Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik
 
 
 
 
 
 
 

 
 
VALIDEYNLƏRLƏ ƏLAQƏNIN YARADILMASINA VƏ MÖHKƏMLƏNDIRILMƏSINƏ RƏHBƏRLIK Valideynin məqsədyönlü pedaqoji hərəkətlərini ailə məişətinin gündəlik obyektiv təsirləri ilə uzlaşdıran tərbiyə formalarından biri ailə tərbiyəsidir. Ailə tərbiyəsi prosesində uşaqların fiziki sağlamlığının əsası qoyulur. Onlarda təbiət, cəmiyyət, ictimai münasibətlər haqqında təsəvvürlər yaranır və s. Ailə tərbiyəsinin ümumi vəzifəsi uşağı mövcud ictimai şəraitdə həyata hazırlamaqdan, konkret vəzifəsi isə ailə şəraitində uşağa onun normal surətdə formalaşması üçün zəruri bilik, bacarıq və vərdişlər aşılamaqdan ibarətdir. Ailə tərbiyəsində məqsəd uşağın hərtərəfli (əqli, mənəvi, əxlaqi, fiziki) inkişafının təməlini qoymaq, onu əməyə, müstəqilliyə alışdırmaqdır. Ailəyə valideyn rəhbərlik edir. Valideyn ailədə uşağa onun anadan olduğu ilk gündən tərbiyəvi təsir göstərir. Həmin tərbiyəvi təsir uşağın məqsədyönlü formalaşması prosesini təşkil edir. Bu prosesdə valideynin uşağa göstərdiyi ehtiram, hörmət, məhəbbət ata-ananın havadarlığını, qayğılarını da özündə birləşdirir, ailə məhəbbətini möhkəmləndirir. Uşağa valideyn məhəbbətini möhkəmləndirir. Uşağa valideyn məhəbbətini heç nə əvəz edə bilməz. Məhz buna görə də ölkəmizdə valideynin rolu dövlət əhəmiyyətli zəruri iş səviyyəsinə qaldırılmışdır; onun mənafeyi qanunvericiliklə mühafizə olunur və mənəvi normalarla tənzim edilir. Qabaqcıl məktəblər ailələrlə canlı əlaqəyə xüsusi diqqət yetirirlər. Onlar valideynlərlə işi qarşılıqlı əlaqə şəraitində və müəyyən sistemlə aparırlar. Valideynlərin ümumməktəb iclaslarından və konfranslarından, sinif valideyn iclaslarından, valideynlərlə fərdi və kollektiv söhbətlərdən istifadəyə xüsusi diqqət yetirir, valideynlər universiteti təşkil edirlər. Belə tədbirlərdə uşaqlarda zəruri mədəni davranış vərdişlərinin tərbiyə edilməsi, təlim əməyinə düzgün münasibətin, kitaba marağın formalaşdırılması kimi məsələlər müzakirə edilir. Ümumtəhsil məktəblərində valideyn universitetləri təşkil olunmuşdur. Universitetlərdə pedaqoji biliklər geniş təbliğ edilir. Məktəblərdə valideynlər üçün açıq qapı günləri keçirilir. Həmin məktəblərin direktorları, pedaqoji kollektivləri, valideyn komitələri çagirdlərin təlim keyfiyyətini yüksəltmək məqsədi ilə ailə və məktəbin qarşılıqlı münasibətlərini yüksək ideya və mənəvi əsasda təşkil edirlər. Valideynlərlə canlı əlaqə məktəblərin çoxcəhətli həyatını daha da zənginləşdirir. Pedaqoji kollektivlər hər bir ailədə hökm sürən mikromühiti yaxından öyrənib işdə nəzərə alırlar. Bunun təlim-tərbiyə işinə böyük təsiri vardır. Valideynlərin müəllim əməyinə ehtiram münasibətləri, müəllimin tövsiyələrinə diqqət yetirmələri həm ailənin, həm də məktəbin tərbiyə imkanlarını gücləndirir. Məktəbin və ailənin