Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
   Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov
Üzeyir Hacıbəylinin yaratdığı məktəbin ən istedadlı tələbəsi olmuş Cahangir Cahangirov son dərəcə istedadlı və zəhmətkeş bir bəstəkar olub 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Cahangir Cahangirovun yaradıcılığında əsas yeri mahnılar tutur. Vətənə, xalqa, millətə, anaya olan məhəbbət onun bəstələrində çox munis və ifadəli şəkildə əks-səda tapdığından musiqi libası biçdiyi misralar daha təsirli səslənir. Üzeyir Hacıbəylidən dərs almış və dahi bəstəkarın yaratdığı məktəbin ən istedadlı tələbəsi olmuş Cahangir Cahangirov çox maraqlı və müxtəlif janrlı musiqi əsərlərinin müəllifidir. Bununla bərabər, Cahangir Cahangirov iki əsəri ilə Azərbaycan musiqi mədəniyyətində əbədi qalmağa layiq bir sənətkar olub. Bunlardan biri böyük Füzuliyə həsr etdiyi "Füzuli kantatası", ikincisi isə İslam Səfərlinin sözlərinə yazdığı "Ana" mahnısıdır.

 


Həmkarlarından fərqli olaraq, Cahangir Cahangirovun musiqisində çox incə, həssas bir ürək döyünür. Ciddi və məsuliyyətli sənətkar olduğundan hər sözə musiqi bəstələməzdi. Bəlkə də buna görədir ki, yazdığı bütün mahnılar şövqlə oxunub və əbədiyaşarlıq tapıb.

 Hələ sovetlər dönəmində Cahangir Cahangirov keçmiş ittifaqın hər yerində məşhur idi. Onun yaradıcılığına rəğbət gətirən xüsusiyyətlər çoxdur. Birinci mühüm cəhət bəstəkarın folklordan bacarıqla istifadə etmək qabiliyyəti və onu çox təbii surətdə müasir həyatın tələblərinə uyğunlaşdırmaq istedadı idi. Bir sıra instrumental havaların, operaların, operettaların, dramatik pyeslərə yazılmış musiqilərin, vokal simfonik əsərlərin, eləcə də kütləvi mahnıların müəllifi olan Cahangir Cahangirov son dərəcə istedadlı və zəhmətkeş bir bəstəkar olub.

O, 1921-ci ilin yayında Bakının Balaxanı kəndində neftçi ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə özfəaliyyət dərnəyinə yazılıb, xorda oxuyub, tarda çalıb. Musiqiyə göstərdiyi maraq onu Bakı Teatr Texnikumunda təhsil almağa gətirib. 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Cahangir Cahangirov ifaçılığın sirlərini Üzeyir Hacıbəylidən öyrənib. O, özünü həmişə xoşbəxt sanırmış ki, müəllimi məhz dahi bəstəkarımız Üzeyir Hacıbəyli olub. Bu böyük şəxsiyyətin təşəbbüsü və bilavasitə rəhbərliyi altında yaradılmış bir çox musiqi kollektivlərində işləmək səadətini də yaşayan Cahangir Cahangirov çox sonralar Üzeyir bəylə keçirdiyi günləri ömrünün ən qiymətli məqamları adlandırıb.

Bəstəkarlığa gedən yolun ilk yaradıcılıq sınaqlarında bir sıra mahnı və xor musiqisi yazan Cahangir Cahangirovun Azərbaycan musiqi mədəniyyətinin görkəmli simaları Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Fikrət Əmirov kimi bəstəkarlarla daim təmasda olması, yaradıcılıq ünsiyyətinə qatılması həyatında dərin izlər salıb.
1947-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Cahangir Cahangirovun bəstələdiyi "Gül camalın" və xor üçün iki vokal əsəri o dövrün musiqisevərləri tərəfindən rəğbətlə qarşılanmışdı. O illərdə müxtəlif bəstəkarlar tərəfindən irihəcmli əsərlərin yaranması bir növ dəbə düşmüşdü. Cahangir Cahangirov da "Arazın o tayında" adlı vokal simfonik əsərini yazmaqla geniş şöhrət qazandı. O dövrün bütün mətbuatı çox aktual səslənən sərbəst qurulmuş, lakin milli kökə bağlı bu simfonik əsərin orijinal xüsusiyyətlərə malik olmasından söz açırdılar. Klassik şairlərin sözlərinə duyumlu musiqilər qoşan Cahangir Cahangirovun ötən əsrin ortalarında bəstələdiyi "Nazənin", "Xəzər", "Vətən qızları", "Bahar mahnısı", "Məhsul mahnısı", "Bahar olsun" və s. geniş şöhrət qazanmışdı. İnstrumental simfonik əsərlər üzərində müvəffəqiyyətlə işləyən bəstəkarın "Bayram süitası" da musiqisevərlərin diqqətini çəkmişdi.

Cahangir Cahangirovun ilk operası "Azad" adlanır. Bu əsər 1957-ci ildə Opera və Balet Teatrında səhnəyə qoyulmuş və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Operanın librettosunu şair Hüseyn Arif yazıb. Bu opera Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povesti əsasında bəstələnib. Bəstəkarın ikinci operası isə 1978-ci ildə tamaşaya qoyulmuş "Xanəndənin taleyi" adlanır. "Təzə gəlin" operettası da 1976-cı ildə bəstələnib.

