədris ilinin sonuna qədər qüvvədə olacaq. Bu müddət ərzində ötən il keçid balı toplayan namizədlərə yeni yaranan vakant yerlər təklif ediləcək. Odur ki, növbəti tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir.
Eşqi Bağırov bu dəyişikliyi isə test imtahanlarından məntiq blokunun çıxarılması ilə izah edib: "Namizədlər artıq, sadəcə ixtisası, təlim strategiyaları və metodikaya aid suallara cavab verəcəklərindən, nəticələrin 2 il qüvvədə qalması uyğun hesab olunmadı və qaydalarda dəyişikliklər aparıldı”.
Vakansiya seçimində məsuliyyət
Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində qeydə alınan dəyişikliklərdən biri vakant yerlərin tutulması ilə bağlıdır. E.Bağırovun sözlərinə görə, müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunacaq: "Bu proses namizədlərin bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək. Nəticədə kadr təminatı daha çevik həyata keçiriləcək və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olması təmin ediləcək”.
Bundan başqa, vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcəklər. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır: "Təcrübə göstərir ki, elektron vakansiya seçimi mərhələsində namizədlər boş yerlərə yiyələnir, müsahibədə iştirak edir və uğurla keçirlər. Yalnız qəbul olunduqları məktəblərdə işə başlamaq məqamı çatanda fikirlərindən geri dönürlər. Bu da tədris prosesinə çox ciddi ziyan vurur, proses pozulur, ümumtəhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatının ödənilməsində çətinlik yaradır. Qeyd olunanları nəzərə alaraq belə bir dəyişikliyə qərar verilib. Bu dəyişikliyin namizədlərin vakant yerləri seçməzdən öncə həmin yerlər, onların yerləşdiyi ərazi ilə tanış olmalarına, daha düşünülmüş qərarlar vermələrinə səbəb olacağı qənaətindəyik”.
Yerləşdirmə ilboyu davam edəcək
Yeri gəlmişkən qeyd edək ki, hazırda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsi başlayıb və bu proses bu gün, yəni martın 6-dək davam edəcək. Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyənlər www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçirlər. E.Bağırovun sözlərinə görə, bu müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər: "2018-ci ildə imtahan verənlərin nəticəsi 2018-2019-cu və 2019-2020-ci tədris illərində qüvvədə idi. Ona görə də bu müsabiqəyə 2018-ci ildə imtahan verən və hazırda işləyən müəllimlər də qatılırlar. Dəyişikliyə əsasən, 2019-cu ildə imtahan verənlərin nəticəsi 2020-2021-ci tədris ilində qüvvədə olmayacaq. Yəni, bu tədris ili ərzində daimi əsaslarla işə qəbul olunmayanlar 2020-ci ilin iyul ayında keçiriləcək imtahanlara qatılmalıdırlar. Bu tədris ilinin sonunadək həm 2018-ci ildə, həm də 2019-cu ildə imtahan verənləri vakant yerlərə yerləşdirə bilərik. Bu proses davamlı həyata keçirilir və demək olar ki, hər həftə kimlərisə yerləşdiririk. Ancaq növbəti ildən bu, mümkün olmayacaq”.
Xatırladaq ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu 4 mərhələdə aparılır. Elektron ərizələrin qəbulundan sonra göstəricilərin qiymətləndirilməsi, daha sonra test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə həyata keçirilir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 20 təlim strategiyaları və metodikaya aid sual təqdim edilir. Bu mərhələdə keçid balını toplayan namizədlər 8 vakant yer seçir. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.
muallim.edu.az