məqsədi birdir: şagirdləri bilikli, bacarıqlı, əməksevər gənc vətəndaşlar kimi yetişdirmək. Ayrılıqda nə məktəb, nə də ailə həmin məqsədə nail ola bilər. Ona görə də hər bir ailənin məktəblə əməkdaşlığı, məktəbin də hər bir ailə ilə sıx əlaqəsi məktəb-ailə tərbiyəsini dərk edilən və düzgün qoyulan vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün ən zəruri şərtdir. Məlum olduğu kimi, şagirdlərin valideynlərlə işi, əsasən, məktəbin pedaqoji kollektivi və valideyn komitəsi aparır. Həmin işdə müvəffəqiyyət qazanılması məktəb direktorunun rəhbərlik bacarığından da xeyli asılıdır. Bu baxımdan şagirdlərin valideynləri ilə məktəbin işinə direktorun rəhbərliyi məsələsinin bəzi zəruri cəhətlərinə toxunmaq istəyirik. I. Şagirdlərin valideynləri ilə sinif rəhbərlərinin işinə direktorun rəhbərliyi. şagirdlərin valideynləri ilə daim əlaqə saxlanması sinif rəhbərlərinin əsas işlərindən biridir. Həmin əlaqə şagirdlərin tərbiyəsində məktəb və ailənin birliyini təmin etməyə imkan verir. Sinif rəhbərləri valideynlərlə, əsasən, aşağıdakı əlaqə formalarından istifadə edirlər 1) tərbiyə məsələləri ilə bağlı valideynlərin məktəbə çağırılması; 2) ailələrə gedilməsi; 3) sinif valideyn iclaslarının, valideyn konfranslarının, valideyn universitetlərinin təşkil olunması, ailə tərbiyəsi üzrə təcrübə mübadiləsi məqsədi ilə valideynlərlə görüşlər keçirilməsi; 4) fəal valideynlərin müxtəlif sinifdənxaric tədbirlərin keçirilməsinə (valideyn komitəsinin işində iştirak etməklə) cəlb edilməsi; 5) «çətin» şagirdlərin valideynləri ilə fərdi söhbətlərin keçirilməsi; 6) valideynlərin işlədikləri müəssisələrin ailəyə və məktəbə yardım şuraları ilə canlı və işgüzar əlaqə yaradılması. Bu formalardan ustalıqla istifadə edən sinif rəhbərləri istər təlim-tərbiyənin, istərsə də nizam-intizamın yüksəldilməsində yaxşı nəticələr əldə edirlər. Məktəb direktoru sinif rəhbərlərinə əməli və nəzəri-metodik kömək etməyə borcludur. Direktor bunu, adətən, sədri olduğu sinif rəhbərlərinin metodik birləşmələri vasitəsilə həyata keçirir. O, sinif rəhbərlərinin işinə rəhbərlikdə müxtəlif formalardan istifadə edir. Məsələn, sinif rəhbərlərinin metodbirləşmə iclaslarını təşkil etmək, onların diqqətini valideynlərlə işə aid yeni pedaqoji və metodik ədəbiyyatın öyrənilməsinə yönəltmək, sinif rəhbərləri ilə disputlar, yoldaşlıq müsahibəsi, fərdi söhbətlər keçirmək və s Məktəb direktorunun sinif rəhbərlərinin işinə, rəhbərliyinə aid müsbət təcrübələr çoxdur. Yevlax rayonunun Xaldan qəsəbə kompleks orta məktəbin təcrübəsini buna misal göstərmək olar. Həmin məktəbdə sinif rəhbərlərinin müntəzəm surətdə keçirilən metodbirləşmə iclaslarında müzakirə üçün lazımi məsələlərin seçilməsinə, onların müzakirəsinə hazırlıq görülməsinə direktor xüsusi diqqət yetirir. O, müzakirə olunacaq bu və ya digər məsələyə