Azərbaycan bəstəkarının əsərlərinin sorağı dünyanın bir çox konsert salonlarından gəlirdi. Bəstəkarı tez-tez xarici ölkələrə dəvət edir, ondan yerli ansambllarda işləməsini xahiş edirdilər. Təbii ki, olduğu ölkələrdə Azərbaycan mədəniyyəti, musiqisi haqqında geniş məlumat verən Cahangir Cahangirov son anda Vətənə qayıtmağı, burada çalışmağı daha üstün tutardı.

Məlumdur ki, ötən əsrin ortalarında satirik məzmunlu mətnlər əsasında oratoriyaların yaradılması yeni hadisə sayılırdı. Cahangir Cahangirov da Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirlə bağlı oratoriya yazmışdı. Musiqi tədqiqatçıları yazırdılar ki, Cahangir Cahangirovun bu oratoriyası parlaq ifadəli melodiyaya, sədalı xor fakturasına malikdir və cəlbedicidir. Oratoriyada müğamdan, improvizasiyalı xalq mahnısı rənglərindən geniş istifadə edilib.

Cahangir Cahangirovun yaradıcılığında satirik və uşaq mahnı nümunələrinə də rast gəlmək olur. Həmkarları ən çox diqqəti ona yönəldirdilər ki, bu bəstəkarın mahnılarında rəqs təranələri daha güclüdür. Bir çox mahnılarının ahəngində böyük plastiklik, ehtiraslı çırpıntı və incə bir oynaqlıq duyulmaqdadır. Vals janrına da müraciət edən Cahangir Cahangirov yalnız lirik təranələrdə deyil, hətta "Azərbaycan" adlı mahnıda da Vətənin, əməyin, həyatın məzmununu vals sədalarının ritmində tərənnüm edə bilib. Müraciət etdiyi müxtəlif musiqi janrlarında Cahangir Cahangirovun uğur qazanmasının əsas səbəbi onun xalq musiqisinə, eləcə də muğamlara bağlı olması ilə əlaqədardır. Məsələn, müəllifin "Mərdlik nəğməsi" adlı bir mahnısında aşıq havalarının bulaq kimi çağlayan ruhu duyulur. Milli musiqimizin zənginliklərindən bacarıqla istifadə edən bəstəkar öz duyğu və düşüncələrinin ifadəsini orijinal surətdə əks etdirməyə qadir olub.

Cahangir Cahangirovun "Füzuli kantatası" ona çox böyük şöhrət gətirdi. Bəllidir ki, Azərbaycanda ilk kantata 1934-cü ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Bu kantata qədim Şərqin filosof-şairi Firdovsinin 1000 illiyinə həsr olunmuşdu. Sonralar isə - 1938-ci ildə Qara Qarayev Azərbaycanın ikinci kantatasını - "Ürək mahnısı"nı yazır. Üçüncü kantata Cövdət Hacıyev tərəfindən yaradılır. Bu ənənəni Rauf Hacıyev, Niyazi davam etdirirlər. Bu sırada Cahangir Cahangirovun da töhfəsi məzmununa, səslənmə tonuna, emosionallığına, muğamın improvizasiyalı motivlərinə görə fərqləndi. Xüsusilə də Şövkət Ələkbərovanın həzin, məlahətli səsi, xoş avazlı nəfəsi kantatanın dərin hisslər, sevinc və kədər ifadə etmək imkanlarını daha da artırdı. 60 ilə yaxındır  ki, "Füzuli kantatası" dinləyici ürəyini fəth etməkdə, onun hisslərini təlatümə gətirməkdədir.

Mahnıları ilə qəlblərdə özünə əbədi abidə qurmuş Cahangir Cahangirov həmişə yaşamaqdadır. Həmkarları, musiqi tədqiqatçıları, dinləyicilər nə fikirdədir, deyə bilmərəm. Bircə onu bilirəm ki, vaxtilə unudulmaz müğənnimiz Rəşid Behbudovun ifasında eşitdiyimiz "Ana" mahnısı daim bizimlə olan, ruhumuzu dara çəkən, hisslərimizi öz ahəngində əridən, bizi uşaqlığımıza aparan, bir sözlə, ananın qüdrətinə layiq bir şah abidədir. Nə qədər ki, yer üzündə ana adlı varlığın laylasından can alan, həsrətindən üzülən, sevgisindən ucalan insanlar var, bu mahnı da dilimizin əzbəridir:

                              Gozümün nuru, canım ana!
                              Böyütdün sən məni, yana-yana,
                              Saçının ağına, qarasına qurbanam,
                              Könlünün o həzin nəğməsinə qurbanam!

Dünya dağılsa da, bu nəğmə bitib sona yetməz. Çünki ana məhəbbəti heç zaman ürəklərdən çəkilməz. Ananın nəvazişi səadət, yoxluğu dərddir. Sözləri unudulmaz İslam Səfərliyə, musiqisi də Cahangir Cahangirova məxsus olan bu sənət incisi əbədiyaşardır.

Uzun müddət Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş Cahangir Cahangirovun musiqi mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər sağlığında layiqincə qiymətləndirilib. Müxtəlif orden və medallarla təltif edilən bəstəkar Xalq artisti fəxri adına layiq görülüb. Hələ tələbə ikən dövlət mükafatları laureatı idi. 1990-cı ilin martında dünyasını dəyişmiş görkəmli bəstəkarımız həmişə bizimlədir,  mahnıları yurdumuzun sərhədlərini aşmaqdadır.
 
Flora XƏLİLZADƏ,     Əməkdar jurnalist
www.kaspi.az





xtehsil


loading...