UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

 


Uşaq psixologiyası sahəsində edilmiş kəşflərdən biri də odur ki, uşaqlar böyüklərə bənzəmirlər və ya başqa sözlə desək "gündüz gecədən fərqləndiyi kimi onlardan fərqlənirlər”.Uşağın hissiyatı, düşüncəsi, xəyala dalmağı, gülməyi və ya kədərlənməyi böyüklərinkindən fərqlənir. Uşaqlar üçün böyüklərin mücərrəd mühakimələri də əlçatmazdır.
Təəssüflər olsun ki, tez-tez tərbiyəçilər və valideynlər səhvən uşaqları özləri ilə eyniləşdirirlər və düşünürlər ki, onlar üçün maraqlı olanlar çox güman ki, uşaqlar üçün də maraqlı olacaq və ya əkisinə onların xoşlamadıqları, əlbəttə, uşaqların da xoşuna gəlməyəcəkdir. Onların düşündüyünün əksi olaraq, onları güldürən və ya kədərləndirən şeylər uşaqlarda əksinə kədər və ya gülüş yaradır. Zahirən bir-birinə necə də oxşayan, lakin xasiyyətlərinə görə fərqlənən uşaqların və valideynlərin tezliklə genişlənməkdə olan uçurumun əks tərəflərində durduqları aşkar olur.
Uşaq psixoloqları elmi baxımdan əsaslandırılmış metodlardan istifadə etməklə sübut etmişlər ki, düşünmək, təsəvvür etmək, anlamaq və fikir söyləmək qabiliyyətinin uşağın hər bir inkişaf fazasında öz xüsusiyyətləri vardır və hər bir yeni mərəhələyə keçid isə onun düşüncə tərzinə əhəmiyyətli dəyişikliklər gətirir. Məsələn, dörd-beş yaşlı uşaqlar hər bir hərəkət edən obyekti özləri kimi şüurlu hesab edirlər. Onlar Günəşi, Ayı, küləyi, buludu, bir sözlə hərəkət edən hər bir varlığı canlı sayırlar. Onlar Ayın göydə addımladığına, küləyin tarlalar üzərində uçduğuna, çayın öz yatağında yatmağa hazırlaşmasına, Günəşin göyü başdan-başa dolaşmasına əmindirlər.
Böyüklərdə yalnız təbəssüm yaradan şeylərdən uşaqların böyük zövq alması yaxşı məlumdur. Digər tərəfdən böyüklərə olduqca gülünc görünən şeylər uşaqların kədərlənməsinə və hətta ağlamasına səbəb ola bilər. Analar tez-tez adi nağıla uşağın qeyri-adi reaksiyasının şahidi olurlar. Uşağın rəngi ağarır, böyüklərdə heç bir reaksiya yaratmayan nağıldakı təfsilatlar uşaqda ürəyin sürətli döyünməsinə səbəb olur. Ana qızına "Qırmızı papaq” nağılını danışır. Uşaq narahatçılıqla anasının sözünü kəsərək, hadisənin sonunun yaxşılıqla və ya pisliklə qurtaracağını soruşur. Hadisələrin yaxşı sonluqla qurtaracağını yəqinləşdirdikdən sonra dərindən nəfəs alır və nağılı axıra kimi dinləyir.
Uşağın xəyal aləmi və onun dünyaya baxışı böyüklərin dünyagörüşündən və təsəvvüründən kəskin şəkildə fərqlənir. Məsələn, uşaq atın dırnağının taxtadan düzəldildiyinə və iplə atın ayağına bağlandığına sadəlövhcəsinə inandığı halda, bu böyüklərə gülməli görünür.Uşaqlar qanadlı sehirli atın, süpürgəsinə minib uçan küpəgirən qarının, sehrlə özünü daşa, quşa və ya əjdahaya çevirən sehrbazın varlığına inanırlar.
Valideynlər uşaqları yersiz güldüklərinə, ürəkdən gələn hisslərinə görə cəzalandırmağa meyillidirlər. Onlar hirsli-hirsli uşaqlara deyirlər: " Nə üçün yersiz gülürsən?”. Lakin onlar anlamırlar ki, böyüklərə ən adi görünən şeylər, məsələn, arxa ayaqları üstə dayanıb arını tutmağa cəhd edən pişiyin hərəkətləri, qardaşının divara düşmüş kölgəsi və s. uşaqları güldürə bilər. Əksinə uşaq valideynlərinin bu cür əyləncələrə gülməməsinə təəccüblənir və güldüyünə görə onu cəzalandıranda özünü itirir.
Hər bir uşaq yaradıcılıq qabiliyyətinə, fərdi xüsusiyyətlərə malikdir və biz onları özümüzlə necə müqayisə edə, onlar haqqında öz nöqteyi-nəzərimiz əsasında mühakimə yeridə bilərik? Biz həmişə yadda saxlamalıyıq ki, uşaqlar böyüklər dünyasını anlaya bilmədiyi kimi, biz də uşaq olub, uşaq dünyasına qayıda bilmərik.
İlqar Məmmədov .






Reklam yeri:

loading...

xtehsil