dair sinif rəhbərlərinə qabaqcadan müvafiq ədəbiyyat tövsiyə edir və onlara başqa məktəblərin qabaqcıl sinif rəhbərlərinin təcrübəsindən istifadə etmək mümkünlüyü haqqında da düşünməyi məsləhət bilir. Belə olanda iclas da səmərəli keçir. Məktəbdə şagirdlərin valideynləri ilə nə kimi işlər aparıldığını öyrənmək üçün sinif rəhbərləri ilə fərdi və kollektiv söhbətlər keçirilir. Həmin söhbətlərdə iştirak edən sinif rəhbərlərinin, xüsusən gənc sinif rəhbərlərinin fəaliyyəti ilə ətraflı tanışlıq işdəki nöqsanların aradan qaldırılması üçün yollar aramağa şərait yaradır. Ümumiyyətlə, təcrübə göstərir ki, fərdi və kollektiv iş formalarından istifadə direktora sinif rəhbərlərinin şagirdlərin valideynləri ilə işinə düzgün və konkret rəhbərlik etmək, bu sahədə müntəzəm nəzarəti həyata keçirmək, habelə qabaqcıl təcrübəni öyrənmək və yaymaq imkanı verir. II. Valideyn komitəsinin işi və ona məktəb direktoru tərəfindən rəhbərlik. Bu sahədə də məktəb rəhbərinin qayğısı çoxdur. Çünki məktəbin valideyn komitəsinə ümumi rəhbərliyini məktəb direktoru həyata keçirir. Direktor valideyn komitəsinin tərkibinə öz uşaqlarını nümunəvi tərbiyələndirən, məktəbə və valideynlərə kömək etməkdə faydalı fəaliyyəti genişləndirməyə qabil olan qabaqcıl istehsalatçı valideynlərin seçilməsinə qayğı göstərilməlidir. Direktor yeni seçilən komitənin üzvlərinə və onun daimi komissiyaları sədrlərinə əməli köməklik göstərib, onların fəaliyyətlərini istiqamətləndirməlidir. O, komitə üzvlərinə və komissiya sədrlərinə valideynlərlə, ictimaiyyətlə, habelə şagirdlərlə aparılacaq işlərin məzmununun, forma və üsullarının müəyyənləşdirilməsində yaxından iştirak etməli, valideyn komitəsinin illik və ya yarımillik iş planının yerinə yetirilməsinə nəzarət edib onların hesabatını dinləməli, komitəyə və onun daimi komissiyalarının işinə təcrübəli müəllimləri cəlb etməlidir. Təcrübəli məktəb direktoru valideyn komitələrinə rəhbərlik işinə məsuliyyətlə yanaşır, öz fikirlərini onlara heç vaxt zorla qəbul etdirmirlər. Əksinə, onlara müstəqillik verir, bütün məsələlərin komitədə fəal və işgüzar müzakirə olunmasına səy göstərir, komitənin yaxşı işini müdafiə edirlər. Bununla da valideyn komitəsinin fəaliyyətini inkişaf etdirməyə nail olurlar. III. Valideynlərin pedaqoji maariflənməsi işinə rəhbərlik. Ölkəmizdə ailə tərbiyəsi mədəniyyəti arasıkəsilmədən yüksəlir. Bu da özünü, hər şeydən əvvəl, yeni nəslin tərbiyəsində göstərir. Ümumiyyətlə, valideynlər uşaqların tərbiyəli, savadlı olmasını arzu edir, namuslu adam, əsl vətəndaş kimi görmək istəyirlər. Lakin bəzi valideynlər lazımi pedaqoji biliklərə yiyələndiklərindən, həyatda düzgün yol tutmadıqlarından, sözü ilə işi düz gəlmədiyindən buna nail ola bilmir, ailə tərbiyəsində müəyyən nöqsanlara yol verirlər. Buna görə də qabaqcıl məktəblərin direktorları valideynlərin pedaqoji maarifinə çox böyük əhəmiyyət verirlər. Onlar bu məqsədlə məktəb lektoriyası (qiraətxanası) və ya valideynlər sırasından daimi mühazirəçilər qrupu yaradır, təcrübəli rəhbərlər ayırırlar. Məktəb lektoriyasının və valideynlər universitetinin iş proqramları valideynlərə ümumməktəb valideynlər iclaslarında bildirilir, bu zaman onların arzu və istəkləri də nəzərə alınır. Direktorlar və məktəblərin pedaqoji şuraları çalışırlar ki, valideynlər üçün oxunacaq mühazirələr yüksək səviyyədə olsun, lazımi pedaqoji hazırlığı olmayan valideynlər ailədə uşaqların tərbiyə edilməsinin üsulları ilə və pedaqoji biliklərlə silahlansın, bununla da məktəb və ailə tərəfindən uşaqlara tərbiyəvi təsirlərin vəhdəti təmin edilsin, valideynlər tərbiyə sənətinə yiyələnsinlər. Valideynlərin pedaqoji maarifinin məzmununu yaxşılaşdırmaq işində sinif rəhbərlərinin metodbirləşmələri mühüm rol oynayır. Bu birləşmələr vasitəsilə bütün sinif rəhbərlərinə tövsiyə etmək olar ki, valideyn iclaslarında görkəmli pedaqoqlardan N. K. Krupskayanın, A. S. Makarenonun pedaqoji irsindən geniş istifadə etsin, şagirdlərin ailə tərbiyəsinin təcrübələrini tərbiyə nəzəriyyəsi ilə əlaqələndirərək valideynlərlə müvafiq mövzular üzrə söhbətlər keçirsinlər. Habelə həmin söhbətlər zamanı ailə tərbiyəsindəki tipik səhvlərin səbəblərini araşdırsın, onların aradan qaldırılması yollarını aydınlaşdırsınlar. IV. ġagirdlərin valideynləri ilə direktorun əlbir işi. Məktəbin direktoru sinif rəhbərlərinin, valideyn komitəsinin, məktəb lektoriyasının, valideynlər universitetinin təşkilatçısı və rəhbəri rolunda da çıxış edir. Məktəbyaşlı uşaqları məktəbə qəbul edərkən onların valideynləri ilə söhbət aparır, ümumməktəb valideyn iclaslarını, konfranslarını təşkil edir və keçirir, onlarda, habelə məktəb lektoriyası və valideynlər universitetində mühazirələr oxuyur. Direktor tez-tez şagirdlərin valideynləri ilə fərdi və kollektiv söhbətlər də edir, onların evlərinə gedir, bu kimi əlaqələri genişləndirir. Şagirdlərin valideynləri ilə direktorun bilavasitə işi məktəbin ailə ilə düzgün qarşılıqlı münasibətinin təşkilinə zəmin yaradır. Bunun şagirdlərin müvəffəqiyyətli təlim-tərbiyəsi üçün əhəmiyyəti çoxdur. V. Direktorun şəxsi nümunəsi də bütün pedaqoji kollektivə, valideyn komitəsinə, valideyn fəallarına müsbət təsir göstərir, məktəbin valideynlərlə işini yaxşı qurmağa kömək edir. Direktorun rəhbərlik etdiyi məktəb vahid tərbiyə cəbhəsini-məktəb-ailə-ictimaiyyət cəbhəsini yaratmalıdır. Həmin cəbhənin göstərdiyi tərbiyəvi təsirin gücü hədsiz dərəcədə böyükdür. Əgər bu güc bacarıqla eyni bir məqsədə yönəldilərsə, onda o, məktəb həyatındakı bütün mənfi halları axıradək aradan qaldırmağa, təlim-tərbiyə işinin səviyyəsini yüksəltməyə qadir olar.



Aztest.info





Reklam yeri:

loading...

xtehsil